Məhkəmə qərarları › İş №2(007)-942/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-942/2024

18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-942/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5485 manat pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 1500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5485 manat pul vəsaitinin və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə 2018-ci ildə tanış olmuş bir müddət sonra cavabdehlər ondan qızıl almaq istədiklərini bildirmişlər. 2018-ci ilin dekabr ayının 30-da Şəbnəm ondan 4 cüt uşaq sırqası, bir ədəd komplekt, iki ədəd qolbaq, üç ədəd üzük 585 əyarlı, ümumi dəyəri 2460 manat dəyərində qızıl əşyalarını hər ay 300-400 manat ödəmək şərti ilə almışdır. Şəbnəm ona götürmüş olduğu qızılların müqabilində 3 ay 200 manat, bir ay isə 100 manat ödəmişdir. 2019-cu ilin iyun ayının 1-də Şəbnəmin həyat yoldaşı Vasif onunla əlaqə saxlayaraq qızıl almaq istədiyini bildirmişdir. O, sonuncuya razılıq verdikdən sonra onun ünvanına gəlmiş və ondan 2 ədəd komplekt, 2 ədəd boyunbağı, bir ədəd qolbaq və bir ədəd qadın üzüyü 583 əyarlı, ümumi dəyəri 4309 manat olan qızılları alaraq ondan həyat yoldaşı və özünün götürmüş olduğu qızılların ümumi dəyərini birlikdə ödəyəcəyini bildirmişdir. O, sonuncudan nə qədər ödəyəcəyini soruşmuş, Vasif ona bildirmişdir ki, hər gün 40-50 manat ödəyəcəkdir. O razılaşmışdır. Vasif qızılları götürüb mənzili tərk etmişdir. Bundan sonra Vasif ona 11 iyun 2019-cu il tarixdə 60 manat, 23 iyun 2019-cu il tarixdə 100 manat, 01 İyul 2019-cu il tarixdə 50 manat, 04 iyul 2019-cu il tarixdə 50 manat, 06 İyul 2019-cu il tarixdə 40 manat, 07 iyul 2019-cu il tarixdə 40 manat, 25 iyul 2019-cu il tarixdə 40 manat, 26 iyul 2019-cu il tarixdə 30 manat, 01 sentyabr 2019cu il tarixdə 25 manat, 02 sentyabr 2019-cu il tarixdə 25 manat, 03 sentyabr 2019-cu il tarixdə 25 manat, 04 sentyabr 2019-cu il tarixdə 25 manat, 21 noyabr 2019-cu il tarixdə 10 manat, 22 noyabr 2019-cu il tarixdə 10 manat, 24 noyabr 2019-cu il tarixdə 10 manat, 14 dekabr 2019-cu il tarixdə 10 manat, 16 dekabr 2019-cu il tarixdə 10 manat, 17 dekabr 2019-cu il tarixdə 10 manat, 21 dekabr 2019-cu il tarixdə 10 manat, 22 dekabr 2019-cu il tarixdə 10 manat, 25 dekabr 2019-cu il tarixdə 10 manat, 25 yanvar 2020-ci il tarixdə 10 manat, 18 fevral 2020-ci il tarixdə 20 manat, 22 fevral 2020-ci il tarixdə 10 manat, 17 iyun 2020-ci il tarixdə 15 manat, 24 avqust 2020-ci il tarixdə 20 manat, 27 avqust 2020-ci il tarixdə 10 manat, 03 sentyabr 2020-ci il tarixdə 30 manat, 19 sentyabr 2020-ci il tarixdə 20 manat pul ödəmişdir. Bundan başqa həmin şəxslər ondan almış olduqları qızılların müqabilində ona heç bir məbləğdə pul ödəməyərək onun zənglərinə cavab verməmişlər. Cavabdehlərin ona 5485 manat borcu qalmışdır. Daha sonra o Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin heç bir nəticə əldə olunmamışdır. Əlavə olaraq cavabdehlerin yaşayış yerinə pretenziya (etiraz) göndərsə də, etiraz cavabsız qalmışdır. Cavabdehlerin bu hərəkətləri ona maddi və mənəvi ziyan vurmuşdur. Eyni zamanda bu vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sistemimin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 1500 (min beş yüz ) manat dəyərləndirmişdir.

İş materialları :

4. İddiaçı Yahya qızı tərəfindən xx.xx.2023-cü il tarixli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, məktubda qızıl-zinət əşyalarının nisyə satışı ilə əlaqədar qalıq 5485 manat borc 10 gün ərzinədə ödənilməlidiyi halda pul tələbi və ona dəymiş külli miqdarda mənəvi zərər ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

5. İş materiallarına watsap yazışmaları ilə əlaqədar olan fotoşəkillər əlavə edilmişdir.

6. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Şirxan Allahverdiyev tərəfindən qəbul edilmiş 18 aprel 2021-ci tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında olan mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 90 manat dövlət rüsumu ödənilmişdir.

8. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən ərizəyə əsasən müəyyəın olunur ki, cavabdeh 5485 manat məbləğində pul tələbini qəbul etmişdir.

9. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən ərizəyə əsasən müəyyəın olunur ki, cavabdeh 5485 manat məbləğində pul tələbini qəbul etmişdir.

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddia tələbində qeyd edilən 5485 manat məbləğində pul tələbini qəbul etməkləri barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdirlər.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

İşin faktiki halı :

14. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında şifahi qızıl-zinət əşyalarının nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 İddiaçı 5485 manat borcu olması işin mübahisəsiz halıdır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.

20. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X2 arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

22. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı nisyə qızıl-zinət əşyaları aldığını və 20 min manat borcu oluğunu etiraf etmişdir. O cümlədən, iş materiallarında olan cavabdeh tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 18 aprel 2021-ci tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qızıl-zinət əşyaları aldıqlarını və aralarında borc olmasını polis idarəsində bildirmişlər.

23. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsi təşkil edir.

24. Həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldıqları qızıl-zinət əşyalarının dəyərini ödəməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehin etiraf etməsi ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır.

26. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdehlər tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

27. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.

28. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdehlər tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

29. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri :

30. İddiaçı ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh X1 tutulması tələbini irəli sürmüşdür.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 90 manat dövlət rüsumu ödənilmişdir.

32. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5485 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti tutulmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5485 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar