Məhkəmə qərarları › İş №2(007)-971/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-971/2022

12.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-971/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakılar ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 18.11.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə Cavabdeh nağd qaydada verdiyi 20100 manat (iyirmi min yüz manat), həmin vəsaiti vaxtında qaytarmamasına görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1005 manat, vəkilin göstərdiyi yardıma görə ödədiyi 110 manat və dövlət rüsmu kimi ödədiyi 155 manat, olmaqla ümumilikdə 21370 (iyirmi bir min üç yüz yetmiş) manat vəsaitin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailələrinə torpaq alıb ev tikmək istəyirdi. Bununla əlaqədar olaraq, oğlu X1 2020-ci ilin noyabr ayında ona bildirdi ki, internetdə Cavabdeh adlı şəxs elan vermişdir ki, istəyən üçün torpaq alır, ev tikdirir. O, oğlu ilə birlikdə Cavabdeh internetdə göstərdiyi ünvan 1 ünvanda cavabdehin ofisi var idi. Onlar Cavabdeh bildirdilər ki, 2 sot sahəsi olan torpaq alıb 100 kv.metr sahəsi olan ev tikdirmək istəyirlər. Cavabdeh onlara bildirdi ki, onlar üçün Zabrat qəsəbəsində 2 sot sahəsi olan torpaq sahəsi alıb 100 kv.metr sahəsi olan evi 45000 (qırx beş min) manata tikdirə bilər. Həmçinin, torpaq sahəsinin rəsmiləşdirilməsini də özü aparacaqdır. Bir neçə gündən sonra oğlu ilə birlikdə Cavabdeh ofisinə getdilər. Orada o, 18.11.2020-ci il tarixdə Cavabdeh ilə “Tikinti podrat" müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ilkin avans olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini nağd qaydada Cavabdeh təqdim etmişdir. Yerdə qalan 25000 manat məbləğində pul vəsaitini 40 aya, ayda 625 manat məbləğində olmaqla cavabdehə verməli idi. Müqaviləyə əsasən cavabdeh 6 ay müddətində işləri təhvil verəcəkdir. Bir neçə gündən sonra Səfərəli onlara bildirdi ki, Zabrat qəsəbəsindən satılan torpaq sahəsi tapmışdır. Onları aparıb torpaq sahəsini göstərdi. Onlar da həmin torpaq sahəsini bəyəndilər. Səfərəli bildirdi ki, torpaq sahəsinin rəsmiləşdirilnəsini qurtarıb onlara məlumat verəcək, təmir-tikinti işlərini aparacaqdır. Ona görə də onlardan 18.11.2020-ci il tarixli qəbzlə 1500 manat, 27.12.2020-ci il tarixli qəbzlə 600 manat pul vəsaiti almışdır. Bir müddət sonra həmin torpaq sahəsinə getmişlər. Torpaq sahəsində tikinti işləri aparılırdı. Həmin vaxt onlara məlum oldu ki, torpaq sahəsi başqa şəxsə məxsusdur. Onlar Səfərəlinin mobil telefonuna zəng etmişlər. Onlara bildirdi ki, həmin torpaq sahəsini ala bilməmişdir. Onlara başqa yerdə torpaq alacaqdır. Bir müddət sonra cavabdeh işlədiyi ofisinin ünvanından köçmüşdür. Onların mobil telefonlarına cavab vermirdi. 2021-ci ilin avqust ayında cavabdehin yeni ofis ünvanını tapmışlar. O, Bakı şəhəri, Yasamal rayonu, Lider TV yaxınlığında binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Onlara yenə də bildirdi ki, onlar üçün torpaq sahəsi alacaqdır. Bu günə qədər cavabdeh ondan aldığı 22100 manat məbləğində puldan 2000 manat məbləğində pul vəsaitini qaytarmış, 20100 manat pul vəsaiti qaytarmamış və ya torpaq sahəsi almamışdır. O, aldatma və etibarından sui-istifadə halına görə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə adiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə göndərilmişdir. Həmin bölmədə “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar qəbul edilmiş, qərara əsasən iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək izah edilmişdir. Həmçinin bildirir ki, məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə şifahi qaydada, sonradan isə yazılı pretenziya məktubu verməklə cavabdehdən müqavilə öhdəliklərinə əməl edilməsi tələb edilmiş, lakin sonuncu tərəfindən hər dəfə yalançı vədlər verilməklə öhdəliklərinin icrasından boyun qaçırılmışdır. Onun tərəfindən müqavilə öhdəliklərdən yaranan mübahisələrə dair işlər üzrə pretenziya qaydasına əməl edərək, pretenziya məktubu ilə ödənilən vəsaitin geri qaytarılması barədə cavabdehə müraciət edilmiş, pulun 5 gün ərzində qaytarılması xahiş edilmiş, qaytarılmadığı təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi ilə xəbərdar edilmişdir. Bundan sonra da o, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, müqavilə 18.11.2020-ci ildə bağlanılmış, həmin vaxtdan 6 ay ərzində cavabdeh tərəfindən torpaq sahəsi alınaraq evin tikilərək onlara təhvil verilməsi nəzərdə tutulsa da, cavabdeh həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq aralarında bağlanılmış müqavilənin şərtələrinə əməl etməmiş, şərtləşdirilmiş yerdə torpaq alaraq tikinti işlərinə başlamamışdır. Bununla da onun tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Onun tərəfindən nəinki, müqavilə öhdəlikləri pozmuş hətta uzun müddətdir ki, ev tikdirmək, özlərinə aid evə malik olmaq ümüdlərindən onları məhrum etmişdir. 2020-ci ilin iyun ayının əvvəlindən onlar müqavilə üzrə şərtləşdirilmiş evlərinə köçməli olduqları halda cavabdehin səhlənkarlığı və təqsiri ucbatından həmin vaxtdan hazırki vaxtadək kirayə qalmağa məcbur olmuşlar. Müqavilə üzrə ödənilmiş 20000 manatı cavabdeh onlara vaxtında qaytarmış olsaydı, həmin vaxtında başqa yerə ilkin ödəniş edərək hissə-hissə ev ala bilərdi, adi qaydada həmin vəsaiti depozit hesaba qoyub faiz gəliri əldə edə bilərdi. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 18.11 2020-ci il tarixli tikinti podrat müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh nağd qaydada verdiyi 20100 manat (iyirmi min yüz manat), həmin vəsaiti vaxtında qaytarmamasına görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1005 manat, vəkilin göstərdiyi yardıma görə ödədiyi 110 manat və dövlət rüsmu kimi ödədiyi 155 manat, olmaqla ümumilikdə 21370 (iyirmi bir min üç yüz yetmiş) manat vəsaiti alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cavabdeh (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli podrat müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, podratçı təmir-tikinti işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Podartçı qarşılıqlı razılaşmaya əsasən sifarişçinin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetiriləcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə müəyyən olunmuş müddətə işləri keyfiyyətli yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə müqavilədə göstərilən məbləği podratçıya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır, işlərin təhvil verilməsi 6 ay ərzində həyata keçirilir. 100 kv.metdr olan fərdi yaşayış evinin tam tikintisinə görə sifarişçi tərəfindən podratçıya 45000 manat 40 ay müddətində hər ay 625 manat olmaqla ödəniləcəkdir. 1-ci mərhələdə 20000 manat ödənilir; - Cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş (VÖEN **********) GİG/5 Seriyalı 058747 nömrəli mədaxil qəbzindən görünür ki, 100 kv.m sahədə tikinti-təmir işləri üçün 18 noyabr 2020-ci il tarixdə 1500 manat pul ödənilmişdir; - Cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş (VÖEN **********) GİG/5 Seriyalı 058751 nömrəli mədaxil qəbzindən görünür ki, 100 kv.m sahədə tikinti-təmir işləri üçün 27 dekabr 2020-ci il tarixdə 600 manat pul ödənilmişdir; - Cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş (VÖEN **********) GİG/5 Seriyalı 058766 nömrəli mədaxil qəbzindən görünür ki, 17 avqust 2021-ci il tarixdə 20000 manat pul ödənilmişdir; - 22.11.2021-ci il tarixdə poçt vasitəsi ilə İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziyadan görünür ki, 18 noyabr 2020-ci il tarixli podrat müqaviləsinə əsasən ondan aldığı 20100 manat pulu, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün, geri ödəməsini təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; - 25.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 155 manat dövlət rüsumu ödənilmişdir; - 05.01.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 110 manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı (Sifarişçi) ilə Cavabdeh (Podratçı) arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı ümumi sahəsi 100 kv.m olan evinin tam tikintisini öhdəsinə götürmüş, hər iki tərəf yerinə yetiriləcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə müəyyən olunmuş müddətə işləri keyfiyyətli yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə müqavilədə göstərilən məbləği podratçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər həmin müqavilə ilə razılaşdırmışlar ki, podratçının sifarişçi tərəfindən verilmiş işi vaxtında və keyfiyyətli təhvil vermək öhdəliyi vardır, ümumi sahəsi 100 kv.m olan evinin tam tikintisinə görə sifarişçi tərəfindən podratçıya 45000 manat 40 ay müddətində ödəniləcəkdir, birinci mərhələdə 20000 manat ödənilir, müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və tikinti 6 ay ərzində başa çatmalıdır. Sifarişçi 18 noyabr 2020-ci il tarixdə 1500 manat, 27 dekabr 2020-ci il tarixdə 600 manat, 17 avqust 2021-ci il tarixdə 20000 manat olmaqla, cəmi 22100 manat pulu podratçıya ödəmiş, podratçı bununla bağlı mədaxil qəbzləri vermişdir. Podartçı sifarişi yerinə yetirməyə başlamamış, sifarişçinin xəbərdarlıqlarına baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirməmiş, habelə sifarişi yerinə yetirmək üçün aldığı pul vəsaitini tam şəkildə geri qaytarmamışdır. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı (Sifarişçi) ilə Cavabdeh (Podratçı) arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 18 noyabr 2020-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla müvafiq öhdəliklər götürmüşlər. Məhkəmə hesab edir ki, qeyd edilən şəraitdə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur, iddiaçı-sifarişçi cavabdeh-podratçı ilə şifahi razılıq əldə edərək razılaşmada nəzərdə tutulmuş işi icra etməyi podratçıya sifarış verməklə podratçıya razılaşdırılmış muzd ödəməyi, podratçı isə nəzərdə tutulmuş işi icra etməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur; 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Hazırkı halda müəyyən edildi ki, iddiaçı-sifarişçi İddiaçı təmir-tikinti işləri həyata keçirən cavabdeh-podratçı Cavabdeh ilə şifahi razılıq əsasında cavabdehin özünün tapacağı torpaq sahəsində 6 ay müddətində fərdi yaşayış evinin tikilərək ona təhvil verilməsini sifarış etmiş, razılaşdırılmış məbləğin 22100 manat məbləğində hissəsini cavabdeh-podratçıya ödəmişdir. Cavabdeh-podratçı razılaşmada nəzərdə tutulmuş işi icra etməyi öhdəsinə götürmüş və mədaxil qəbzləri əsasında cəmi 22100 manat pulu qəbul etmişdir. Lakin podratçı sifariş verilmiş işi yerinə yetirməmiş, sifarişçi yerinə yetirilməmiş işin haqqını tələb etsə də, cavabdeh edilmiş ödənişlərdən 2000 manat qaytarmış, işin haqqı cavabdeh tərəfindən iddiaçıya tam ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya 20100 manat ödənilməmiş borcu vardır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, yerinə yetirilməmiş işin haqqı podratçı tərəfindən sifarişçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Yuxarıda göstərilənlərlə müəyyən olundu ki, cavabdeh tərəf 18 noyabr 2020-ci il tarixli müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur, ona görə iddiaçının tələbi ilə həmin müqavilənin ləğvi üçün əsaslar vardır, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş vəsaitin vaxtında qaytarmamasına görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1005 manat vəsaitin alınıb ona verilməsi” hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ödədiyi 20100 manat pul vəsaitindən istər cavabdehin hansı formada faydalanmasını təsdiq edən sübutlarını, istərsə də həmin pul vəsaitini cavabdehə ödəmədiyi təqdirdə özünün həmin vəsaitdən hansısa formada faydalana biləcəyinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən artıq ödədəyi pulu bank uçot dərəcəsini əsas götürməklə ödənilməsi barədə xahişinin əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 155 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin iddiaçı məhkəmədə təmsil olunması üçün vəkillə müqavilə bağlamış və mədaxil qəbzinə əsasən 110 manat pul ödəməli olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, vəkilin göstərdiyi yardıma görə iddiaçının ödədiyi 110 manat pul və iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 155 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, 20100 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat məbləğində pulun və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. 20100 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat məbləğində pulun və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar