Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-981/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən son haqq-hesaba görə 1179.55 manat (bir min yüz yetmiş doqquz manat 55 qəpik) məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən o, İddiaçı 08.12.2014-cü ildən 26.12.2019-cu ilədək Cavabdeh MMC-də əczaçı vəzifəsində işləmişdir. Onun əmək müqaviləsi işəgötürənin 3040/K nömrəli, 26 dekabr 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən ləğv edilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən işdən çıxdığı gün bütün ödənişlər nəzərə alınmaqla son haqq-besabı ona ödənilməli olduğu halda bu günədək son haqq-hesab cavabdeh tərəfindən ona ödənilməmişdir. "E-Sosial" - elektron hökumət portalında fərdi şəxsi hesabdan əldə etdiyi məlumata əsasən işlədiyi illər ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə son haqqhesabının məbləği 1179.55 AZN (bir min yüz yetmiş doqquz manat 55 qəpik) təşkil edir. Lakin qeyd olunan məbləğ heç bir qanuni əsas olmadan bu günə qədər ona ödənilməmişdir. Tərəfindən son haqq-hesabının ödənilməsi ilə bağlı cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı 08.12.2014-cü il tarixdən 26.12.2019-cu ilədək Cavabdeh MMC-nin Təbriz küçəsində yerləşən əvvəlki nömrələr üzrə 97 nömrəli aptekində işləmiş, öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tutduğu vəzifədən azad olunmuşdur. Qanuna müvafiq olaraq bununla bağlı əmr verilmiş, iddiaçının əmək kitabçası son haqq-hesabı ona təqdim edilmişdir. Bundan bir qədər sonra qeyd olunan aptek bağlanmış, onun əməkdaşları digər müəssisələrə keçmişlər. İşdən çıxdığı 26.12.2019-cu ildən məhkəməyə müraciət etdiyi 01 dekabr 2020-ci il tarixədək bir ilə qədər vaxt keçmişdir. Həmçinin iddia müddətini də ötürmüşdür. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 3040/K nömrəli, 26 dekabr 2019-cu il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən xitam verilmişdir. - Cavabdeh MMC-nin 08 dekabr 2014-cü il tarixli, 53 nömrəli əmrin surətindən görünür ki, İddiaçı həmin tarixdən əczaçı vəzifəsinə təyin edimişdir. - Cavabdeh MMC-nin 26 dekabr 2019-cu il tarixli 3040/k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - 15 mart 2021-ci il tarixli sorğu məlumatlarından görünür ki, İddiaçı ödəniləsi məbləğ 1069.69 manat təşkil edir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir. Məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi qanunverici işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 il ərzində müddət müəyyən etmişdir. Hazırki halda İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr 26 dekabr 2019-cu il tarixdə verilmiş, İddiaçı isə pul tələbinə dair iddia ərizəsi ilə 07 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda qeyd olunan maddi normaların məzmunundan görünür ki, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Cavanbdeh Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı son haqq hesab verilmişdir. Sübut etmək yükü təkzib edənin üzərinə düşmüş Cavabdeh MMC-nin nümayəndəsi bununla bağlı məhkəməyə heç bir sübut növü təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan 15 mart 2021-ci il tarixli sorğu məlumatlarından görünür ki, İddiaçı ödəniləsi məbləğ 1069.69 manat təşkil edir. Belə olan halda məhkəmə hesa edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən X1 xeyrinə 1069,69 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-dən 30 (otuz) manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qimən təmin edilsin. CavabdehMMC-dən X1 xeyrinə 1069,69 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 30 (otuz) manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-981/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-981/2021
18.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver