Məhkəmə qərarları › İş №2(007)-983/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-983/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-983/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fazil oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fazil oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Fazil oğlu arasında 17 avqust 2020-ci ildə Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmamış 16 sentyabr 2020-ci il təvəllüdlü X4 onun himayəsində qalması, Cavabdeh 16 sentyabr 2020ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, Cavabdeh 16 sentyabr 2020ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün 60 (altmış) manat sabit pul məbləğdə aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 1175 nömrə ilə akt qeydləri kitabında qeydə alınmışdır. Birgə nikahdan 16 sentyabr 2020-ei il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Lakin cavabdeh tərəfindən bu günədək övladları X2 üçün heç bir maddi köməklik göstərməmişdir. Maddi vəziyyəti çox ağırdır, uşağın saxlanmasında çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün pul verməkdən imtina edərək, ona maddi cəhddən kömək etmir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edir. 15 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, iş təxirə salınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmə tərəfindən verilmiş 3 ay müddət ərzində cavabdehlə barışıq olmamışdır. Hazırda aptekdə işləyir. 400 manat əmək haqqı alır. Cavabdeh isə uşağa baxmaqda ona köməklik etmir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 399427 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Fazil oğlu ilə İddiaçı 17 avqust 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xİdmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1175 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir; - AZ-İV 511208 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 16 sentyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh Fazil oğlu, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Fazil oğlu ilə İddiaçı 17 avqust 2020-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 16 sentyabr 2020-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində tərəflər barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflərdən biri olan arvad nikahın pozulmasında təkidli olduğundan, iddia həmin hissədə təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah pozulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş 16 sentyabr 2020-ci il təvəllüdlü X3 yanında qalması məsələsini müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, həmin uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğu nəzərə alınmalı, uşaq ananın yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, nəzərə alaraq hesab edir ki, alimentin məbləği 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, ayrı yaşadıqları müddətdə Cavabdeh Fazil oğlu İddiaçı maddi cəhətdən köməklik göstərməmişdir. Halbuki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş X4 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, X4 üç yaşına çatanadək 60 manat aliment tutulması ilə bağlı iddia tələbi həmin təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 07 dekabr 2020-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qimən təmin edilməli, Cavabdeh Fazil oğlu ilə İddiaçı arasında 17 avqust 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xİdmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 1175 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra 16 sentyabr 2020-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh Fazil oğlundan 07 dekabr 2020-ci il tarixdən başlayaraq, 16 sentyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat sabit pul məbləğində və 16 sentyabr 2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 60 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğundan iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə aid köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Fazil oğlu ilə İddiaçı arasında 17 avqust 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xİdmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanılmış və 1175 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 16 sentyabr 2020-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh Fazil oğlundan, 16 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün, 07 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment və eyni zamanda 16 sentyabr 2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək ona qulluğa görə hər ay 60 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Fazil oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar