Məhkəmə qərarları › İş №2(007)-998/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-998/2021

31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-998/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tutulmuş alimentin əlli faizinin uşaqların hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tutulmuş alimentin əlli faizinin uşaqların hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları olan 2014-cü il təvəlüdlü X5 və 2016-cı il təvəllüdlü X2 üçün tutulmuş alimentin yəni min dörd yüz manat pulun əlli faizini övladlarının hesabına keçirilməsi barədə qərar qəbul edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı nikahın pozulması və iki uşağın saxlanması üçün aliment tələbi ilə iddia qaldırmışdır. Məhkəmə hər ay ayliq qazancının 1/3 hissısi miqdarında (yeni min dörd yüz manat) alimentin tutulub cavabdehə verilməsi barədə 2(007)-929/2020 nömrəli, 27.02.2020-ci il tarixli qərar qəbul edərək qətnamə çıxarmışdır. Lakin bu pullar onun övladlarından ötrü xərclənmədiyinə dəqiqliyinə əmindir. Ona görə də həmin pulun əlli faizini övladları üçün hesab açılıb onların hesablarına köçürülməsi barədə qərar çıxartmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, alimentdən alınan pulların iddiaçı tərəfindən başqa xərclərinə istifadə olunduğuna əmindir. Aliment pulunun hara xərcləndiyini sübut edə bilmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, X14 adlı məktəbə getməsini iddiaçı özü istəmişdir. Uşaq artıq o məktəbə öyrəşmiş və onun oradan çıxarılması uşağa pis təsir edəcək. Uşaqların tək xərci təhsil deyil. Məktəbin illik xərci 7000 manatdır. İddia tələbi tam əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı iddia edir ki, aliment pulu cavabdeh tərəfindən başqa məqsədlər üçün xərclənir, lakin buna dair sübut təqdim edə bilmir. Uşaq kifayət qədər bahalı məktəbdə təhsil alır və xərcləri da çoxdur. Uşaqın xərcləri tək təhsili ilə bitmir. Ona görə də hesab edir ki, iddia tələbi tam əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 mart 2020 il tаriхdə vеrilmiş AZ-T № 018266 saylı nikah haqqında şəhаdətnаməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 23 oktyabr 2010-cu il tаriхdə İddiaçı ilə Cavabdeh аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 oktyabr 2010-cu tarixdə 1383 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mursaquliyev, arvada Məmmədova soyadı verilmişdir. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 13 iyun 2020-ci il tаriхdə vеrilmiş AZ-T № 106720 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 09 iyun 2014-cü il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 iyun 2014-cü il tarixdə 3566 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 mart 2020-ci il tаriхdə vеrilmiş AZ-T № 126103 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 07 noyabr 2016-cı il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 noyabr 2016-cı il tarixdə 4016 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. - Bir tərəfdən “xxxx” Ü.T.M MMC, Sifarişçi 1FS sinif şagirdi X3 valideyni Cavabdeh və digər tərəfdən icraçı X8 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli Məktəbli daşıma xidmətlərinin göstərilməsi haqqında servis haqqında müqavilədən görünür ki, sifarişçi məktəbli daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış qaydada “məktəbli daşıma” xidmətləri göstərməyə öz öhdəsinə götürür. - “xxxx” Ümumi Təhsil Müəssisəsi MMC Təhsil müəssisəsi, valideyn Cavabdeh Nazim qızı və tələbə X6 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli 1573 saylı Təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, Təhsil müəssisəsi 1-ci sinif, rus bölməsi proqramını tədris etməyi, valideyn isə təhsil proqramının tədris olunması üşün 10 sentyabr 2020-ci ildən 25 iyun 2021-ci ilədək olan dövrü əhatə edən 2020-2021-ci tədris ili üçün 5600 manat təhsil haqqını təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürür. - 05.08.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X5 tərəfindən 250 manat ödəniş edilmişdir. - 11.08.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, X3 təhsili ilə bağlı “xxxx”a 601 manat ödəniş edilmişdir. - 04.09.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, X3 təhsili ilə bağlı “xxxx”a 2002 manat ödəniş edilmişdir. - 11.08.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, X3 təhsili ilə bağlı “xxxx”a 3003 manat ödəniş edilmişdir. - “xxxx” MMC-nin 17.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.11.2016-cı il tarixindən "xxxx" MMC-nin Radio giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə bölmə rəhbəri vəzifəsində işləyir və onun aylıq əmək haqqı vergilər daxil olmaqla 4972,03 AZN (dörd min doqquz yüz yetmiş iki manat, 03) təşkil edir. Hazırkı arayış əsasında "xxxx MMC" şirkəti İddiaçı adından, onun xeyrinə və ya ona münasibətdə hər hansı məsuliyyət və ya öhdəlik qəbul etmir, o cümlədən onun xeyrinə maliyyə və ya digər zəmanət vermir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-280/2020 saylı 19.11.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qərardadında “09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilsin” ifadəsi “09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdehin hər ay qazancının və eyni zamanda başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilsin” ifadəsi kimi izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 23.10.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahlarından 09.06.2014-cü il təvəllüdlü X5 və 07.11.2016-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-929/2020 saylı 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 23.10.2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanılmış və 1383 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş 09.06.2014-cü il təvəllüdlü X5 və 07.11.2016-cı il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılması, İddiaçı 09 iyun 2014-cü il təvəllüdlü X5 və 07 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 21 yanvar 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmilmişdir. Məhkəmənin 19.11.2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qərardadında “09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilsin” ifadəsi “09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdehin hər ay qazancının və eyni zamanda başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilsin” ifadəsi kimi izah edilməsi qərara alınmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü il təvəlüdlü X5 və 2016-cı il təvəllüdlü X2 üçün tutulmuş alimentin yəni min dörd yüz manat pulun əlli faizini övladlarının hesabına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.3-cü bəndi ilə məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2(011)-3662/2018 saylı qətnaməsi ilə iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-929/2020 saylı 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 09 iyun 2014-cü il təvəllüdlü X5 və 07 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 21 yanvar 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda isə iddiaçı uşaqların saxlanması üçün ödədiyi alimentin cavabdeh tərəfindən uşaqların saxlanması üçün xərclənmədiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə cavabdeh tərəfindən uşaqlarının təhsil, geyim yol nəqliyyat xərcləri ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. İddiaçı ödədiyi alimentin yarısının uşaqların hesabına köçürülməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, bu hal uşaqların tərəflərin birgə yaşadıqları dövrdə və hazırda olan maddi təminatının aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, İddiaçı tərəfindən 09 iyun 2014-cü il təvəllüdlü X5 və 07 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödədiyi alimentin cavabdeh tərəfindən uşaqların ehtiyacları üçü deyil, digər məsrəflərə xərclənməsinə, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “2014-cü il təvəlüdlü X5 və 2016-cı il təvəllüdlü X2 üçün tutulmuş alimentin, yəni min dörd yüz manat pulun əlli faizini övladlarının hesabına keçirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “2014-cü il təvəlüdlü X5 və 2016-cı il təvəllüdlü X2 üçün tutulmuş alimentin, yəni min dörd yüz manat pulun əlli faizini övladlarının hesabına keçirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar