Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1019/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 10.10.2017-ci il təvəllüdlü X1 üçün cavabdehin xeyrinə tutulmalı olan alimentin miqdarının azaldılaraq sabit pul məbləğində yəni, 175 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 10.10.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduqdan sonra münasibətləri bir müddət normal olsa da, sonradan aralarında olan münasibətlər pisləşmiş və hal-hazırda ayrı yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə nikahlarının pozulması və ondan uşağının saxlanması üçün hər ay 154 manat aliment, eyni zamanda uşağın üç yaşına çatanadək saxlanması üçün hər ay ananın xeyrinə 50 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə aylıq gəlirimin ¼ hissəsi miqdarında 10.10.2017-ci il təvəllüdlü X1 üçün aliment tutulmuş və hal-hazırda icra edilməkdədir. Belə ki, o, yenidən nikaha daxil olmuş və həmin nikahdan yetkinlik yaşına çatmayan 07.07.2020-ci il təvəllüdlü X7 və 13.10.2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Əmək haqqında tutulmaların aparılması onun yeni nikahından olan uşaqlarını saxlamaqda çətinliklər yaradır. Əlavə olaraq hər ay ödənilən 410 manat kredit borcu, kommunal xərcləri, nəqliyyat xərcləri və ailəni təmin etmək üçün qida ve qida xərclərinin olduğunu qeyd etmək istəyirəm.X17 göz qişasında problem olduğunu və hər ay az olmayan miqdarda əmək haqqının bir hissəsinin onun müalicəsi üçün istifadə olunduğunu nəzərə çatdırmaq istəyir. Hesab edir ki, bu və ya digər təqdirə layiq halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulması məqsədə uyğundur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni zamanda bildirdi ki, onun hal-hazırda rəsmi iş yerinin və rəsmi gəlirinin olmasına baxmayaraq onun aylıq gəlirindən tutulan alimentin miqdarı çox olduğundan aliment dəyişdirilərək sabit pul məbləği ilə əvəzlənməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X11 iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli 2(006)-4023/2021 saylı icra vərəqəsindən görünür ki, 10 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(006)-2565/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. 5 saylı Bakı “ ASAN Xidmət” X5 AZ-İV nömrəli, 477499 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, 07 iyul 2020-ci il tarixdə X9 doğulmuşdur. Atası İddiaçı, anası isə X10r. 5 saylı Bakı “ ASAN Xidmət” X5 AZ-İV seriyalı, 659448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 oktyabr 2021-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası isə X10r. İddiaçı ilə ExspressBank ASC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, iddiaçı bankdan 24.12.2020-ci il tarixdə 30 ay müddətinə 17.5 faiz dərəcəsi ilə 9900 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Həmçinin qeyd olunmalıdır ki, sabit pul məbləğində alimentin təyin olunması qanunvericiliyin tələbinə görə o halda tətbiq edilir ki, alment ödəyən valideyinin qazancı və yaxud sabit gəlirləri olmasın. Hazırki mülkin işdə iddiaçını izahatı ilə müəyyən edilir ki, iddiaçının hal-hazırda rəsmi iş yeri və rəsmi gəliri olduğundan tutulan alimentin məbləği dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmazdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1019/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1019/2022
09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver