Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1036/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalmaları və aliment” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-cı il tarixdə 22 nömrəli qeyd ilə Beyləqan rayon Bünyadlı KİN Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olub ailə qurmuşdur. Bu evlilikdən xx.xx.2015-ci il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X5 doğulmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müracətinin səbəbi cavabdehin içki aludəçisi olması və onu uşaqların gözü önündə döyməsidir. Bu səbəbdən cavabdehlə birgə yaşamaları mümkün deyildir. Artıq bir ildən çox müddətdir ki, uşaqları ilə birlikdə ata-anasının yanında, Bakı şəhəri Sabunçu rayonu Daş Karxanası ünvanında yaşayır. Cavabdeh ailəsi ilə maraqlanmır, ona və övladlarına maddi və mənəvi köməklik etmir. Cavabdeh tərəfindən bu müddətdə bir dəfə də olsun uşaqların saxlanılması üçün xərc çəkilməmiş və uşaqların nə yeyib, nə içdiyindən xəbəri olmamışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2015-cı il tarixdə Beyləqan rayon Bünyadlı KİN Qeydiyyat şöbəsində 22 nömrəli qeydlə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun yanında və himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razıdır. Lakin nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqların onun himayəsinə verilməsini xahiş edir. Uşaqlar onun himayəsində qalarlarsa, iddiaçıya qarşı aliment tələbi olmayacaqdır. Qeyd olunanlara əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh izahatındakı xüsusatları təsdiq edərək, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında xx.xx.2015-ci il təvəllüdlü X2 rəyi dinlənilərkən Mahirə atasından qorxduğunu, qardaşı ilə birgə anasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 054615 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2015-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd ərazi nümayəndəliyində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan arvad Mustafazadə soyadını qəbul etmişdir. - AZ-T seriyalı 203271 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X4 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - AZ-T seriyalı 203272 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X5 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/2-01446 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcləri ödəmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də usta vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, komissiya tərəfindən İddiaçı yaşadığı ünvana baxış keçirilmiş, mənzil-məişət vəziyyəti yoxlanılmış və müvafiq akt tərtib edilmişdir. Komissiya tərəfindən Beyləqan RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanan məktuba cavab olaraq vətəndaş Cavabdeh ailəsi ilə birlikdə işləmək üçün Bakı şəhərinə getdiyini və yaşayış yeri barədə məlumatın olmadığı bildirilmişdir. Komissiya tərəfindən dəfələrlə İddiaçı sağlamlığı barədə tibbi arayış təqdim etməsi izah olunsa da, o, müxtəlif bəhanələr irəli sürərək, tələb olunan sənədləri təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülk işlə əlaqədar Sabunçu RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən ətraflı araşdırma aparmaq və azyaşlıların mənafeyi üçün valideynlərdən hansının himayəsində qalması barədə əsaslanmış rəy vermək mümkün olmadığından 2(008)-1036/2023 saylı mülki iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X5 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq ayrılmışlar və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Uşaqlar faktiki ananın yanında yaşayırlar. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin edilməli, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yanında qalmaları məsələsini həll edərkən, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olmasını, azyaşlıların ana himayəsində qalıb böyümələrinin onların mənafeyinə uyğunluğunu, habelə X2 rəyini nəzərə alaraq hesab edir ki, uşaqların ananın yanında qalmaları məqsədəmüvafiqdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 ananın yanında qaldıqları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddia ərizəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddiaçının xx.xx.2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbayacan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Lakin cavabdehdən iki uşağa görə hər ay cəmi 386 manat sabit pul miqdarında alimentin tutulacağını nəzərə alaraq məhkəmə hesab edir ki, bundan əlavə, xx.xx.2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, 50 manat məbləğində təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı аrаsındа Beyləqan rayon Bünyadlı kənd ərazi nümayəndəliyində xx.xx.2015-ci il tarixdə bağlanmış və 22 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulub İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа Beyləqan rayon Bünyadlı kənd ərazi nümayəndəliyində xx.xx.2015-ci il tarixdə bağlanmış və 22 nömrə ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalsınlar. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1036/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1036/2023
07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver