Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1117/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikahından olan övladı xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat alimentin və 60 (altmış) manat miqdarında mediasiya rüsumunun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "nikahın pozulması və uşağın ananın himayəsində saxlanılması" tələbinə dair iddiası təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı "ASAN Xidmət" X5 tərəfindən bağlanmış və 3505 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan övladı xx.xx.2015-ci ii təvəllüdlü X6 anası İddiaçı Vadimovnanın himayəsində saxlanılmışdır. Bundan sonra, tərəfindən Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 06 aprel 2011-ci il tarixdə 176 № qeydlə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Sözügedən iş üzrə iddia tələbində birgə nikahdan olan övladına görə cavabdehdən aliment istəməmişdir. Lakin, indi uşağın böyüməsi, məktəbə getməsi, onun maddi tələbatlarının artdığı səbəbindən, onun ehtiyaclarını təkbaşına qarşılamağa gücü çatmır. Cavabdeh də könüllü olaraq uşağına görə maddi yardım etməkdən boyun qaçırdığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hətta cavabdeh ilkin mediasiya sessiyasına belə gəlməkdən imtina etdi. Bu isə onun barışıq yolu ilə könüllü surətdə aliment ödəməsindən imtina etdiyinə birbaşa sübutdur. Cavabdehin harada işləməsi barədə onda rəsmi məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 2 saylı Bakı Asan Xidmət X3 tərəfindən verilmiş AZ-İİİ seriyalı 658389 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-294/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında baxlanmış xx.xx.2014-cü il tarixli, 3505 nömrəli nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. - Bakı 2 saylı Mediasiya Prosesinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixdə protokolun surətindən görünür ki, iddiaçının nümayəndəsi X2 50 (əlli) manat mediasiya xərci ödənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduğdan sonra tərəflərin birgə nikahından doğulmuş övladları ananın himayəsinə verilmiş və uşağların saxlanması üçün atadan ananın xeyirə aliment tutulmamışdır. Hazırda cavabdeh iddiaçıya və uşaqlara heç bir maddi yardım göstərmir və iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən 50 (əlli) manat mediasiya xərci ödənildiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, məhkəməyə müraicət edilməsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediatora ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1117/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1117/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver