Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1149/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı X1, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə İddiaçı Mirzəyeva (Hacıyeva) Ülviyyə Nağı qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron məhkəmə sistemindən nikahın pozulmasından sonra iddiaçının soyadının «Mirzəyeva» olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə olan nikahı xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulmuşdur. Onların yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir, uşaqların bütün tələbatlarını iddiaçı ödəyir. Məhkəmə iclasında iştirak edən X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, nikah pozulurkən aliment tələbini qoymamışdır, bu onun səhvidir, indi də səhvini düzəldir. Özü işləmir, uşaqları oxuduqları məktəbdə əlaçıdılar, onların əlavə dərslərinə xərclər tələb olunur. Xahiş edir, iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X7 izahat verərək qeyd etdi ki, iddiaçı müxtəlif insanlardan, eyni zamanda cavabdehin qohumlarından müəyyən məbləğdə borc məbləğləri almış, cavabdeh həmin borcu qaytarmış və bu səbəbdən iddiaçı nikah pozulan zaman aliment tələbi irəli sürməmişdir. Cavabdeh ikinci dərəcəli əlildir, onun xəstəliyi xeyli məsrəf tələb edir, 508 manat məbləğində əlillik pensiyası alır, əlilliyi ilə əlaqədar heçb bir yerə işə düzələ bilmir. İki uşaq üçün onun pensiyasının 1/3 hissəsi az məbləğ olduğundan xahiş edir hər uşağa görə 100 manat aliment tutulsun. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Mirzəyeva (Hacıyeva) Ülviyyə Nağı qızı Cavabdeh ilə aralarında olan nikahın pozulması, xx.xx.2008ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək anasının yanında qalması qət edilmişdir (aliment tələbi irəli sürülməmişdir). Onların iki yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 200360 və AZ-İİİ № 288844 nömrəli doğum haqqında şəhadətnamələr). Hazırda iddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 193 manat məbləğində alimentin tutulmasını istəyir. Cavabdeh ikinci dərəcəli əlildir, hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir, 508, 54 manat pensiya alır. İddiaçı işləmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.5-ci bəndinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Məhkəmə cavabdehin əlilliyini, xəstəliyi ilə əlaqədar işə qəbul oluna bilmədiyini, iddiaçının əmək qabilliyyətli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği hər uşaq üçün hər ay 150 manat müəyyən edilməlidir. Ona görə də məhkəmə belə hesab edir ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehndən hər ay hər uşağa görə 150 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1149/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1149/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver