Məhkəmə qərarları › İş №2(008)-1225/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1225/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1225/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1740 manat məbləğində maddi, 1000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətləri olduğuna görə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanında inşa edilmiş beşmərtəbəli yaşayış binasının 7 saylı mənzilində yaşayır. İddiaçı 31 mart 2022-ci il tarixdə Cavabdeh və soyadını bilmədiyi Zaurun oğlu Nihada 4000 manat dəyərində 16 qoyun və 13 quzunu verdi. Razılaşmaya əsasən verdiyi qoyun və quzuya görə 4000 manat pul 1 ay ərzində iddiaçıya verilməli idi. Əvvəlcə cavabdeh 260 manat, Zaur isə 1000 manat pulu verdi. Sonra cavabdeh 2022-ci ilin aprel ayında 1000 manatı da verdi. Daha sonra cavabdeh iddiaçıya bildirdi ki, qalan borcunu da tez bir zamanda qaytaracaq, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək borcunu qaytarmaqdan imtina etdi. Buna görə də iddiaçı məcbur qalıb Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müraciət ilə əlaqədar Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsində araşdırma aparılmış və iddiaçıya 17 oktyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, müraciət mülki hüquq xarakterlidir və iddiaçı mülki qaydada məhkəməyə müraciət edə bilər. Cavabdeh borcu qaytarmamaqla ümumilikdə iddiaçıya 1740 manat məbləğində maddi ziyan vurub. İddiaçı Cavabdeh tərəfindən aldanıldığına görə dərin psixi sarsıntı keçirmiş və ona dəyən mənəvi zərəri 1000 (bir min) manat məbləğində qiymətləndirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AR DİN Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, aparılan araşdırma zamanı göstərilən xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də iddiaçıya mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə 1091-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mərhum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə müəyyən edir ki, iddiaçı 31 Mart 2022-ci il tarixdə Cavabdeh və soyadını bilmədiyi Zaurun oğlu Nihada 4000 manat dəyərində 16 qoyun və 13 quzunu verdiyini və Cavabdeh borcu qaytarmamaqla ümumilikdə iddiaçıya 1740 manat məbləğində maddi ziyan vurduğunu bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir tutarlı dəlil təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə borc verilməsinə dair tutarlı əsas gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. İddia tələbinin mənəvi zərərə görə 1000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda qeyd olunan hallar, yəni iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi vurulmuş maddi ziyanın və zərərin əvəzi o zaman tutula bilər ki, (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mövcud olsun. Hazır ki iş üzrə İddiaçı cavabdeh tərəfindən ona hansı formada zərər vurulmasına dair heç bir əsaslı sübut təqdim edə bilmir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətləri olduğuna görə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Cavabdeh hərəkətlərində cinayət əlamətləri olmadığından onun barəsində xüsusi qərardad çıxarıla bilməz. Eyni zamanda iddiaçı müharibə veteranı olduğu üçün yanlışlıqla ödədiyi 48 manat rüsumun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 033853 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. -7633 saylı qəbzdən görünür ki, X1 tərəfindən Sabunçu Rayon Məhkəməsinə 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında qanunun 9.1.20-ci maddəsinə əsaəsn məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən bu Məcəllə 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı olduğundan ödənilmiş 48 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh iddiaçının xeyrinə 1740 manat məbləğində maddi, 1000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi və Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətləri olduğuna görə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar