Məhkəmə qərarları › İş №2(008)-1269/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1269/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1269/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ehtiyaclarının ödənilməsi məqsədilə xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin tutularaq o - İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o - İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Atası - X5, anası - Cavabdehdır. O, uşaq serebral iflici ağır xəstəlikdən anadangəlmə əziyyət çəkir və bu səbəbdən də birinci qrup əlildir. Tibbi səndələrdə qeyd olunduğu kimi kənar şəxslərin köməyinə ehtiyacı var. Əmək qabiliyyətsizdir. Tam fiziki hərəkətsizlikdən əziyyət çəkir. O, atası X5 ilə birikdə yaşayır. 4 yaşı olanda anası onu atıb gedəndən bəri bu günə kimi onun bütün maddi və fiziki tələbatlarını atası özü tək qarşılayıb. Anası Cavabdeh isə onunla maraqlanmır, maddi cəhətdən ona heç bir köməklik etmir. O, çox çətin bir maddi duruma düşmüşdür. Hal-hazırda onun 20 yaşı var. Çəkisi də artmışdır. Bununla əlaqədar onun maddi və fiziki tələbatları da artmışdır. Atası gündəlik olaraq onun fiziki tələbatlarını qarşılamaq üçün daima onun yanında qalmaq məcburiyyətindədir. Bu səbəbdən də heç bir yerdə işləyə bilmir. Baxmayaraq ki, o, ildə bir neçə dəfə bərpa mərkəzində müalicə alır, lakin həkimlərin göstərişi ilə o hər gün evdə müalicəvi idmanlar və mütəmadi olaraq masaj kursları almalıdır. Əlbəttə ki, bunlar mütəxəssislərin nəzarəti altında olmalıdır. Bu da kifayət qədər maddi vəsait tələb edir. Onun müayinələrinə, dərmanlarına, müalicələrinə maddi vəsait lazımdır. Dəfələrlə maddi vəziyyətinin çətin olmasını, maddi yardıma ehtiyacının olmasını anası - Cavabdeh desə də, lakin o ona heç bir köməklik göstərmir. Belə olan halda hesab edir ki, maddi ehtiyaclarının ödənilməsində ona yardım göstərilməsi üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və eyn zamanda məhkəmənin vermiş olfuğu sual cavab olaraq bildirdi ki, iddiaçı 400 manat məbləğində sosial yardım alsda, qeyd edilən məbləğ onun taç saxlanamsı ehtiyaclarını ödəmir. Onun mülicəyə, daima olaraq baxıma ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, oğlu İddiaçı həm əqli qüsurlu, həm də fiziki qüsurludur. Belə olan halda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz. Bundan əlavə o, 2015-ci il tarixdən heç bir yerdə işləmir. Xərclərini ödəmək üçün salonda nələrsə öyrənsə də, sonradan o peşə üzrə işləyə bilməmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, iddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia tələbi qeyri-qanuni və əsassızdır. Aşağıda göstərilən səbəblərə görə iddia tələbi təmin olunmamalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, onun 20 yaşı vardır, 1-ci qrup əlildir, işləmək qabiliyyəti yoxdur, atası xəstə olduğundan işləyə bilmir və onun ehtiyaclarını ödəyə bilmir. O, Azərbaycan Respublikası Ailə məcəlləsinin 80-81 ci maddəsinə istinad edərək göstərir ki, o onun anası olduğu üçün ona maddi yardım göstərməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı hazırki, iş üzrə zəruri olan faktları iddia ərizəsində göstərməmiş, məhkəməyə qanunsuz iddia qaldırmışdır. Belə ki, iş üzrə zəruri, əhəmiyyətli faktları məhkəmənin nəzərinə çatdırmaq istəyir. İddiaçının atası Nazim ilə xx.xx.1991 il tarixdə rəsmi nikaha girmişdir. Rəsmi nikahdan 2 övladı anadan olmuşdur. xx.xx.2007-ci il tarixdə aralarında rəsmiləşdirilmiş nikah qeydi iddiaçının atasının iddia tələbinə əsasən pozulmuşdur. Məhkəmə qərarına əsasən övladlarından biri olan iddiaçı atasının yanında, qızı Günay isə onun yanında saxlanması qərara alınmışdır və həmin vaxtdan iddiaçı atasının və onun qeyri-rəsmi arvadının yanında qalmışdır. Bu illər ərzində o nə qədər oğlunu görmək, onu yanında saxlamaq istəsə də iddiaçının atasının təqsiri üzündən buna nail ola bilməmişəmdir. 2018-ci ildə iddiaçının atası ona qarşı eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət edərək aliment tutulmasını xahiş etmişdir. Məhkəmə həmin ildə onun pensiya almağını nəzərə alaraq hər ay oğlunun saxlanması üçün ondan 100 manat tutulmasını qərara almışdır. 2020-ci ildə oğlu yetkinlik yaşına çatdığı üçün alimentin tutulmasına xitam verilmişdir. Oğlu 1-ci qrup əlil olduğu üçün dövləti tərəfindən ona təyin olunmuş pensiya və eləcə də sair ödənişlərlə təmin olunur. Onun hesabı ilə ona dövlət tərəfindən ümumi 400-500 manat arası maddi yardım göstərilir. İddaçı bir faktı nəzərə almamışdır ki, o yetkinlik yaşına çatana qədər məhkəmə qərarına əsasən atasının himayəsində olmuş və aldığı pensiya və atasının gəliri, onun tərəfindən ödənilən alimentlə yaşamışdır. Hamıya məlumdur ki, hər bir əlil olan azərbaycan vətəndaşı müəyyən yaş həddinə çatdıqdan sonra dövləti tərəfindən ehtiyaclarını ödəmə hüququna malik olur və dövlət təminatında olur. İddiaçının iddia ərizəsində atasının işləmək qabiliyyətinin olmamasını göstərməsi həqiqətə uyğun deyildir. Keçmiş əri ondan yaşca kiçikdir və işləmək qabiliyyəti vardır. O isə 2015 ci ildən hazıra kimi heç bir yerdə işləmir, xəstəliklə əlaqədar olaraq ona verilən pensiya xx.xx.2021-ci il tarixdən kəsilmişdir. Hal-hazırda o özü qızının, qardaş və bacılarının ona yardımı ilə dolanır. Bu halda hazırki, iddia tələbilə ondan hər hansı məbləğdə aliment tutulması qeyri-mümkündür. Bundan başqa iddiaçıya dövləti tərəfindən ödənilən maddi yardının həcmi Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən bir uşağın saxlanması üçün müəyyən edilmiş istehlak meyyarından bir neçə dəfə çoxdür. Bu halda iddiaçının ondan aliment tələbi əsassızdır. Qeyd edir ki, hazırkı iddia tələbi iddiaçının adından məhkəməyə daxil olmasına baxmayaraq iddiaçının öz tələbi deyil, onun atasının istəyidir. Bu fakt iddiçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi Sosial Ekspert komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda birbaşa göstərilir ki, iddiaçı uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir, psixi və fiziki inkişafın geriliyi ilə imobilik ( hərəkətsizlik) nəticəsində psixi və fiziki inkişafdan geri qalır. İddiaçı X1 ona qarşı aliment tələbi barədə iddiasının təmin olılnmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair araryışdan görünür ki, xx.xx.2022-ci il tarixdə kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici tetraplegik forma hərəki funksiyaların nitqin və çanaq orqanlarının funksiyasının pozulması ilə psixi və fiziki inkişafın geriliyi ilə. İmmobilllik (hərəkətsizlik), hərəkətlərin və yerişin kəskin məhdudluğu ilə müddətsiz olaraq birinci dərəcəli əlillik diaqnozu qoyulmuş,kənar şəxsin köməyinə ehtiyacı olan, əmək qabiliyyyətsiz olduğu qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-441/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməyə əsasən iddia tələbi təmin edilmiş, X6 ilə X4 arasında 22 iyun 1991-ci il tarixdə Bakı şəhəri, Lenin (indiki Sabunçu) rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı atasının yanında, xx.xx.1992-ci il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edillmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik Tarixindən Çıxarışın surətindən görünür ki, xəstənin kənar şəxsin köməyinə ehtiyacı vardır. Bakı şəhəri Sabunçu Rayon VVADQ Şöbəsinin AZ-İ seriyalı, 317455 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh razılığa gəlməyən tərəf olmuşdur, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Tam Orta Təhsil haqqında EN seriyalı, 278240 nömrəli attestatdan görünür ki, İddiaçı 67 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Mülki işin məhkəmə araşdırılması zamanı məlum olur ki, İddiaçı birinci qrup əlil olmaqla, əmək qabilyətsizdir. Birinci qrup əlil olması səbəbindən 400 manat məbləğində xəstəliyə görə pensiyası alır. Lakin iddiaçı qeyd edilən pul məbləğinin onun saxlanması və müalicəsi xərclərini ödəmədiyini bildirərək anası Cavabdeh qzından 300 manat aliment tələb edir. Məhkəmə mülki iş matriallarına nəzər yetirərək qeyd edir ki, iddiaı məhkəməyə müraciət edərək onun saxlanmasını və müalicə olunması üçün ona ödənilən xəstəliyə görə pensiya məbləğindən artıq pul zərurui olmasını bildirsə də bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar