Məhkəmə qərarları › İş №2(008)-1286/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1286/2023

24.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1286/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpağın qaytarılması və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpağın qaytarılması və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində, şimal ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan 6391 saylı torpaq sahəsinin Cavabdeh alınaraq ona qaytarılması və 2380 manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəxanı Bələdiyyəsi ilə 27 iyun 2007-ci il tarixdə 1389 saylı torpaq icarəsi müqaviləsi bağlamışdır. Müqavilə üzrə ona Sabunçu rayonu Ləhiş bağ massivində, şimal ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan 6391 saylı torpaq sahəsi icarəyə verilmişdir. Torpaq sahəsini aldığı gündən o, həmin torpaq sahəsini hasara almış, 2 otaqdan ibarət yardımçı ev tikmiş, meyvə ağacları əkmişdir. 14 fevral 2022-ci il tarixdə torpaq sahəsinə gələn zaman 5 nəfər şəxsin orada hasarı sökdüklərini görmüşdür. O, şikayətlə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etmişdir. Müvafiq təhqiqat araşdırması aparılmışdır və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsini Cavabdeh xx.xx.2022-ci il tarixdə X7 almışdır, torpağı aldıqdan sonra köhnə hasarı sökmüşdür, torpağı alan zaman orada kiçik yardımçı otaq mövcud idi. Polisin araşdırması nəticəsində cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən rəsmi istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində 1200 kv.m torpaq sahəsi olan 6391 saylı bağ sahəsinə dair başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Onun istifadəsində olan torpaq sahəsi üzrə başqa şəxslər tərəfindən hansısa əqdin bağlanmasına heç bir əsas məlum deyil və ola bilməz. Həmin qeyri-qanuni hərəkətlər nəticəsində ona aşağıdakı ziyan vurulmuşdur. Bağında 500 manat qiymətində seyf qapı quraşdırılmışdır, hazırda bu qapı sökülüb. 1000 manat qiymətində 5 tonluq dəmir su çəni mövcud olmuşdur. Faktiki bu su çəni oğurlanmışdır və mövcud deyil. Torpaq sahəsində 20 ədəd tut və 1 ədəd nar ağacları 2008-ci ildə əkilmişdir, onlardan ancaq 2 ədəd tut ağacı qalıb, digərləri məhv edilmişdir. Onların qiyməti - 18 ədəd tut ağacı 540 manat, 1 ədəd nar ağacı 40 manat. Beləliklə, ziyanın ümumi məbləği 2080 manat təşkil edir. Bundan başqa, məhkəməyə müraciət etmək üçün hüquqi xidmətə görə müqavilə bağlamışdır, tərəfindən 300 manat ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı məhkəməyə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində, şimal ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan 6391 saylı torpaq sahəsinin onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2007-ci il tarixli 1389 saylı torpaq icarə müqaviləsinin 4-cü bəndinə görə müqavilə xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər 10 (on) ilik müddətinə imzalanmışdır. Eyni zamanda, iddiaçının iddia ərizəsinə əlavə etdiyi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna görə həmin - 6391 saylı torpaq sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi həmin torpaq sahəsi reyestrdə qeydiyyata alınmamışdır, hazırkı iddianı qaldırmış iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi və ya icarəçisi deyildir, onun əmlaka dair hər hansı subyektiv hüququ mövcud deyildir. Ona görə də hazırkı iddianın hüquqi əsasları da yoxdur. Cavabdeh ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı-keçmiş mülkiyyətçi X7 almışdır. Onun əmlak üzərində mülkiyyət hüquqları DƏDRX tərəfindən qeydiyyata alınmış, cavabdehə torpağın koordinatlarına dair xx.xx.2022-ci l tarixli A 666320 satylı torpaq sahəsinin planı və ölçüsü adlı sənəd verilmişdir. torpaq sahəsi alınmamışdan qabaq həmin torpaq sahəsinə baxılmış, onun yeri (koordinatları) xüsusi texniki avadanlıqla yoxlanılmış və torpaq sahəsinin sənədləri ilə tanış olunmuşdur. O zaman satıcı X12 ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli A 664631 saylı torpaq sahəsinin planı və ölçüsü adlı sənədi və əmlakın onun mülkiyyətində olmasına dair DƏDRX-nin elektron çıxarışı təqdim etmişdir. Cavabdeh hazırkı mübahisədən xəbər tutduqdan sonra əvvəlki mülkiyyətçi - P.Əlizadədən torpaq sahəsini hansı əsaslar əsasında əldə etdiyini soruşmuş, o, X2 aldığını, alarkən də sonuncunun torpaq sahəsinə mülkiyyət hüquqları ilə bağlı sənədləri ilə tanış olduğunu, surətini götürdüyünü bildirmiş və cavabdehə surətlərini təqdim etmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativi tərəfindən verilmiş 34 nömrəli orderə görə X5 Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1256 saylı qərarına əsasən Ləhiş bağlar sahəsinə 60 saylı BTK-nin nəzdində 0.12 ha torpaq sahəsi olan 6358 saytı bağ ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1997-ci ilə dair sərəncamlar kitabında xx.xx.1997-ci il tarixli 1256 saylı sərəncam vardır. Sərəncama görə X5 Ləhiş 60 nömrəli BTK-də 6358 saylı bağ sahəsi ayrılmışdır. xx.xx.2021-ci il tarixli A 647391 saylı torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları əks olunmaqla torpaq sahəsinin hüquqi sahibinin X6 göstərilmişdir. Yuxarıda sadalananlardan aydın olur ki, ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini DƏDRX-nin çıxarışına əsasən əvvəl başqa şəxsə məxsus olmuş, cavabdeh həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən qanuni əsaslarla almışdır və hazırda həmin əmlakın mülkiyyətçisidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edilərək, bələdiyyənin Torpaq və Ərazi İdarəetmə şöbəsinin rəisinin növbəti əmək məzuniyyətində olması səbəbindən üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 43.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -torpağın icarəyə verilməsinə dair Kürdəxanı Bələdiyyəsinin 1389 nömrəli xx.xx.2007-ci il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kürdəxanı qəsəbəsinin şimalında yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. -torpaq sahəsinin sxeminin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kürdəxanı Bələdiyyəsinin 1389 nömrəli torpaq icarə müqaviləsi üzrə İddiaçı istifadəsində olan torpaq sahəsinin ünvanı Kürdəxanı Ləhiş bağlar massivi bağ nömrəsi 6391-dir. -1389 saylı xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kürdəxanı qəsəbəsinin şimalında yerləşən 1200 kv.m torpaq sahəsi xx.xx.2017-ci il tarixədək İddiaçı icarəyə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində 1200 kv.m torpaq sahəsi olan 6391 saylı bağ sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı adına olan torpaq sahəsinin hasarının tanımadığı şəxs tərəfindən uçurdulması, torpaq sahəsinin zəbt olunması barədə X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülki mübahisə ilə əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. -AN-İ seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ünvan ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Cavabdeh satmışdır. -xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. -xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. -Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativ tərəfindən verilmiş 34 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X5 Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 6358 nömrəli bağ ayrılmışdır. -xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 13 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında 27 iyun 2007-ci il tarixli 1389 saylı torpaq icarəsi müqaviləsi bağlanaraq, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi “Bağçılıq” məqsədi ilə 10 (on) il müddətinə icarəyə verilmişdir. 27 iyun 2017-ci il tarixdə müqavilənin müddəti bitmiş, lakin müddət uzadılmamışdır. Hal-hazırda İddiaçı istifadəsinə verilmiş bağ sahəsi dörd tərəfdən hasar içərisindədir, yol çıxışına dəmir darvazası vardır. Arxiv sənədlərinə əlavə olunmuş plan-sxemdən məlum olmuşdur ki, İddiaçı istifadəsinə verilmiş sözügedən 1200 kv.m torpaq sahəsi 27 iyun 2007-ci ilə qədər Kürdəxanı qəsəbəsi İ.Quliyev küçəsi 32 ev 3 ünvanında yaşayan X1 istifadəsində olmuşdur. Bələdiyyənin vergi və uçot şöbəsində qeydiyyatda olan İddiaçı son torpaq vergi ödənişi xx.xx.2017-ci ildə olmuşdur. -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1389 saylı icarə müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş onun iddia etdiyi bağ sahəsi çıxarış əsasında Cavabdeh mülkiyyətində olan Sabunçu rayonu Ləhiş bağ massivindəki 6358 saylı bağ sahəsi ilə eyni sahə təşkil edir. Torpaq sahəsi hal-hazırda dörd tərəfdən daş hasar içərisindədir, yol çıxışına dəmir darvaza qoyulmuş sahədə 10,0 kv.m köhnə tikinti vardır. Bağın cənub hissəsində köhnədən tikilmiş 10 ədəd kubikin üzərinə 3 kubik hündürlükdə hasar əlavə olunmuş şimal və şimal-qərb hissəsində hasar yenidir. Bağ sahəsinə gedən yolun eni 15 metrdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ləhiş bağ sahəsində yerləşən 6358 saylı torpaq sahəsinin 0.12 ha faktiki hasarlanmış vəziyyəti plan və ölçüyə uyğundur, hər hansı bir başqa fiziki şəxsə məxsus torpaq sahəsi ilə eyni deyil və üst-üstə düşmür. Qeydiyyatdan keçmiş 6358 saylı torpaq sahəsi, şimal ərazisində yerləşən sahəsi 0.12 ha olan 6391 saylı torpaq sahəsi ilə eyni deyil və üst-üstə düşmür. İddia tələbindən görünür ki, İddiaçı 1389 saylı xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsaslanaraq, istifadəsinə verilmiş Kürdəxanı qəsəbəsinin şimalında yerləşən, sahəsi 1200 kv.m olan 6391 saylı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmasını, bununla da onun mülkiyyət hüquqlarının pozulduğunu iddia etmiş, həmin torpaq sahəsinin Cavabdeh alınaraq ona qaytarılması və 2380 manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onun tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin 6391 saylı torpaq sahəsi olmasına, həmin torpaq sahəsinin qanuni əsaslarla (müqavilə, order və s.) onun istifadəsində olmasına və torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində 1200 kv.m torpaq sahəsi olan 6391 saylı bağ sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, qanuni əsaslarla cavabdehin mülkiyyətində olan Ləhiş bağ sahəsində yerləşən 6358 saylı torpaq sahəsinin 0.12 ha faktiki hasarlanmış vəziyyəti plan və ölçüyə uyğundur, hər hansı bir başqa fiziki şəxsə məxsus torpaq sahəsi ilə eyni deyil və üst-üstə düşmür. 6358 saylı torpaq sahəsi, şimal ərazisində yerləşən sahəsi 0.12 ha olan 6391 saylı torpaq sahəsi ilə eyni deyil və üst-üstə düşmür. Bundan başqa, Kürdəxanı qəsəbəsinin şimalında yerləşən 1200 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair 1389 saylı xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə olan halda, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpağın qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpağın qaytarılması tələbinə dair iddiası əsassız olduğundan, iddiaçının maddi ziyanın tutulması tələbi isə həmin iddia tələbindən törəmə olduğundan, qeyd olunan hissədə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görmür və iddia tələbinin maddi ziyanın tutulması hissəsində də rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpağın qaytarılması və maddi ziyanın tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpağın qaytarılması və maddi ziyanın tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar