Məhkəmə qərarları › İş №2(008)-1304/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1304/2021

17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1304/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin ödənilməsinin xx.xx.2019cu ildən hesablanması, eyni zamanda övladının 3 yaşına çatana kimi iddiaçıya maddi yardım kimi hər ay 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki münasibətlərdə olmuşdur. Birgə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdehin qızının atası olması faktı müəyyən edilmişdir. Hazırda yetkinlik yaşına çatmayan övladı onun yanındadır. Cavabdeh azyaşlı övladlarına nə mənəvi, nə də maddi dəstək göstərmir. Övladının geyim, yemək, dərman və s. xərclərinin ödənilməsi üçün aliment ödənişlərinə ehtiyac vardır. Atalıq müəyyən edildiyi vaxtdan bu günədək aliment almamışdır. Birgə yaşadıqları vaxtlarda belə cavabdeh övladının xərclərini qarşılamamışdır. Onun valideyinləri hər zaman onlara maddi dəstək göstərmişdir. Ovladı azyaşlı olduğu üçün heç yerdə işləmir, ona qulluq etməklə məşğuldur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay sabit pul məbləğində 170 manat, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və övladının 3 yaşına çatana kimi iddiaçıya maddi yardım kimi hər ay 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında qeyd etdi ki, alimentin ödənilməsinə etiraz etmir, lakin iddiaçıya əlavə olaraq 100 manat ödənilməsinə maddi imkanı çatmır və həmin hissədə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Tərəflər rəsmi nikaha daxil olmamışlar. Tərəflərin xx.xx.2019-cu il tarixdə Mələkxanım adlı uşaqları doğulmuşdur (4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 320119 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir (4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 375249 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən bir övladı olmuş, cavabdeh uşağın atası hesab edilmiş, hazırda cavabdeh uşağın saxlanılmasına maddi köməklik göstərmədiyi üçün iddiaçıdan sabit pul məbləğində alimentin və övladının 3 yaşına çatana kimi iddiaçıya maddi yardım kimi hər ay 100 manat məbləğində pulun tutulmasını tələb edir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin alimentin tutulması hissəsinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay sabit pul məbləğində 170 manat, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının alimentlə bağlı digər tələbi xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatana qədər cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat məbləğində pulun tutulması ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd olunan maddənin norması ər-arvad münasibətlərinə aid edilmişdir. Qeyd edildiyi kimi isə iddiaçı ilə cavabdeh ər-arvad münasibətində olmamışlar. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 500 manatdan çoxdur. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay sabit pul məbləğində 170 manat, xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar