Məhkəmə qərarları › İş №2(008)-1305/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1305/2022

17.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1305/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X9 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə iddiaçının istifadəsinə və sərəncamına verilmiş 200 kv metr torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin cavabdehin çıxarılmaqla boşaldılması və torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünə ev tikmək üçün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında 2011-ci ildə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə ona ayrılmış 1050 kv metr torpaq sahəsinin 200 kv metr hissəsini etibarnamə əsasında almışdır. Maddi imkansızlıqdan evi tikə bilməmiş və torpağa baş çəkə bilməmişdir. X1 tərəfindən 2 sot torpağı zəbt edilmiş və yarımçıq tikili inşa edilmişir. Məhkəmə iddiaçının razılığı əsasında əsl olmayan iddiaçı X7 əsl cavabdeh İddiaçı ilə, əsl olmayan cavabdeh X3 əsl olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əvəz etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də onlar məhkəməyə gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 05.04.2022-ci il tairixdə keçirilən məhkəmə iclasında cavabdeh statusunda iştirak edən X6 izahat verərək qeyd etmişdir ki, adıçəkilən torpaq sahəsini onun qızı Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 almışdır. Onun oğlanları, yəni Arzunun qardaşları həmin torpaq sahəsində Arzu üçün ev tikirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 №-li, 20.11.1997-ci il tarixli Çıxarışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetini 07.05.1991-ci il tarixli 123 saylı və 02.09.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq İddiaçı 1200 kv metrdən ibarət olan 2-ci kvartalda 17 B saylı sahə ayrılmış (İddiaçı barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir), həmin sahənin yerləşmə sxemi təqdim edilmişdir. Yerləşmə sxemində bir dördbucaq cizgilənmişdir. İddiaçı 31.05.2011-ci il tarixdə ona ayrılmış 1050 kv metr torpaq sahəsinin 200 kv metr hissəsindən istifadə etməyə, üzərində tikili işləri aparmağa, həmin tikilinin və torpağın özəlləşdirməyə və sair səlahiyyətlərə dair X8 etibarnamə verimşdir. İddia ərizəsindən göründüyü kimi, həmin torpaq sahəsi İddiaçı və X9 tərəfindən yaxın vaxtlaradək istifadə edilməmişdir. X6 cavabdeh olduğu zaman oxşar sənədlər təqdim etmişdir. Maştağa qəsəbəsi XDS İcrakomun 59 №-li, 29.08.1992-ci il tarixli Çıxarışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetini 02.09.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq Cavabdeh1 1200 kv metrdən ibarət ümumi sahə 843»D» ayrılmışdır (Cavabdeh1 barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir). Cavabdeh1 18.06.2016-ci il tarixdə ona ayrılmış 0,12 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, üzərində tikili işləri aparmağa, həmin tikilinin və torpağın özəlləşdirməyə və sair səlahiyyətlərə dair Cavabdeh2 etibarnamə verimşdir. İddia ərizəsindən göründüyü kimi, Cavabdeh2 tərəfindən torpaq sahəsində yarımçıq tikili inşa edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsini özünə ayrılmış sahə hesab edərək tikilinin sökülməsini, torpaq sahəsinin boşaldılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpağa olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Odur ki, məhkəmə hesab edir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır. «Nümayəndə şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını nəzərə alaraq cavabdehlərin mübahisəli torpaq sahəsinə olan hüququnu araşdırmağı zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar