Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1601/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 28000 ABŞ dolları (ödənildiyi tarixdə Azərbaycan manatının məzənnəsi ilə) məbləğində borcun, vaxtında həmin pulu qaytarmadığı üçün gecikdirməyə görə illik 5% hesablanmaqla 10300 ABŞ dolları (ödənildiyi tarixdə Azərbaycan manatının məzənnəsi ilə), mənəvi zərərə görə 10000 manat pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xalasıdır, ticarətlə məşğuldur, Türkiyədən Azərbaycana ayaqqabı gətirib satır. 2016-cı ildə cavabdeh ondan ticarətini genişləndirməsi üçün pul istəmiş, ona verəcəyi pulun qarşılığında xeyir verəcəyini vəd etmişdir. Xalası olduğu üçün pulu verməyə razılığa gəlmişdir. 2016-cı ilin yayında 30000 ABŞ dolları məbləğində pulu yaşadığı ünvan 1 ünvanında Cavabdeh vermişdir. Aradan bir il keçdikdən sonra pulu istədikdə pulun malda olduğunu bildirmişdir. Dəfələrlə pulunu istəsə də, xalası eyni sözləri demişdir. Həmin dövrlərdə cəmi iki dəfə olmaqla, guya əldə edilmiş gəlirdən bir dəfə 300, bir dəfə isə 500 manat pul vermişdir. Sonra ölkədə pandemiya dövrü başlamış, cavabdeh bundan sonra da pandemiyanı bəhanə edərək pulunu pandemiyadan sonra qaytaracağını bildirmişdir. Pandemiyadan sonra isə cəmi 2000 ABŞ dolları pul qaytarmış, yerdə qalan 28000 ABŞ dolları məbləğində pulu isə bu günədək qaytarmamışdır. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Pərvanə Əzizovanın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəsi əsasında aparılmış araşdırmalar nəticəsində işin cinayət xarakterli deyil, mülki xarakterli olması qərara alındığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu halları ortaq qohumları (xala, dayı) məhkəmədə təsdiq edə bilərlər. xx.xx.2024-cü ildə Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etirazla müraciət edərək, iddiaçının ona qarşı qaldırdığı iddianı əsassız sayaraq rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onun bacısı oğludur. Həyat yoldaşı ilə ticarətlə məşğul olurlar. 2012-ci ildən 5% faizə pul verirdi, ticarətdə olduğu üçün işlərini görmüş, faizini vermiş, kök pulunu da qaytarmışdır. Bankla işləyirdi. 2015-ci ildə iddiaçının anası ona demişdir ki, iddiaçının pulu çoxdur, gəlsin ona versin. O da aşağı faizlə verirsə götürərəm demişdir. Cavabdeh həyat yoldaşı Nadirlə iddiaçıgilə getmiş, 2015-ci ildə İlkin ona 25000 ABŞ dolları məbləğində pulu 3%-lə vermiş və kağızda qeyd etməyini istəmiş, o da yazmışdır. Həmin vaxt dolların kursu 1 manat 05 qəpik idi. İddiaçı 2016-cı ildə ona pul verdiyini yazmışdır, lakin o, həmin vaxt iddiaçıdan pul almamışdır. Aldığı pul üçün hər ay 750 ABŞ dolları məbləğində faiz vermişdir. Ümumilikdə iddiaçıya ildə 9000 ABŞ dolları vermişdir. Cəmi 32100 ABŞ dolları məbləğində pul İlkinə qaytarmışdır. Hər ay 750 ABŞ dolları faiz iddiaçı alırdı. İddiaçıdan pulu götürdükdən sonra ABŞ dollarının kursu qalıb 1.90 olmuşdur. İddiaçı ona demişdir ki, pul 5 il qalsın onda, üstünə faizin faizi gəlsin. Oda aşağı faizlə vermək nədir, üzərinə faiz gəlmək nədir demiş. Pandemiya dövrü olduğundan və ticarət zəiflədiyindən, əsas pulu qaytarmağa başlamış. 8100 ABŞ dolları iddiaçıya qaytarmış, 12000 ABŞ dolları anası Mehribana vermişdir. İddiaçının anası Mehribana 2000 ABŞ dolları bir vermiş, 2021-ci ilin dekabr ayında evini satmış, mərhum anasının, gəlininin, yoldaşının yanında 10000 ABŞ dolları iddiaçının anası Mehribana vermişdir. Anasının qızıllarını girov qoymuşdur. 1 dəst brilyant üzük-sırğa dəsti,1 dəst mavi qaşlı sırğa-üziik,1 uzun qaşlı brilyant üzük, 40 ədəd qızıl mirvari,7 ədəd hil, 9 ədəd qızıl onluq, girov qoymuşdur. 32100 ABŞ dolları məbləğində pul qayıtması ilə yanaşı, iddiaçı deyirki, ona yenə də faiz verməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh 25000 ABŞ dolları məbləğində almış, daha sonra isə qaytarmışdır. Qarşı tərəf faiz istəyir, onları da ödəmişdir. Hətta qızıl əşyalarını da girov qoymuşdur. Cavabdehin vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçının dayısı, cavabdehin qardaşıdır. Tərəflər arasında pulun verilib-alınması barədə eşitmiş, lakin həmin vaxt orada olmamışdır. Cavabdehin bir dəfə 10000, bir dəfə də 2000 ABŞ dolları qaytardığını eşitmişdir. Qızıllar barədə məlumatı olmamışdır, olsa idi etiraz edərdi. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Pərvanə Əzizovanın "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırmalar nəticəsində işin cinayət xarakterli deyil, mülki xarakterli olduqdan cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul almışdır. Tərəflər arasında hansı məbləğdə pulun hansı şərtlərlə verilməsi və qaytarılması üçün əsas olan hər hansı əqd bağlanmamışdır. Pulun iddiaçı tərəfindən nə zaman hansı məbləğdə verilməsi və cavabdeh tərəfindən alınması, yaxud cavabdeh tərəfindən hansı məbləğdə geri qaytarılmasına dair qəbz məhkəməyə təqdim olunmamışdır. Ona görə iş üzrə mübahisəli hal iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə pulun verilməsi və cavabdeh tərəfindən iddiaçıya pulun qaytarılıbqaytarılmaması, qaytarılmışdırsa hansı məbləğdə pulun qaytarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə əsassız varlanmaya dair qanunun müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehə 30000 ABŞ dolları borcu olduğunu istinad etsə də, ona pul verməsi halını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh 25000 ABŞ dolları məbləğində borcun alması faktını etiraf etsə də, iddiaçıya həm əsas borcunu, həm də faizini qaytardığını bildirmişdir. Məhkəmə tərəfindən pulun qaytarılıb-qaytarılmamasını və yaxud hansı məbləğdə qaytarılmasını müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinə təqdim edilmiş etirazda cavabdeh 2015-ci ildə iddiaçının ona 25000 ABŞ dolları məbləğində pulun 3%-lə verilməsini təsdiq edən qəbzin imzaladığını bildirmişdir. Həmin qəbz iddia tələbinin sübutu üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə yalnız pulun verilməsi faktı cavabdehin etirafı ilə öz təsdiqini tapdığına görə, yəni iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsinə dair heç bir sübut təqdim edilmədiyindən iddia tələbi 28000 manat ABŞ dolları, pulun qaytarılmadığı üçün gecikdirməyə görə illik 5% hesablanmaqla 103000 ABŞ dolları pulun cavabdehdən tutulması hissədə təmin oluna bilməz. İddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid ifadəsində nə pulun verilməsində, nə də pulun qaytarılmasında iştirak etməmiş, bu barədə sadəcə eşitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Ona görə də məhkəmə baxışı zamanı dindirilmiş şahidin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bundan başqa, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; - 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 28000 ABŞ dolları (ödənildiyi tarixdə Azərbaycan manatının məzənnəsi ilə) məbləğində borcun, vaxtında həmin pulu qaytarmadığı üçün gecikdirməyə görə illik 5% hesablanmaqla 10300 ABŞ dolları (ödənildiyi tarixdə Azərbaycan manatının məzənnəsi ilə), mənəvi zərərə görə 10000 manat pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1601/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1601/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver