Məhkəmə qərarları › İş №2(008)-1605/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1605/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1605/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən X3 və X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayon Məhkəməsinin 08.06.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, uşaqların saxlanılması üçün cavabdehdən qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Sonra iddiaçının iddiası əsasında aliment sabit pul məbləğində tutulmuşdur. Hazırda iddiaçı "xxxx" ASC-də işləyir, müntəzəm gəlirə malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmuquqa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh qeyd etdi ki, o, uşaqlarına baxmaqdan heç bir zaman imtina etməmiş, alimentin onun qazancının 1/3 hissəsi miqdarında tutulmasına etiraz etmir, o, ondan da çox uşaqlarına vəsait sərf edir, baxmayaraq ki onun öhdəsində arvadı və bir başqa uşağı və yaşlı valideynləri var. Lakin, cavabdeh istəyir ki, alimentin müəyyən bir faizi uşaqların adına açılmış karta ödənilsin və həmin məbləğə dair sərəncamı uşaqlar yetkinlik yaşına çatandan sonra özləri versinlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Xəzər rayon Məhkəməsinin 08.06.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, 08.08.2011-ci il tarixdə doğulmuş X3 və 08.10.2013-cü il tarixdə doğulmuş X1 üçün cavabdehdən qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Sonradan Sabunçu rayon Məhkəməsinin 21.08.2017-ci il atrixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 137 manat məbləğində aliment tutulmuşdur. Cavabdeh hazırda "xxxx" ASC-də direktor müavini vəzifəsində işləyir, aylıq əmək haqqı 7002 manatdır. Hazırda iddiaçı alimentin cavabdehdən hər ay qazancının 1/3 hissəsi miqdarında istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynləprindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti təxmini 22356 manat təşkil edir (təxmini 2000 manat - 137 manat = 1863 manat x 12 ay = 22356 manat). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 157,07 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. X3 və X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. 157,07 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar