Məhkəmə qərarları › İş №2(008)-1671/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1671/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1671/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, Cavabdeh X12in, X1 iştirakı ilə, İddiaçı cavabdeh X6rşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6rşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin, 51 manat mediasiya xərcinin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 doğulmuşlar. Nikahları rəsmi qaydada pozulmamışdır, lakin cavabdeh uşaqları ilə maraqlanmır, onlara maddi yardım göstərmir. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının iştirakı olmadan keçirilib iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, heç yerdə işləmir, ona görə də tələbdə göstərilən məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. O, həmin halların nəzərə alınaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X5 atası X12, anası İddiaçıdır. İş materiallarında olan Sabunçu rayon VVAQD tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və X12 həmin tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin iş yeri və qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyinə görə, məhkəmə Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməldir. Uşaqların mənafeyini, eləcə də, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini nəzərə alaraq, məhkəmə alimentin hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X7 hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təyin olunmuş aliment üzrə bir il ərzində ödəmənin məcmusu 4632 (12 ay x 386 manat) manat təşkil etdiyindən, cavabdehdən 66,32 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması ilə əlaqədar 6 saylı mediasiya təşkilatının hesabına 50 manat mediasiya xidmət haqqı ödəmişdir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya xidmət haqqı cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X8 İddiaçı xeyrinə, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X8 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xidmət haqqının əvəzi cavabdeh X8 İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar