Məhkəmə qərarları › İş №2(008)-1776/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1776/2025

23.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1776/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MTK-nin Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X7 üçüncü şəxs qismində qeyd edilməklə “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X7 üçüncü şəxs qismində qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyinin tam yerinə yetirilməməsi, öhdəliyin qismən yerinə yetirilməsi üzrə təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi; cavabdeh tərəfindən müqavilə öhdəliyinin qismən (yəni 365.000 manat məbləğində (ƏDV ilə birlikdə) işlərin) yerinə yetirilməsi üzrə təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunması; cavabdehdən müqavilə öhdəliyinin tam yerinə yetirilməməsinə görə 15.000 manat və öhdəliyin qismən yerinə yetirilmiş hissəsinin qüsurlarla icra olunması nəticəsində 25.000 manat, toplam 40.000 manat dəymiş maddi ziyanın tutulması və iddiaçıya ödənilməsi; cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun; 23 manat poçt xidmətləri üçün ödənişin; 200 manat mediasiya xidməti haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 115 №-li qarışıq müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayş binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli, ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzili “kooperativ” “payçı”ya verilməsini, “payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Müqavilənin 5.1-5.2-ci bəndlərinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 203 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 140.000 manat müəyyən edilir. Müqavilə bağlandığı tarixdən İddiaçı MTK-nin işıq xəttinin tam layihələşdirilib, çəkilib və sayğacla birlikdə təhvil verilməsi üçün ümumi qiyməti 380.000 manat olan işin dəyəri 140.000 manat qiyməti olan evlə əvəzlənir. Yerdə qalan 240.000 manat hər iş görüldükcə mərhələ-mərhələ İddiaçı MTK tərəfindən veriləcəkdir; eləcə də bütün görüləcək işlərin qiymətləri və adları 4 səhifədən ibarət olan əlavədə göstərilmişdir. Cavabdeh və arvadının iddiaları üzrə məhkəmə mübahisələri başlamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-401/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qərarda xx.xx.2016-cı il tarixli 115 №-li qarışıq müqavilə üzrə MTK-nin Cavabdeh qarşı yaranmış münasibəti üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakılardan ibarət olmuşdur: “...məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mənzilə dair İddiaçı MTK ilə X7 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 №-li müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının bu əsasla təmin edilməsi düzgün olmamışdır və qətnamə bu hissədə ləğv edilməklə Cavabdeh iddiası rədd edilməlidir (11-ci səhifə 13-cü abzas); Kassasiya şikayətlərinin dəlillərini bu hissədə əsassız hesab edərək, məhkəmə kollegiyası qeyd edir ki, mənzil iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlər hesabına əldə edilməklə Ailə Məcəlləsinin 33-cü maddəsinin tələblərinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir (12-ci səhifə 2-ci abzas); Məhkəmə kollegiyası kassasiya şikayətinin Cavabdeh İddiaçı MTK ilə bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərin tam icra edilməməsi və buna görə mənzilə dair pay haqqının tam ödənilməməsi barədə dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan mənzilin dəyərinin Cavabdeh tərəfindən MTK-nə ödənilib-ödənilməməsi hazırkı işin predmetinə aid deyildir. Ən azından bunu cavabdehlər, o cümlədən, MTK mübahisələndirmir. Bu iş üzrə MTK-nin mübahisələndirdiyi hal yalınz 140.000 manat dəyərində görülmüş işin 15.000 manat dəyərində hissəsinin qüsurlu olması ilə bağlı olmuşdur ki, bu məsələ də podrat müqaviləsi üzrə tərəflər arasında yaranan mübahisədir və MTK bununla bağlı müstəqil iddia qaldıra bilər. Görülən işlərin qüsurlu olması sübut edilməyənədək görülmüş işlərin dəyərinin 140.000 manat hissəsinin əvəzi olaraq Cavabdeh verilmiş mübahisəli mənzilin sonuncuya məxsus olmamasını iddia etmək əsassızdır (12-ci səhifə 3-cü və 4-cü abzaslar). Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmişdir ki, 1. Cavabdeh iddiası əsassız olmuşdur; 2. Mənzil iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlər hesabına əldə edilmişdir; 3. xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqavilə üzrə görülmüş işlərin qüsurlu olması barədə MTK müstəqil iddia qaldıra bilər. Ali Məhkəmənin qərarında müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; eləcə də iştirak edən şəxslər məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. (AR MPM-nin 82.3-cü və 233.3-cü maddələri). xx.xx.2016-cı il tarixli 115 №-li qarışıq müqavilənin ümumi dəyəri – 380.000 manat olmaqla, o cümlədən görülən işlərin və göstərilən xidmətlərin dəyəri- 322.034 manat və 18% əlavə dəyər vergisi (ƏDV) – 57.966 (322.034 x 18% = 57.966) manat təşkil etməlidir. Odur ki, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisi hesab olunur və məcburi qeydiyyat zamanı bir əqd və ya müqavilə üzrə ƏDV-nə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək qüvvəyə minir (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 154.1-ci və 157.3.1-ci maddələri). Müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəliklər tam icra olunmamış və qismən icra olunmuş işlər isə açıq-aşkar qüsurlarla həyata keçirilmişdir. Eləcə də, hal-hazıradək qismən görülmüş işlərin təhvil-təslim aktı və MTK tərəfindən ödənilmiş vəsaitlərə görə ayrı-ayrılıqda, həmçinin, ümumilikdə dəyərləri üzrə ƏDV-nin elektron qaimə fakturası təqdim olunmamışdır. Cavabdeh tərəfindən görülməmiş işlərin dəyəri 15.000 manat təşkil edir, qismən icra olunmuş işlərin qüsurlarla həyata keçirilməsinə görə isə MTK-nə hal-hazıradək 25.000 manat maddi ziyan dəymiş və Cavabdeh ödənilmiş vəsaitlər üzrə ƏDV-nin elektron qaimə fakturası təqdim olunmadığına görə həmin məbləğ miqdarında, yəni ümumi 365.000 (309.323+309.323x18%) manat məbləğdən 55.677 manat ƏDV miqdarında vasaitin əvəzləşdirilməsi mümkün olmamışdır. Mübahisənin məhkəmədənkənar həlli baxımından cavabdehə xx.xx.2022-ci il tarixli yazılı “pretenziya və təklif göndərilmiş, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli 115 №-li qarışıq müqavilənin 4 səhifədən ibarət olan əlavəsində göstərilmiş 380.000 manat dəyərində olan bütün işlərin ayrı-ayrılıqda adları və qiymətləri qeyd olunmaqla təhvil-təslim aktının və müqavilə üzrə 380.000 manat dəyərində olan işlərin qismən icra olunmuş hissəsinə, yəni 365.000 manat məbləğindən hesablanmış 55.677 manat ƏDV-nin elektron qaimə fakturasınin 5 gün müddətində təqdim olunması, eləcə də, tərəfindən görülməmiş işlərin dəyəri olaraq 15.000 manat məbləğin və qismən icra olunmuş işlərin qüsurlarla həyata keçirilməsinə görə isə MTK-nə hal-hazıradək dəymiş 25.000 manat maddi ziyanın 5 gün müddətində ödənilməsinin təmin olunması və Cavabdeh tərəfindən yazılı münasibət bildirilməsi xahiş olunmuşdur. Eyni zamanda, həmin “pretenziya və təklifdə göstərilmişdir ki, əks təqdirdə, Cavabdeh müqavilə üzrə mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı təqdim olunmayacaqdır. Həmin müraciət, poçt xidmətinə görə ümumilikdə 23 manat ödənilməklə, rəsmi qaydada Cavabdeh həm qeydiyyatda olan, həm də faktiki yaşadığı ünvana göndərilmişdir. Hal-hazıradək cavabdeh tərəfində həmin müraciətə cavab verilməmişdir. Bundan sonra isə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Həmin təklifin cavabdehin ünvanına göndərilməsi üçün poçt xidmətinə görə 12 manat pul ödənilmişdir. Hal-hazıradək cavabdeh tərəfindən həmin təklifə də cavab verilməmişdir. Odur ki, təklifə 10 gün müddətində cavab verilmədiyindən, hazırkı mübahisənin məcburi mediasiya vasitəsilə həll olunması üçün mürəciət edilmiş və mediasiya xidmətindən istifadəyə görə 200 manat pul vəsaiti ödənilmişdir. Açıq-aşkardır ki, cavabdeh ona verilmiş hüquqlardan sui-istifadə edərək, qanunla üzərinə düşən vəzifələri kobudcasına və bilə-bilə pozmuş və iddiaçıya qarşı delikt törətməklə, ona həm maddi zərər, həm də qeyri-əmlak zərəri vurmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi, eləcə də qismən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsi və təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması və həmin müqavilədə göstərilən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayş binasının 5-ci mərtəbəsində yerləşən 30 №-li ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən mənzili başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması; cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun, 23 manat poçt xidmətləri üçün ödənişin, 200 manat mediasiya xidməti haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MTK-nin Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X7 üçüncü şəxs qismində qeyd edilməklə cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyri-əmlak zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı MTK-nin Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X7 üçüncü şəxs qismində qeyd edilməklə cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyri-əmlak zərərin ödənilməsi tələbi, iddia tələbinin “Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması” hissəsinin tələbdən ayrılması, ikinci tələbin ayrıca icraata ayrılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh, üçüncü şəxslər X7 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin, üçüncü şəxslər X4 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, nə İddiaçı MTK, nə də Cavabdeh müvafiq idarənin qeydiyyatında deyil, ƏDV öhdəliyi işi icra edənin üzərinə qoyulur. Lakin hazırkı tərəflərlə bağlı idarədə hər hansı məlumat yoxdur. Cavabdeh vergi ödəyicisi olmadığından onlara kiçik sahibkarlıq baxır, əgər həqiqətən o işi icra edibsə, gedir onu uçota qoyurlar, sonra ƏDV-ni hesablayırlar, iş-xidmətini müəyyənləşdirirlər. Milli Gəlirlər Baş İdarəsində heç biri uçotda deyil deyə, onlarla bağlı hər hansı məlumat idarədə yoxdur. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 115 №-li müqavilə imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndində MTK-nin ünvan 1 nömrəli 14 mərtəbəli yaşayş binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 №-li, ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 3 otaqlı mənzilin Cavabdeh verilməsi öhdəliyi nəzərdə tutumuşdur; 3.1-ci bəndinin «ç» yarımbəndində payçı tərəfindən mənzil pay haqlarının ödəmələrinin gecikdirildiyi halda MTK-nin payçını üzvlükdən azad etmək və müqaviləni birtərəfli ləğv etmək hüququ nəzərdə tutulmuşdur (payçı tərəfindən ödənilmiş məbləğin payçıya qaytarılması yalnız həmin mənzilin başqa bir şəxsə verildiyindən sonra mümkün olması qeyd edilmişdir); 5.1-ci bəndində təhvil veriləcək mənzilin ümumi dəyəri 140.000 manat müəyyən edilmişdir; 5.2-ci bəndində müqavilə bağlandığı tarixdən İddiaçı MTK-nin dəyəri 380.000 manat müəyyən edilən işıq xəttinin tam layihələşdirilməsi, çəkilməsi və sayğacla birlikdə təhvil verilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüş, həmin məbləğdən 140.000 mübahisəli mənzilin dəyəri çıxılmaqla, qalan 240.000 manatın hər iş görüldükcə mərhələ-mərhələ İddiaçı MTK tərəfindən cavabdehə veriləcəyi, bütün görüləcək işlərin qiymətlərinin və adlarının 4 səhfədən ibarət olan əlavədə göstərilməsi qeyd edilmişdir. 4 səhifədən ibarət olan əlavəni hər iki tərəf imzalamışdır. İddiaçı tərəfindən 240000 manat (380000 manat podrat müqaviləsinin dəyəri - 140000 mübahisəli mənzilin dəyəri) cavabdehə tam şəkildə ödənilmişdir (işin mübahisəsiz halı), yəni cavabdeh də mənzilin dəyərini ödəmişdir. - Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən, bina-v, mərtəbə 5-də olan yaşayış binasının ümumi sahəsi 203 kv.m olan 30 nömrəli 3 otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının X4 adına keçirilməsini xahiş etmiş, gələcəkdə MTK-nə hər-hansı maddi iradının və tələbinin olmayacağını bildirmişdir. Bundan sonra həmin mənzilə dair MTK ilə X7 arasında xx.xx.2018-ci il tarixli 115 №-li müqavilə bağlanmışdır. Sonradan Cavabdeh arvadı X2 iddiası əsasında qəbul edilmiş məhkəmə aktları ilə MTK ilə X7 arasında xx.xx.2018-ci il tarixli 115 №-li müqavilə etibarsız hesab edilmiş, mübahisəli mənzil Cavabdeh və X1 verilmişdir. - xx.xx.2022-ci il tarixli pretenziya və təklifin surətindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli 115 №-li qarışıq müqavilənin 4 səhifədən ibarət olan əlavəsində göstərilmiş 380.000 manat dəyərində olan bütün işlərin ayrı-ayrılıqda adları və qiymətləri qeyd olunmaqla təhvil-təslim aktının və müqavilə üzrə 380.000 manat dəyərində olan işlərin qismən icra olunmuş hissəsinə, yəni 365.000 manat məbləğindən hesablanmış 55.677 manat ƏDV-nin elektron qaimə fakturasınin 5 gün müddətində təqdim olunması, eləcə də, tərəfindən görülməmiş işlərin dəyəri olaraq 15.000 manat məbləğin və qismən icra olunmuş işlərin qüsurlarla həyata keçirilməsinə görə isə MTK-nə hal-hazıradək dəymiş 25.000 manat maddi ziyanın 5 gün müddətində ödənilməsinin təmin olunması və Cavabdeh tərəfindən yazılı münasibət bildirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7292 №-li ekspert rəyindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış podrat (qarışıq) müqailəsi üzrə 4 səhifədən ibarət əlavədə göstərilən işlərin tam icra olunmaması, yerinə yetirilməmiş işlərin və göstərilməmiş xidmətlərin ümumi dəyərinin 15000 manat (əlavənin «İcazələr» bölməsində 10000 manat dəyərində təhviltəslim aktları və 5000 manat dəyərində yol icazəsi), yerinə yetirilmiş işlərin qüsurlu icra olunmasının ümumi dəyərinin isə 57066 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, rəyə əsasən müqaviləyə əlavədə göstərilən baxış quyularının 20 ədəd quraşdırılması əvəzinə 1 ədədin quraşdırılması, gələcəkdə kabel xətlərində qəza baş verdiyi halda, kabel xətlərinin hissəvi deyil (yəni quyular arası məsafədə), ümumiyyətlə kabel xəttinin bütövlükdə dəyişməsinə səbəb ola bilər ki, bu da qəzanın həm yoxlanılması, həm də aradan qaldırılması üçün artıq pul vəsaitinin tələb olunmasını və bunun nəticəsində görülmüş işin keyfiyyətinin qüsurlu icra olunmasını müəyyən edir. Podrat (qarışıq) müqavilədə görülmüş işlərin ümumi dəyərinin 380000.0 manat nəzərdə tutulmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində bu işlərin ümumi dəyərinin 307934,0 manat məbləğində olduğu müəyyən edilir. Eyni zamanda, yerinə yetirilməmiş işlərin və göstərilməmiş xidmətlərin ümumi dəyəri 15000 manat (09 may 2016-cı il tarixli, 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə 4 səhifədən ibarət əlavənin «icazələr» bölməsində 10000,0 manat dəyərində təhvil-təslim aktları və 5000,0 manat dəyərində dəmir yol icazəsi), yerinə yetirilmiş işlərin qüsurlu icra olunmasının ümumi dəyəri isə 57066,0 manat (380000,0-307934,0-15000,0) məbləğini təşkil edir. - xx.xx.2023-cü il tarixli pretenziya və təklifin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsinin ləğv olunması və həmin müqavilədə göstərilən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən mənzil başqa şəxsə satıldıqdan sonra Cavabdeh 20961 manatın qaytarılması təklif edilmiş, təklifə 7 gün müddətində rəsmi cavab verilmədiyi təqdirdə, müqavilənin göstərilən şərtlər daxilində ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikası Energetika Nazirliyi X10 İdarəsi tərəfindən İddiaçı MTKnə xx.xx.2016-cı il tarixdə YG-000172 №-li «İstismara buraxılma Aktı» verilmişdir. Həmin akta əsasən obyekt istismara yararlı hesab edilmişdir. - xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Texniki Departamenti İddiaçı MTK tərəfindən TX-16/0047 №-li texniki şərtin yerinə yetirilməsi barədə BA-16/1263 №-li arayış vermişdir. - xx.xx.2016-cı il tarixdə "xxxx" ASC ilə İddiaçı MTK arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti barəsində akt imzalanmışdır. - İddiaçı MTK ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə işlərin tam görülməsi barədə xx.xx.2016-cı il tarixdə Gizli işlər Aktı tərtib edilmiş, verilmiş texniki şərtin müddəalarına əsasən mübahisəli binanın «Sabunçu» YS-nın 6 kv-luq paylayıcı qurğusunda yeraltı kabel fiberi (yuva) qaydalara uyğun olaraq quraşdırılıb verilməsinə dair Təhvil-Təslim Aktı təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/352 №-li ekspert rəyindən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış podrat (qarışıq) müqailəsi üzrə 4 səhifədən ibarət əlavədə göstərilən işlərin tam icra olunmaması müəyyən edilir. Həmin müqavilə üzrə 4 səhifədən ibarət əlavədə göstərilən 6-cı bölməsinin 11-ci bəndində baxış quyuların 20 ədəd quraşdırılması əvəzinə 1 ədədinin quraşdırılması, gələcəkdə kabel xətlərində qəza baş verdiyi halda, kabel xətlərinin hissəvi deyil (yəni quyular arası məsafədə), ümumiyyətlə kabel xəttinin bütövlükdə dəyişməsinə səbəb ola bilər ki, bu da qəzanın həm yoxlanılması, həm də aradan qaldırılması üçün artıq pul vəsaitinin tələb olunmasını və bunun nəticəsində, görülmüş işin keyfiyyətinin qüsurlu icra olunmasını müəyyən edir. Müqavilə üzrə görülmüş işlərin ümumi dəyərinin 380000,0 manat nəzərdə tutulmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində bu işlərin ümumi 307934,0 manat məbləğində olduğu müəyyən edilir. Yerinə yetirilməmiş işlərin və göstərilməmiş xidmətlərin ümumi dəyəri 15000,0 manat (09 may 2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə 4 səhifədən ibarət əlavənin «icazələr» bölməsində 10000,0 manat dəyərində təhvil-təslim aktları və 5000,0 manat dəyərində dəmir yol icazəsi), yerinə yetirilmiş işlərin qüsurlu icra olunmasının ümumi deyəri isə 57066,0 manat (380000,0-307934,0-15000,6) məbləğini təşkil edir. Adıçəkilən binanın enerji və elektrik qurğuları ilə təchiz edilməsi üçün tikintiquraşdırma işlərinin aparılmasına dair "xxxx" ASC tərəfindən TX-16/0047 nömrəli texniki şərt verlmişdir. Texniki şərtin tələblərinin yerinə yetirilməsi zərurətilə ilə bağlı, tərəflər arasında bağlannmış podrat (qarışıq) müqaviləsinə əlavə kimi 4 səhifədən ibarət cədvəldə yerinə yetiriləcək işlərin və istifadə olunacaq avadanlıqların ayrı-ayrılıqda növləri, markası, həcmi və qiyməti, o cümlədən, sözügedən 20 ədəd lukun (baxış quyuları) quraşdırılması əks olunmuşdur. Baxış quyuların sayı müvafiq texniki şərtin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqaviləyə əlavə edilmiş cədvəllə təyin edilmişdir. "xxxx" ASC tərəfindən verlmiş TX-16/0047 nömrəli texniki şərtin tələblərini və tərəflər arasında bağlanmış podrat (qarışıq) müqaviləsinə 4 səhifədən ibarət əlavə edilmiş cədvəlin göstəricilərini nəzərə alaraq, 2018-ci ilin yaz aylarında dəmir xəttinin inşası ilə bağlı MTKnin yarımstansiyasının xəttində baş vermiş partlayış və qəza nəticəsində 7 il (əslində 6 ildir) ərzində baş verən hər-hansı hadisə nəticəsində müqavilə üzrə sayı 20 ədəd nəzərdə tutulmuş baxış quyulardan hər hansının bağlanması müvafiq texniki şərtin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 764.1. maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

765. maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

766. maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

773. maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sifarişçi olan MTK işi podratçı olan cavabdehdən qəbul etmiş, "xxxx" ASC İddiaçı MTK tərəfindən texniki şərtin yerinə yetirilməsi barədə arayış vermiş, X10 İdarəsi İddiaçı MTK-nə “istismara buraxılma aktı” vermiş, həmin akta əsasən obyekt istismara yararlı hesab edilmiş və həmin dövrdə iddiaçı podratın nəticələrinin qüsurlu olması barəsində hər hansı irad bildirməmişdir. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, qanunvericiliyin yuxarıda sadalan hallarından göründüyü kimi, podratın nəticəsi adi istifadə üçün yararlı olduğundan, sifarişçi qüsur barədə pretenziya irəli sürmədiyindən podrat qüsurlardan azad saylmalıdır. Məhkəmə hesab edir ki, nə qədər ki iddiaçı və səlahiyyətli orqanlar podratın nəticələrini qəbul etmiş, binanın elektrik şəbəkəsinin istismarına icazə verilmiş, bina özü istismara qəbul edilmiş, podrat qüsursuz icra edilmiş hesab edilməlidir. Digər tərəfdən, iddiaçı müqaviləni bağlayarkən cavabdehin sahibkar və ƏDV ödəyəcisi olmadığını bildiyindən, ƏDV-nin əvəzləşdirilməsinin də mümkün olmadığını bilmiş və şüurlu şəkildə müqaviləni bağlamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, hətta podratın nəticələrinin qüsurlu olduğu sübuta yetirilmiş olsa belə, iddiaçının müqavilənin ləğv edilməsi tələbini irəli sürməsi əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə nəzərdə tutulan mənzilin dəyərini tam şəkildə ödəmiş, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mənzil cavabdehin qanuni istifadəsinə qaytarılmış, mübahisə predmeti olan müqavilədə mənzilin təhvil verilməsi podratın nəticələri ilə şərtləndirilməmişdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən tam şəkildə icra edildiyindən, iddiaçı isə müqavilənin ləğv edilməsinə dair iddiasının dəlillərini sübuta yetirə bilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MTK-nin Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X7 üçüncü şəxs qismində qeyd edilməklə “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ: İddiaçı MTK-nin Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X7 üçüncü şəxs qismində qeyd edilməklə “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar