Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1810/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdeh X2 qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair ərizəsini məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X2 qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 aliment almasında, sonuncu, atalıqdan imtina edəcəyi təqdirdə isə, DNT analizi üçün ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının və cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Lakin müəyyən olunur ki, məhkəməyə təqdim edilmiş hazırkı ərizə iddia ərizəsi formasında tərtib edilməmiş, iddiaçının və cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer və 149.2.2-ci maddədə qeyd edilən digər zəruri məlumatlar iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda, iddiaçının tələbi aydın formada göstərilməmiş, tələbi təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsinə dair məlumat da həmin ərizəyə əlavə edilməmişdir. Bundan başqa, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də ərizəyə əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0, 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1, 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.6- 1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən, tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. 29.7-ci maddəsinə görə, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər və işin nəticəsindən aslı olaraq müvafiq arayışı və ya protokolu iddiaçı iddia ərizəsinə əlavə etməlidir. Buna baxmayaraq, iddiaçı tərəfindən qanunun bu tələbinə də əməl edilməmişdir. Sadalanan nöqsanlar hazırkı ərizənin məhkəmənin icraatına qəbulunu mümkünsüz edir. Həmin nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada alındığı gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1810/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1810/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver