Məhkəmə qərarları › İş №2(008)-1834/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1834/2025

12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1834/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 246 (iki yüz qırx altı) manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutularaq o - X4 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırki, o - X5 Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Həmin nikahdan iki uşağı - xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021- cu il təvəllüdlü X6 doğulub. Uşağın qayğısına qalmaq bir valideyn kimi cavabdehin də borcudur. Bu səbəbdən də hesab edir ki, X3 və X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 246 manat (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment tutularaq, ona verilməlidir. Məhkəmə iclasında iştirak İddiaçı iddia tələbini müdafiə edərək nikahın pozulmasına dair iddia tələbinin hal hazırda başqa məhkəmə icraatında olduğunu, atanın uşaqların onun yanında qalmasına etiraz etmədiyini bildirərək uşaqların saxlanması üçün aliment tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulmasına dair iddia tələbi ilə müraciət etdiyini və uşaqların ananın yanında saxlanılmasına etiraz etmədiyini, lakin alimentin məbləğinin çox olduğunu, maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, Cavabdeh ilə X8 xx.xx.2019-cu ildə 17 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xİdmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən çıxarışından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xİdmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-02412 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya, 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci il üçün minimum əmək haqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin rəsmi nikahlarından iki övladları olmuşdur. Tərəflərin nikahları pozulmasa da, tərəflər birgə yaşamır, uşaqlar hal-hazırda ananın himayəsində saxlanmışdır. Cavabdeh hal-hazırda uşaqların heç bir tələbatlarını ödəmir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müracət edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hesablanma tarixinə münasibət bildirərək qeyd edir ki, cavabdeh aliment tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdən müraciət etmiş olduğundan alimentin hesablanma tarixi qətnamə çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla İddiaçı xeyrinə hər ay, hər uşağ üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar