Məhkəmə qərarları › İş №2(008)-188/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-188/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-188/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabehdən hər ay 220 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikahları Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh uşaqla maraqlanmır, onun normal, sağlam böyüməsi, habelə maddi təlabatlarının ödənilməsi üçün heç bir köməklik göstərmir. Uşağın qayğısına qalmaq bir valideyn kimi cavadehin də borcudur. Hazırda uşağı təkbaşına böyütmək onun üçün olduqca çətindir. Bu səbəbdən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçı ilə 5 gün ailə həyatı yaşadığını, xx.xx.2020-ci il təvəllüdlü X4 onun uşağı olmadığını bildirdi. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından və iş materiallarından görünür ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərdən xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2512/2017-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cü il tarixdə 973 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2512/2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı “uşağın atasının olmaması” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 onun uşağı olmadığını bildirsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2512/2017-ci il tarixli qətnaməsi ilə onun X2 qarşı “uşağın atasının olmaması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh X4 atası olduğunu inkar edən hər hansı sübut iş materiallarında mövcud deyil. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təyin olunmuş aliment üzrə bir il ərzində ödəmənin məcmusu 2640 (12 ay x 220 manat) manat təşkil etdiyindən, cavabdehdən 46,40 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı X1 xeyrinə, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar