Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-19/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi Nəbiyeva Nuray Vidadi qızının katibliyi ilə İddiaçı-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli 2(008)-4156/2016 nömrəli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kreditor İddiaçı-nin xeyrinə 3910.67 manat əsas borc, 618.03 manat faiz borcu, cəmi 4528.7 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. İş üzrə borclulardan Cavabdeh3 Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli 2(008)-4156/2016 nömrəli məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-cı il tarixli 2(008)- 4156/2016 nömrəli qərardadına əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli 2(008)-4156/2016 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh3 arasında 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli və Cavabdeh2 arasında 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan tərəfindən 26 sentyabr 2014 il tarixli, 104840-0027/14 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 24 fevral 2016-cı il tarixinə borclunun kredit müqaviləsi üzrə 3910.67 manat məbləğində əsas borc və 618.03 manat faiz borcu olmaqla, ümumilikdə 4528.7 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı-nin nümayəndəsi Nümayəndə idda tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edib iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2879.37 manat əsas borc, 1173.2 manat faiz borcu, illik 5 faiz olmaqla hesablanmış 1319.86 manat faiz, cəmi 5372.43 manat kredit borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddia tələbinə etiraz edərək iddiaçının məhkəməyə təqdim etdiyi 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirərək iddia tələbinin ona dair hissədə rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə görə zamin Cavabdeh3 borcalan Cavabdeh1 iddiaçı qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14/2 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə görə zamin Cavabdeh2 borcalan Cavabdeh1 iddiaçı qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 4/392 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(008)-8378/2022 nömrəli mülki işin materialında olan 26 sentyabr 2014-cü il tarixli, ekspertizaya təqdim edilmiş, 2(008)-8378/2022 nömrəli mülki işin materialında olan 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli Zaminlik müqaviləsinin “10.Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza və həmin imzanın qarşısında “Musayev E” yazıları – Cavabdeh3 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 4/1788 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2(008)-39/2023 nömrəli işin 15-ci vərəqəsində olan 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli zaminlik müqaviləsinin arxa tərəfində “10.Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza və həmin imzanın qarşısında “Musayev E” yazıları – Cavabdeh3i tərəfindən icra olunmuşdur. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinin bitdiyi tarixə, yəni 12 avqust 2016-cı il tarixə banka 3910.67 manat əsas borcu və 1173.2 manat faiz borcu olmuşdur. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra isə (12 avqust 2016-cı il tarixdən 30 dekabr 2023-cü il tarixədək) gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1319.86 manat məbləğində faiz borcu hesablanmışdır. Həmçinin 12 avqust 2016-cı il tarixdən bu vaxtadək ümumilikdə 1031.3 məbləğində ödəniş edilmiş və həmin ödənişlər əsas borcdan silinmişdir. Odur ki, qeyd olunan kredit müqaviləsi üzrə 2879.37 manat əsas borc, 1173.2 manat faiz borcu və illik 5 faiz hesablanmaqla 1319.86 manat faiz borcu olmaqla, cəmi 5372.43 manat məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə İddiaçı-dən alınmış 5000 manat məbləğində kreditin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək iddiaçının məhkəməyə təqdim etdiyi 26 sentyabr 2014-cü il tarixli, 104840-0027/14 nömrəli zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirsə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 4/392 saylı rəyi və 29 noyabr 2023-cü il tarixli, 4/1788 saylı rəyi ilə həmin müqavilənin məhz Cavabdeh3 tərəfindən imzalanması müəyyən edilmişdir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiklərindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2879.37 manat əsas borc, 1173.2 manat faiz borcu, illik 5 faiz olmaqla hesablanmış 1319.86 manat faiz, cəmi 5372.43 manat məbləğində pul tutularaq İddiaçı-nin xeyrinə ödənilməlidir. İş materiallarında ödəniş qəbzindən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. məhkəmə xərci cavabdehə aid edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri cəmi 236 (110 + 126) manat Cavabdeh3 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2879.37 manat əsas borc, 1173.2 manat faiz borcu, illik 5 faiz olmaqla hesablanmış 1319.86 manat faiz, cəmi 5372.43 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri cəmi 236 (110 + 126) manat Cavabdeh3 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Rzayev
Məhkəmə qərarları › İş №2(008)-19/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-19/2024
19.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver