Məhkəmə qərarları › İş №2(008)-1933/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1933/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1933/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh qəyyumu olan və digər cavabdeh olan X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh qəyyumu X2 qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh qəyyumu X2 qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən aylıq pensiyasından qanunsuz tutulan 70 (yetmiş) manat alimentin dayandırılması və işə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı X3 ilə ailə həyatı quraraq xx.xx.1989-cu il tarixdə rəsmi nikah bağlamış, həmin nikahdan üç övladları: xx.xx.1988-ci il təvəllüdlü Rüstəmova Durna Qabil qızı, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh və xx.xx.1992-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduğu ilk gündən münasibətləri çox yaxşı olmasa da, ailəni qoruyub saxlamağa çalışmış, həmişə ailə üzvlərinə qarşı münasibəti pis olmamış, onların qayğısına qalmış, bacardığı qədər onların əziyyət çəkməsinə şərait yaratmamışdır. Qeyd etmək istəyir ki, ailə qurduğu gündən ailədə tək qazanc gətirən o olmuş, keçmiş həyat yoldaşı Gülxar heç bir fərdi işlə məşğul olmamış, ancaq uşaqların saxlanılmasına və qayğısına qalmışdır. X3 rəsmi qeydiyyatda olduğu Göy-Göl rayon (Keçmiş Xanlar) Məhkəməsinə “nikahın pozulması” ilə bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmiş və həmin ildə rəsmi nikahı pozulmuş, anadan qüsurlu doğulmuş qızı Dürdanə onun himayəsində, oğlu Firdovsi, həyat yoldaşı və azyaşlı qızı ilə onun yanında, digər qızı Durna isə ailəlidir, ər evində yaşayır. 2000-ci ilin noyabr ayından ünvan 1 ünvanında yerləşən özbaşına tikilidə keçmiş həyat yoldaşı X7, qızı Cavabdeh, oğlu X6, həyat yoldaşı və kiçik qızı ilə birlikdə neçə illərdir ki, gərgin münasibətlər şəraitində yaşayırlar. Beləliklə də, Cavabdeh və onun nümayəndəsi Rüstəmova (qızlıq soyadı Əliyeva) ona İddiaçı qarşı “aliment tələbi barədə” Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iş № 2(011)- 7710/2019 saylı qətnaməsi ilə (hakim X5) iddia tələbi qanunsuz və əsassız olaraq qismən təmin edilmişdir. Görünən odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi ərazi aidiyyatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydaları kobud surətdə pozmuş (Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsi (iddianın cavabdehin olduğu yerə görə verilməsi) ona görə ki, həm İddiaçı, həm də Cavabdeh) Göy-Göl rayonu, Quşqara kəndində rəsmi pasport qeydiyyatındadırlar. 2000-ci ilin noyabr ayından ünvan 2 ünvanında özbaşına tikilidə yaşayırlar. Eləcə də Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti də bir dövlət qurumu olaraq qanunvericiliyin tələblərinə əməl etməmiş, X4 İİ qrup əlil olan Cavabdeh qəyyumu təyin edilməsi və onun nümayəndəsi X7 haqqında sərəncam vermişdir. Belə ki, o, xx.xx.2013-cü il tarixdə Mərkəzi Klinikaya daxil olaraq açıq ürək əməliyyatı keçirmiş, xx.xx.2013-cü il tarixdə xəstəxanadan evə buraxılmışdır. Ona 2017-ci ildən İİ qrup əlillik dərəcəsi təyin edilərək 130 (yüz otuz) manatdan başlayaraq pensiya təyin edilmiş, 2022-ci ilin may ayından aldığı 270 (iki yüz yetmiş) manat pensiya kəsilmiş, bu günə kimi pensiyanı düzəltdirə bilməmişdir. Əlavə edir ki, açıq-ürək əməliyyatı keçirdikdən sonra əmək qabiliyyətini demək olar ki, 70-80 faizini itirmişdir. Qızı Cavabdeh isə 5 (beş) yaşından İİ qrup əlildir, o da pensiya artımından sonra hər ay dövlətdən 280 (iki yüz səksən) manat pensiya alır. Keçmiş həyat yoldaşı X7 tam sağlamdır, heç bir yerdə işləmək, bütün günü işi-gücü gəzməkdən ibarətdir. Onun hər ay aldığı pensiya, gündəlik maddi təlabatına, istifadə etdiyi dərman peraparatlarına çatmır, 2 kq-dan artıq yük götürə bilmir. Onun aylıq pensiyasından Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən hər ay 70 (yetmiş) manat məbləğində aliment tutulması qərar alınmış, aldığı pensiya kəsilmiş, əmək qabiliyyəti olmadığı üçün heç bir yerdə işləyə bilmir. Ərazi aidiyyatı üzrə icra məmuru onu narahat edir, intihar etmək dərəcəsinə gəlmiş, ona oğlu Firdovsi baxır, o da ailəlidir, azyaşlı bir qız övladı var. Ona görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinin Nəhayət, bildirmək istəyir ki, o, da insandır, bu gündən sonra insan kimi yaşamaq istəyir, oğlu Firdovsiyə ağır yük olmuş, dəfələrlə oğluna bildirmiş ki, onu apar qocalar evinə, oğlu isə ona bildirdi ki, elə bir hadisə olsa özünü öldürəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, və eyni zamanda bildirmişdir ki, onun sağlamlıq imkanlarının məhdudluğu uzadılmamış və təqaüdü 2022-ci ilin may ayından etibarən dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh qəyyumu habelə digər cavabdeh X7 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, İddiaçı təyinat tarixi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətədək ikinci dərəcəli əllillik məhdudluğu müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7710/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, 10 dekabr 1989-cu il təvəllüdlü Cavabdeh saxlanması üçün İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 70 (yetmiş) manat məbləğində sabit pul şəkilində aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş aktiv çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə doğulmuşdur. Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X7 razılığa gəlməyən tərəf olmuşdur, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 102 nömrəli Sərəncamdan çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-406/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında qeydiyyatda olan X7 həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan qız Cavabdeh üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Mülki iş matriallarına əlavə edilmiş, bir sıra tibbi xidmətlərdən istifadəyə dair sənədlərin kseri sürətindən görünür ki, İddiaçı Həsən oğlu bir sırı tibbi müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda hallarda xitam verilir. Məhkəmə ilk öncə onu qeyd edir ki, belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimenti ödəməkdən azad edilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Məhkəmə mülki iş matriallarını nəzərdən keçirərək qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7710/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment təyin edildikdən sonra iddiaçının həmin aliment məbləğindən azad olmasına əsas verən halların mövcud olduğu mülki işin matriallarıan əlavə edilmiş sənədlər ilə sübuta yetirə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh qəyyumu X2 qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar