Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1999/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat, onun 3 yaşına çatanadək saxlanması üçün isə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə xx.xx.2023-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Nikahları pozulmamışdır. Cavabdehlə ilk dövrlərdə ailə münasibətləri qaydasında olsa da, sonradan anlaşılmazlıqlar yaranmış, 5-6 aydan artıqdır ki, faktiki olaraq ayrılmışlar, valideynləri ilə qalır. Cavabdehin evindən ayrılanda hələ övladı doğulmamışdır. Həmin vaxtdan cavabdeh nə onunla, nə də bətnində olan övladının vəziyyəti ilə bağlı maraqlanmış, xəstəxana xərclərini belə qarşılamamışdır. Bütün xəstəxana xərclərini valideynləri çəkmişdir. Cavabdeh övladının saxlanmasında maddi yardım etmir. Çox çətinliklə övladına baxır. Yeni doğulmuş körpənin xərcləri çoxdur. Övladı körpə olduğuna görə, işləyə bilmir. Cavabdehə uşağın saxlanmasında maddi yardım etməsi barədə müraciət etsə də, heç bir köməklik etməmişdir, baxmayaraq ki, işləyir və aylıq gəliri yüksəkdir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin ondan tutulmasına razı deyildir. Ailəsinin yeganə qazanc gətirəni odur, atası açıq ürək əməliyyatı olduğu üçün işləyə bilmir. Anası evdar xanımdır, onun da səhhətində problemləri var. Yəni o, özünü, ata və anasını aldığı 350 manatla dolandırır. O, rəsmi olaraq elektrik işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir. Ona görə də, ondan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, cavabdehin ərizəsini, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 048784 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə 218 saylı akt qeydi aparılmaqla Cavabdeh ilə X3 arasında rəsmi nikah bağlanmış, nikahdan sonra arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehlə birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində və 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 100 manat pulun tutulmasını xahiş edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin tərəflərin birgə nikahından olan uşağının mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, tələbin digər - X2 3 yaşı tamam olanadək cavabdehdən əlavə 100 manat pulun tutulması hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Bununla belə, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin hissədə - cavabdehlə birgə nikahdan olmuş uşağın 3 yaşı tamam olanadək cavabdehdən 100 manat məbləğində alimentin tutulmasını əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə pulu ödəmək üçün zəruri vəsaitə malik olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək cavabdehdən 50 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat, habelə uşağın 3 yaşı tamam olanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1999/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1999/2024
19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver