Məhkəmə qərarları › İş №2(008)-2014/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2014/2021

01.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2014/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Cavabdeh4, Cavabdeh1 və onun vəkili və nümayəndəsi X1, Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ASC-yə, Cavabdeh3nə qarşı mənzilin alqı-satqısına dair müqavilələrin ləğv edilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-yə və 53 saylı Notarit ofisinə qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçının mülkiyyətinə qaytarılmış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsində yerləşən 2 nömrəli evin 2 nömrəli mənzilinə dair, (sonradan - mübahisəli mənzil) cavabdeh- kredit dosyesinin saxlayıcısı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti olduğu, Ləğv Prosesində olan xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış və Cavabdeh3ndə 13.04.2017-ci il tarixdə 4Ə-507 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqavilələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzilə dair iddiaçı X5 ilə Cavabdeh5 arasında 06.05.2015-ci ildə bağlanmış AN-İ seriyalı ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi» etibarsız hesad edilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən 15.04.2017-ci ildə aparılmış qeydiyyat üzrə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların çıxarılması qət olunmuş, yuxarı instansiyalar məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 mübahisəli mənzili 50000 manata işə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh4 satmışdır. Qeyd olunan mülki iş üzrə məhkəmə qərarlarının icrası zamanı xxxx ASC- nin Suraxanı rayon icra və probasiya şöbəsinə ünvanladığı 09.01.2020-ci il tarixli məktubda bildirilmişdir ki, 13.04.2017-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən alıcı (ipoteka qoyan) Cavabdeh1 məxsus mübahisəli mənzil kredit müqaviləsinin təminatı qismində Bankın xeyrinə ipoteka ilə yüklü olunub. Göstərilən səbəblərdən İddiaçı mübahisəli mənzili öz adına qeydə aldıra bilmir. Ona görə də, xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsi ləğv olunmalıdır. İddiaçı 02.11.2020-ci il tarixdə təklif ərizəsi ilə cavabdehlərə müraciət edərək Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən qeyd olunan ipoteka müqaviləsini 20 gün müddətində ləğv edib bu barədə ona bildirilməsini xahiş etmiş, lakin həmin vaxtdan 2 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdehlər ipoteka müqaviləsini ləğv etməmişlər. Ləğv prosesində olan “xxxx” ASC-nin müştərisi olmuş alıcı-ipoteka qoyan Cavabdeh1 kredit dosyesi Cavabdeh2 ASC-yə təhvil verilmişdir. Sonradan iddiaçı əlavə iddia ərizəsi verərək, cavabdeh qismində Cavabdeh1, Cavabdeh2 ASC-ni, Cavabdeh5 və Cavabdeh4 cavabdehlər qismində geyd edərək, xxxx ASC-ilə Cavabdeh1 arasında bağlanmış və Cavabdeh3ndə 13.04.2017-ci il tarixdə 4Ə- 507 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqavilələrinin, habelə cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 08 fevral 2017-ci il tarixli 16 saylı Notariat Kontorunda 4Ə-98 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh5, Cavabdeh3 nümayəndəsi məhkəməyə gəlməmiş, Cavabdeh3 notariusu məhkəməyə məktub göndərirək, işə onların iştirakı olmadana baxılmasını xahiş etmişdir. Məhkəmə xahişi nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh5 və Cavabdeh3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin və əlavə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iş üzrə izahat verərək qeyd etdi ki, mübahisəli mənzili makler vasitəsilə bacısına almış, bacısı evin nəm çəkdiyini, səsli-küyly olduğunu görəndən sonra evi bəyənməmiş, sonradan yenə də başqa makler vasitəsilə evi Cavabdeh1 satmışdır. Sonuncu evi ipoteka ilə almışdır. Nə Cavabdeh5, nə də Vüsalı şəxsən tanımır, ümumiyyətlə hadisələri çox yaxşı xatırlamır, apellyasiya və kassasiya instansiyaları məhkəmələrində özü şəxsən iştirak etməmiş, onu təmsil edən vəkilləri də tanımır. Hesab etmir ki, hər hansı bir qanun pozuntusuna yol verib və iddianını rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iş üzrə izahat verərək qeyd etdi ki, mənzilin alınmasına pulu kifayət etmədiyindən mübahisəli mənzili ipoteka ilə almışdır. Həqiqətən mənzilin divarları nəm çəkmişdir, mənzilin böyük bir supermarketlə ortaq divarı olduğundan çox səsli-küylüdür, lakin ipoteka ilə aldığından onu qaytarmaq mümkn deyildir, bu səbəbdən mənzili təmir edib anası ilə yaşayır. Özünü vicdanlı əldə edən hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 vəkili və nümayəndəsi X4 eyni izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək qeyd etdi ki, mübahisəli mənzil ipoteka fondunun razılığı ilə Vüsala satılmış, bu zaman mənzilə dair məlumatlar toplanmış, mənzil problemsiz görsəndiyindən Vüsala satılmış və ipoteka ilə yüklü edilmişdir. Vüsal vicdanlı əldə edəndir, odur ki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Mübahisəli mənzil İddiaçı mülkiyyətində olmuşdur. Mənzilin mülkiyyətçiləri aşağıdakı qaydada dəyişmişdir. İddiaçı 06.05.2015-ci il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili Cavabdeh5 satmış, mənzil 16.05.2015-ci il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Cavabdeh5 mübahisəli mənzili 08.02.2017-ci il tarixli, 4Ə-98 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh4 satmış, mənzil 11.02.2017-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Cavabdeh4 13.04.2017-ci il tarixli 4Ə-507 reyestr nömrəli alqı- satqı və ipoteka müqaviləsinə əsasən sözügedən mənzil 02.05.2017-ci il tarixdə Cavabdeh1 satmış, mənzil hazırda mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29.07.2009-cu il tarixli **********16 №-li məktubu). İddiaçı Cavabdeh5 ilə bağlanmış 06.05.2015-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Suraxanı rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli qətnaməsilə həmin müqavilə etibarsız hesad edilmiş, müqavilə əsasında Cavabdeh5 verilmiş Çıxarış ləğv edlmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli qətnaməsilə həmin hissədə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 18.06.2019-cu il tarixli qərarı ilə apellyasiya intsansiyası məhkəməsinin qətnaməsi dəyişdirlimədən saxlanılmışdır. Məhkəmələr adıçəkilən müqaviləni etibarsız hesab edərkən, müqavilənin formal olaraq bağlanması qənaətinə gəlmiş, eyni zamanda, müqavilə üzrə nəzərdə tutulan 50 000 manat məbləğin alıcı Cavabdeh5 tərəfindən satıcı İddiaçı ödənilməsi iş materialları ilə təsdiqini tapmamışdır. İşə Suraxanı rayon Məhkəməsində baxılan zaman mübahisəli mənzilin Cavabdeh5 tərəfindən Cavabdeh4 50 000 manata satıldığı müəyyən edilməsinə baxmayaraq, onların arasında olan alqı-satqı müqaviləsi mübahisələndirilməmiş, mənzilin üzərinə həbsin qoyulması tələb edilməmişdir. Bundan başqa, Suraxanı rayon Məhkəməsində işə baxılarkən mübahisəli mənzil artıq Cavabdeh1 satılmış və ipoteka ilə yüklü edilmiş, lakin bu hal məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə iddia tələbi iki hissədən ibarətdir: Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmı alqı-satqısı müqaviləsinin ləğv edilməsi; Cavabdeh4, Cavabdeh1 və «X7» ASC arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi. Məhkəmənin sorğusuna əsasən Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış, 4Ə-98 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair qovluğun təsdiq olunmuş surəti 16 saylı notariat ofisinin notariusu tərəfindən məhkəməyə göndərilmişir. Həmin qovluqdan aşağıdakılar müəyyən edilmişdir. 08.02.2017-ci il tarixli, AN-İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 mübahisəli mənzili 50 000 manat dəyərində Cavabdeh4 satmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayış əlavə edilmişdir. Həmin Arayış əsasən mənzilə dair məhdudiyyyət və yüklülük qeydə alınmamışdır. 50 000 manat məbləği Cavabdeh4 07.02.2017-ci il tarixli kassa mədaxil orderi əsasında «xxxx» ASC vasitəsilə notariusun depozitinə qoyulmuşdur. Satıcının arvadı mənzilin satışına dair razılıq ərizəsini notariusa təqdim etmişdir. «xxxx» Sığorta Şirkəti ASC tərəfindən mənzilin icbari sığortası həyata keçirilmişdir. Məhkəmənin sorğusuna əsasən ikinci tələb üzrə 53 saylı notariat kontoru tərəfindən qovluğun (iş № 4ə-02-507) surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qovluqdan aşağıdakılar müəyyən edilmişdir. 13.04.2017-ci il tarixli, CBAŞM/İF-0027 Cavabdeh4, Cavabdeh1, «X7» ASC arasında üçtərəfli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mübahisəli mənzili Cavabdeh1 satmış, mənzilin 63 000 manat satış qiymətinin 19 000 manat hissəsi Vüsal tərəfindən, 44 000 manat hissəsi 12.04.2017-ci il tarixli kredit müqaviləsinə əsasən ipoteka saxlayan Bank tərəfindən ödənilmişdir. 63 000 manat məbləği Cavabdeh1 12.04.2017-ci il tarixli, 01 №-li ödəniş tapşırığı əsasında notariusun depozitinə qoymuşdur. Müqavilənin 1.3-cü bəndində daşınmaz əmlakın ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağa qoyulmaması qeyd edilmişdir (bunu təsdiq edən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayış əlavə edilmişdir). Satıcının arvadı mənzilin satışına dair razılıq ərizəsini notariusa təqdim etmişdir. «xxxx» ASC tərəfindən mənzilin icbari sığortası həyata keçirilmişdir. “X7” ASC “xxxx” ASC-yə qoşularaq yenidən təşkil edildiyindən Cavabdeh1 kredit dosyesi “xxxx” ASC-yə təhvil verilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” ASC-nin lisenziyası ləğv edildikdən sonra “Kredit dosyelərinin təhvil-təslimi barədə” 10.06.2020-ci il tarixli Akt əsasında Cavabdeh1 kredit dosyesi (kredit müqaviləsi, alqı-satqı və ipoteka müqaviləsi və s. sənədlər ilə birlikdə) ləğv prosesində olan “xxxx” ASC tərəfindən Cavabdeh2 ASC-yə təhvil verilmişdir (Cavabdeh2 ASC tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə etiraz). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinası alındıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, Mülki Məcəllədə müqavilənin ləğv edilməsi müqavilə tərəflərinin birinin tələbi ilə nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli qətnaməsində zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu Cavabdeh5 izah edilmişdir. Lakin, Cavabdeh5 belə bir iddia ilə məhkəməyə müraciət etməmiş, hətta hazırki mülki işə cəlb edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli qətnaməsində, Ali Məhkəmənin 18.06.2019-cu il tarixli qərarında mhkəmə kollegiyaları belə qənaətə gəlmişdilər ki, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış əqdin etibarsızlığı və onun əsasında aparılmış qeydiyyatın ləğv olunması özü-özlüyündə həmin mənzilə dair sonradan Cavabdeh4lə bağlanmış əqdin etibarsızlığını və onun əsasında aparılmış qeydiyyatın ləğvini ehtiva etmir. Bu zaman, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə istinad edilmişdir. Həmin müddəaya görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 mübahisəli mənzilə dair alqı-satqı müqavilələri bağlayarkən qanunvericilyin bütün tələblərinə riayət etmiş, nəzərdə tutulan məbləğləri qanuni qaydada notariusun depozitinə köçürtmüşdülər. Bu zaman, müqavilələr formal xarakter daşımamış, alıcıların mənzili almaqda real niyyətləri olmuşdur, hazırda da Cavabdeh1 həmin mənzilə görə Banka kredit ödəməkdə davam edir. Odur ki,məhkəmə hesab edir ki, idda rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış və Cavabdeh3ndə 13.04.2017-ci il tarixdə 4Ə-507 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqavilələrinin, habelə cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 08 fevral 2017-ci il tarixli 16 saylı Notariat Kontorunda 4Ə-98 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin ləğv olunması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar