Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2294/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.05.2021-ci il tarixdə övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment və X3 3 yaşı tamam olana qədər uşağı saxlamağa görə 100 (yüz) manat maddi yardım, ümumi 350 (üç yüz əlli) manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01.05.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, nikahı 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 701 saylı qeydlə rəsmiləşdirilmişdir. Birgə nikahdan 06.05.2021-ci il tarixdə övladı X4 anadan olmuşdur. Övladı olmasına baxmayaraq, Cavabdeh ailəsi ilə maraqlanmır, ailənin maddi ehtiyaclarının təmin edilməsinə yardım etmir, hər vəchlə ailə başçısı kimi öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Uşağın günü-gündən artan maddi tələbatının ödənilməsi məqsədilə hazırda aliment tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Qeyd olunan məsələ ilə bağlı məhkəmədən əvvəl mübahisənin mediasiya vasitəsilə həll olunması üçün 5 saylı Mediasiya təşkilatına müraciət etmişdir. X1 tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi üçün Cavabdeh dəvət məktubu göndərilsə də, o, mediasiya sesiyasında iştirak etmədi. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir və ilkin mediasiya sesiyasında cavabdehin iştirak etməməsi barədə № MŞB/5- 00047 saylı arayış təqdim edildi. Sadalananlara əsasən hesab edir ki, Cavabdehla birgə nikahdan anadan olmuş Günəş Hümmətlinin saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olana qədər onun saxlanmasına görə 100 (yüz) manat məbləğində maddi yardım tutularaq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək 193 (yüz doxsan üç) manat aliment və 3 yaşına çatanadək 60 manat ödəməyə etiraz etmədiyini bildirmişdir və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün birgə hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 394925 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 01.05.2020-ci ildə 701 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İV seriyalı, 597918 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 27.01.2021-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydi 06 may 2016-cı il tarixdə 2243 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh rəsmi nikahda olsalar da, iddiaçı Cavabdeh nikahdan doğulmuş uşağın saxlanmasına biganə yanaşaraq, valdeyin kimi üzərinə düşən öhdəliyini azımı şəkildə yerinə yetirmədiyindən, iddiaçı tərəflərin birgə nikahından doğulmuş övladının saxlanması üçün il öncə mediyasiya şürasına daha sonra isə məhkəməyə müraciət edərək, uşağln yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmasını xahiş etmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını və cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 23.02.2022-ci il tarixdən etibarən 27.01.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək saxlanması üçün onun xeyrinə 100 manat aliment tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 100 manat məbləğində əlavə aliment tələb etsə də, sonuncunun aylıq yüksək və əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən 27.01.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 60 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.02.2022-ci il tarixdən etibarən 27.01.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və 27.01.2021-ci il təvəllüdlü X3 3 yaşı tamam olana qədər uşağın saxlanması üçün 60 (altmış) manat aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2294/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2294/2022
21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver