Məhkəmə qərarları › İş №2(008)-2423/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2423/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2423/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixli 2(008)-899/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını və əlavə müavinətin ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə Sabunçu rayon məhkəməsində aliment tələbi ilə iddiası olub. Üç qız övladı var. Cavabdehlə əvvəllər münasibəti yaxşı olsa da, çox kəskinləşmişdir. Cavabdeh üç qız övladı ilə maraqlanmır, tərbiyəsində iştirak etmir. Heç bir sağlamlıqları və xəstəlikləri ilə maraqlanmır, köməklik göstərmir. Uşaqların hər üçü onun himayəsindədir. Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-899/2018 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-899/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa sabit pul məbləğində 170 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar (Səadət Sarayı tərəfindən verilmiş AZ-İ seriyalı 198284 №-li nikah haqqında şəhadətnamə). Tərəflərin birgə nikahdan 3 uşaqları doğulmuşdur: xx.xx.2007-ci il təvəllüdlü X4 (Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 448184 №-li doğum haqqında şəhadətnamə). xx.xx.2008-ci il təvəllüdlü X5 (Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 448185 №-li doğum haqqında şəhadətnamə). xx.xx.2009-cu il təvəllüdlü X3 (Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 744682 №-li doğum haqqında şəhadətnamə). Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-899/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı hər uşağa təyin olunmuş alimentin məbləğinin 170 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 3 övladlarının olması, yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-899/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 576 manat təşkil edir (48 man x 12 ay = 576 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-899/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar