Məhkəmə qərarları › İş №2(008)-2460/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2460/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2460/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması və hüquqi xidmətlərin göstəriməsi ilə bağlı çəkdiyi xərcin ona ödənilməsi ” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması və hüquqi xidmətlərin göstəriməsi ilə bağlı çəkdiyi xərcin ona ödənilməsi ” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin və məhkəməyə müraciət üçün çəkdiyi 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-6250/2020 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia tələbi təmin olunmuşdur. Belə ki, sözügedən qətnamə ilə birgə nikahlarından olan xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş X1 üçün cavabdehin aylıq qazancının ¼-i miqdarında alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldikdən sonra ona məlum olmuşdur ki, cavabdehin rəsmi aylıq gəliri 500 manat təşkil edir ki, onunda 1/4 –i miqdarında hesablanan alimentin məbləği 125 manatdır. Bu isə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağıdır. Halbuki cavabdehin qeyri-rəsmi gəlirlərinə əsasən maddi vəziyyəti yaxşıdır. O, “xxxx” MMC-nin Pərakəndə satış departamentində qəssab vəzifəsində işləyir və aylıq vəzifə maaşı 496 manat təşkil edir ki, onun da 1/4 -i miqdarında hesablanan alimentin məbləği yaşayış minimumumdan az məbləğ təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin müdafiə edərək bildirmişdir ki, uşağın maddi ehtiyacları get-gedə artır. 125 manat uşağın ehtiyaclarını ödəmir. Cavabdeh əlavə heç bir ödəniş etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia qəbul etmədi. Birgə nikahlarından bir uşağı olduğunu və bir uşağın saxlanması üçün hal-hazırki 1/4 miqdarında hesablanan alimentin kifayət etdiyini o cümlədən maddi imkanının zəif olduğunu bildirdi. Aliment miqdarının dəyişdirilməsinin o cümlədən hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul tutulmasına dair iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 638242 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş matriallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6250/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il tarixdə doğulmuş X5 İddiaçı himayəsində saxlanılmış və Cavabdeh müraciət olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatandək saxlanması üçün cavabdehin aylıq qazancının ¼ hissəsində aliment məbləği tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx xxxxxx 2021–ci il tarixli, 03/21 nömrəli Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin kseri surətindən görünür ki, İddiaçı “AZKON X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi xidmətlərin göstərilməsini sifariş verərək razılaşdırılmış xidmət haqqını ödəməyi, “AZKON X6” Məhdud Məsuliyyətli Cəmiyyəti isə sifariş əsasında hüquqi xidmətin göstərilməsini öhdəsinə götürmüşdür. xx xxxxxx 2021-ci il tarixli, 053871 nömrəli kassa mədaxil orderinin qəbzinin kseri surətindən görünür ki, İddiaçı 03/21 saylı müqavilə üzrə Xidmət haqqı olaraq 100 (bir yüz) manat ödəniş etmişdir. xx xxxxxx 2021-ci il tarixli, 053881 nömrəli kassa mədaxil orderinin qəbzinin kseri surətindən görünür ki, İddiaçı 03/21 saylı müqavilə üzrə Xidmət haqqı olaraq 400 (dörd yüz) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nikah xx.xx.2020-ci il tarixdə pozulduqda Cavabdeh birgə nikahdan xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş X1 üçün cavabdehin aylıq qazancının ¼-i miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonra, xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(008)-6250/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan artırılmış alimentin məbləğinin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı hüquqi xidmətlərin göstəriməsi ilə bağlı çəkdiyi xərcin ona ödənilməsi tələbi hissəsində iddia rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı iş üzrə” xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Belə ki, İddiaçı aliment tutulması barədə tələbi ilə bağlı öz hüquq və mənafelərini müdafiə edə biləcəyini, qanunvericinin müəyyən etdiyi vəkilin məcburi iştirakını nəzərdə tutulduğu hallar mövcud olmadığını yəni hazırki mülki işlə bağlı vəkilin iştirakının zəruri olmadığını, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərinin əslinin təqdim edilmədiyini nəzərə alaraq iddianın qalan hissəsi rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(008)-6250/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar