Məhkəmə qərarları › İş №2(008)-2467/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2467/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2467/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı X5, Cavabdeh Muradova (Kazımova) Aynur Fərhad qızının iştirakı ilə, İddiaçı X5 cavabdeh Muradova (Kazımova) Aynur Fərhad qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Muradova (Kazımova) Aynur Fərhad qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 22.03.2014-cü il təvəllüdlü X2 və 05.09.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş 340 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq, uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər birinə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06.12.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2(008)- 4008/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 22.03.2014-cü il təvəllüdlü X2 və 05.09.2015-ci il təvəllüdlü X3 cavabdehin yanında qalmaqla, hər ay hər birinə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin ondan tutulması müəyyən edilmişdir. Lakin o, işsizdir, daimi iş yeri yoxdur. Bunu Sabirabad rayon İcra Hakimiyyəti Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 28.12.2020-ci il tarixli, 1734 saylı arayış da təsdiq edir. Günəmuzd və ya mövsümü hər gün üçün 10-15 manatlıq iş tapsa və 30 gün işləsə belə, bu, müəyyən olunmuş alimenti tam ödəməyə imkan vermir. Bununla belə, Sabirabad Rayon Məhkəməsinin 18.01.2021-ci il tarixli, 3(056)-29/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Hesab edir ki, aliment ödəyə biləcəyi həddə müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Muradova (Kazımova) Aynur Fərhad qızı iddia tələbinə etiraz edərək, bildirmişdir ki, uşaqları 6 və 7 yaşlarında olmaqla, məktəb yaşına çatmışlar. Maddi imkanı olmadığından, böyük qızını keçən il məktəbdə qoya bilməmişdir. Heç yerdə işləmədiyindən, uşaqların ehtiyaclarını təkbaşına ödəməyə imkanı yoxdur, valideynlərinin maddi yardımı ilə uşaqlarını saxlayır. Cavabdeh isə usta olmaqla, aylıq gəliri iki uşaq üçün sabit pul məbləğində alimenti ödəməyə imkan verir. Buna görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2(008)-4008/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən, X9 ilə X7 arasında 06.12.2013cü il tarixdə 2420 saylı aktla bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 22.03.2014-cü il təvəllüdlü X2 və 05.09.2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları, 22.03.2014-cü il təvəllüdlü X8 və 05.09.2015- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq, Cavabdeh ödənilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 318.01.2021-ci il tarixli, 3(056)-29/2021 saylı qərarı ilə X9 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bunu Sabirabad rayon İcra Hakimiyyəti Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 28.12.2020-ci il tarixli, 1734 saylı arayışda qeyd olunmuşdur ki, X1 rayonu, Qaraqaşlı kəndinə qeydiyyatdadır və işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqlar üçün aliment təyin edilməsi barədə məhkəmə qətnaməsi 26.11.2020-ci il tarixdə qəbul olunmuş, hazırki iş üzrə iddiaçı X9 həmin qətnaməni apelyasiya qaydasında mübahisələndirmədən, qətnamənin qəbul edilməsindən çox qısa müddət keçdikdən sonra, daha dəqiqi 15.02.2021-ci il tarixdə həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan 22.03.2014-cü il təvəllüdlü X2 və 05.09.2015-ci il təvəllüdlü X3 mənafeyini nəzərə alaraq, hesab edir ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlara münasibətdə 175 manat məbləğində müəyyən olunduğu nəzərə alınarsa, iddiaçının təyin edilməsini xahiş etdiyi 60 manat sabit pul məbləğində aliment ağlabatan olmamaqla, uşaqların normal böyüməsi, inkişafının təmin edilməsində yetərli hesab edilə bilməz. Digər tərəfdən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(008)- 4008/2020 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin olunmamasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 cavabdeh Muradova (Kazımova) Aynur Fərhad qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar