Məhkəmə qərarları › İş №2(008)-2578/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2578/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2578/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 450 manat borc, 200 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Həsənov Məhərrəm Abdulla oğlu arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcra müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq, KİA Cerato markalı, **-FP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən, 24.01.2020-ci il tarixdən - 05.02.2020-ci il tarixədək icarəyə verilmişdir və 450 manat (günü 50 manatdan, üç günün ödənişini edib) icarə borcu yaranmışdır. Lakin Cavabdeh tərəfindən icarə müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər icra edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən əsasən İddiaçı MMC ** FP *** dövlət nömrə nişanlı, KİA Cerato markalı avtonəqliyyat vasitəsini Cavabdeh müvəqqəti icarəsinə vermiş, Cavabdeh 1 sutkası üçün 50 (əlli) manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür. -İddiaçı MMC-nin 24 yanvar 2020-ci il tarixli yol vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ** FP *** dövlət nömrə nişanlı, KİA Cerato markalı avtonəqliyyat vasitəsini Azərbaycan Respublikasının ərazisində idarə etməsi etibar edilmişdir. -İddiaçı MMC-nin ĞLL seriyalı, 384530 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh 2 günlük icarə haqqı olaraq 100 (bir yüz) manat ödəniş etmişdir. - İddiaçı MMC tərəfindən 01 dekabr 2020-ci il tarixli, 02 nömrəli Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, icra müqaviləsinin şərtlərini 3 gün ərzində icra etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - “xxxx” MMC əməkdaşları tərəfindən 23 dekabr 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh ünvanı tam olmadığından məktub geri qaytarılmışdır. 712315942 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 30.40 (otuz manat,qırx qəpik) dövlət rüsumu ödənilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh icarə müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, iddia tələninin dəbbə pulunun tutulması hissəsində təmin edilməməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə konkret olaraq icarə predmenti olan əşyanın lazımı vaxta qaytarılmamasına görə icarəçinin dəbbə pulu ödəyəcəyi tərəflər arasında razılaşdırılsada, icarə predmentindən istifadəyə görə ödənilməli olan icarə haqqına dair öhdəliyin tələblərinin pozulması müqabilində icarəçi tərəfində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (manat) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 10 (on) manat isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar