Məhkəmə qərarları › İş №2(008)-2636/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2636/2020

16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2636/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi x1 iştirakı ilə İddiaçı Məmməd-zadə Nəcibə Hüseyn qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd-zadə Nəcibə Hüseyn qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən az yaşlı övladları 13.10.2019-cu il təvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlunun 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat alimentin tutularaq ona ödənilməsi, az yaşlı uşağın 3 yaşına çatanadək hər ay 50 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05.05.2019-cu il tarixdə ailə qurmuşlar. Onların rəsmi nikahdan bir övladları var. 13.10.2019-cu il təvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlu. Cavabdehlə birgəünvanda yaşayırlar. Birgə ünvanda yaşamalarına baxmayaraq cavabdeh ailəsinin qayğısını çəkmir. Az yaşlının qayğıları ilə özü məşğul olur. Hal hazırda özü ikinci dəfə hamilədir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün uşağın saxlanılması üçün cavabdehdən aliment ödənilməsini vacib hesab edir. Cavabdeh «xxxxxx» firmasında işləyir. Hal-hazırda cavabdehin qazanc mənbəyi vardır. Bu səbəbdən də hər ay az yaşlı övladları 18 yaşına çatanadək cavabdehdən alimentin alınaraq iddiaçıya verilməsi həllini, bundan əlavə az yaşlı övladlarının 3 yaşına çatanadək, həmçinin ikinci övlada görə hamiləlik dövründən başlayaraq 3 yaşına çatanadək cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsinin məhkəmə qaydasında həll olunmasını zəruri hesab edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədəlazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddələrnin tələblərini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Məmməd-zadə Nəcibə Hüseyn qızı və Cavabdeh 05.05.2019-cu il tarixdə nikahlarını bağlamışlar (4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 338050 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Tərəflərin birgə nikahdan 13.10.2019-cu il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur (1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV 369785 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Cavabdeh «xxxxxx» Firmasında sex rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir («xxxxxx» Firması tərəfindən verilmiş 20.02.2020-ci il tarixli arayış). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 05.05.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan bir övladları olmuşdur, hazırda cavabdeh uşağın saxlanılmasına maddi köməklik göstərmədiyi üçün iddiaçı sabit pul məbləğində, eləcədə uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının alimentlə bağlı digər tələbi 13.10.2019-cu il təvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlu 3 yaşına çatana qədər cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pulun tutulması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. İş materiallarından göründüyü kimi, 13.10.2019-cu il təvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlu hazırda 3 yaşına çatmamışdır. Məhkəmə iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, Məmməd-zadə Hüseyn Zakir oğlu 3 yaşına çatanadək cavabdehdən hər ay 50 manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədəərizəni 02.03.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı iddianın qiyməti 2640 manat təşkil edir (170 man + 50 manat = 220 man, 220 manx 12 ay = 2640 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02.03.2020-ci il tarixdən başlayaraq, 13.10.2019-cu il təvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlunun 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində aliment, az yaşlı uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02.03.2020-ci il tarixdən başlayaraq, 13.10.2019-cu il təvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlunun 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment, az yaşlı uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçı Məmməd-zadə Nəcibə Hüseyn qızına ödənilsin. Qətnamə dərhal icra olunsun. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim TahirəƏsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar