Məhkəmə qərarları › İş №2(008)-2649/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2649/2021

19.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2649/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” MTK arasında 14 dekabr 2020-ci il tarixində tərtib edilmiş müqavilənin etibarsız sayılması, verdiyi 25.000 manat pulun X2 və 1.600 manat pulun “xxxx” MTK-dan alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunda yaşayır. Bakı şəhərində ev almaq məqsədilə bir neçə ildir pul yığır. 2020-ci ilin dekabr ayında Xırdalan şəhərində satılan evlərlə maraqlanırdı. İnternet saytlarının birində Xırdalan şəhərində bir nəfər şəxsin yeni tikilidə 2 otaqlı evi 25.000 manata satması barədə elana rast gəldi. Elanda olan 070 ***-**-** nömrəsi ilə əlaqə saxladı. Telefona cavab verən Mehdiyev Vidadi adlı şəxs Xırdalan şəhərində 2 otaqlı yeni tikili aldığını, həmin evə 42.783 manat pul ödədiyini, hazırda pula ehtiyacı olduğundan 25.000 manata satdığını bildirdi. O, onunla görüşmək istədiyini dedi və evin sənədlərini yeznəsi Əhmədli Təmkinin vatsap nömrəsinə atmasını xahiş etdi. 12 dekabr 2020-ci ildə V.Mehdiyev müqavilə və maliyyə arayışını Əhmədli Təmkinin vatsap nömrəsinə atdı. 14 dekabr 2020-ci il tarixində onlar Əhmədli Təmkinlə birlikdə X13 şəhərində görüşdülər. O, yarımçıq yeni tikilini onlara göstərdi və tikilinin heç bir problemi olmadığını 2021-ci ilin aprel ayına qədər təhvil veriləcəyini, təcili pul lazım olduğundan 25.000 manata satdığını bildirdi. Sonra onlar birlikdə Vidadi Mehdiyevə inanaraq tikilinin yanında olan bir ofisə getdilər. V.Mehdiyev onlara özünü MTKnın müdiri adlandıran Emil Səməndərov adlı şəxslə tanış etdi. Emil Səməndərov da onlara binanın heç bir problemi yoxdur, 2021- ci il aprel ayına kimi bina təhvil veriləcəyini bildirdi. Payın satılması üçün kooperativə 1.600 manat pul ödənməsini bildirdi. Onlara V.Mehdiyevə məxsus olan maşında ona 25.000 manat pulu vermişlər. Müqaviləni ada keçirtmək üçün 1.600 manat da Emil Səməndərova vermişlər. Müqavilə onun adına tərtib edildi, və ona 25.000 manatın ödənilməsi barədə maliyyə arayışı verildi. Təxminən bir həftə sonra o, internetdən və ayrı-ayrı qohumlardan öyrəndi ki, V.Mehdiyev və Emil Səməndərov əlaqəyə girib onu aldatmışlar. Belə ki, onu aldadıb satılan tikili uzun müddətdir ki, tamamlanmır, onu tikən MTK-nın sədri Emil Səməndərov bu binaya görə dəfələrlə məsuliyyətə cəlb edilib, mənzilləri müxtəlif adamlara satılması ilə bağlı məhkəmə mübahisələri olub. V.Mehdiyev də bunu bilərək mövcud olmayan problemli mənzili ona sataraq onu aldatmışdır. O, bunu biləndən sonra V.Mehdiyevlə telefonla əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır. 2021-ci ilin yanvar ayında yeznəsi Əhmədli Təmkin V.Mehdiyevin yaşadığı ünvanda olmuş və bu barədə ona bildirmişdir. V.Mehdiyev onu narahat etməməyi, kimə istəyirsə şikayət etməsini ona bildirmişdir. Odur ki, o, məhkəməyə müraciət etməli oldu. Cavabdeh "xxxx” MTK ilə 14 dekabr 2020-ci ildə bağlanmış müqavilə etibarsız sayılmalı, onun Vidadi Mehdiyevə verdiyi 25.000 manat pul və “xxxx” MTK-ya verdiyi 1.600 manat pul geri qaytarılmalıdır. Cavabdehlər hazır olmayan, tikintisində problem olan tikilini ona satarkən onu aldatmışlar və həqiqətə uyğun olmayan yalan məlumatlar vermişlər. Əgər V.Mehdiyev və Emil Səməndərov tikintini uzun müddət yarımçıq tikili kimi qalmasını, məhkəmə mübahisəsi olduğunu bildirsəydilər əlbətdə ki, o həmin müqaviləni bağlamazdı və 25.000 manat pulu V.Mehdiyevə verməzdi. Odur ki, cavabdeh “xxxx” MTK ilə onun arasında V.Mehdiyevin payının ona satılmasına dair tərtib edilmiş müqavilə aldatma yolu ilə bağlandığından etisbarsız sayılmalıdır. Həmçinin MM-nin 337.5 maddəsinə əsasən V.Mehdiyevə verdiyi 25.000 manat pul və əlavə olaraq ondan “xxxx” MTK tərəfindən alınmış 1.600 manat pul geri qaytarılmalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş matriallarına əlavə edilmiş 14 dekabr 2020-ci il tarixli “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin məzmunundan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5ci blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 65.82 kvadratmetr olan, izolə olunmuş 2 otaqdan ibarət 49 saylı mənzili pay kimi icraçı xxxx” MTK payçı X8 ayırmağı öhdəsinə götürür. 14.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, payçı Əhmədli X12 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5ci blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 65.82 kvadratmetr olan, izolə olunmuş 2 otaqdan ibarət 49 saylı mənzili üçün 25000 manat məbləğində pul vəsitini “xxxx” MTK-ya ödəmişdir. 14.12.2021-ci il tarixli X1 tərəfindən tərtib edilmiş ərizədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 65.82 kvadratmetr olan, izolə olunmuş 2 otaqdan ibarət 49 saylı mənzil üzrə 28.04.2020-ci il tarixində bağlanmış müqavilənin ləğvinə və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin 03 may 2021-ci il tarixli, 03/05 saylı sorğuya cavab məktubundan görünür ki, 29.01.2008-ci il tarixdə X16 adlı digər payçı “xxxx” MMC ilə aralarında bağlanmış (hüquqi varisi Cavabdeh2 MTK ) müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunan yaşayış binasından 3 blok, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 78.8 kvadrat metr olan 28 saylı mənzili əldə etmişdir. X3 razılıq ərizəsinə əsasən həmin 28 saylı mənzil 21.01.2017-ci ildə X9 adına keçirilmişdir. Bu barədə 21.01.2017-ci ildə müvafiq müqavilə bağlanmışdır. 21.01.2017-ci il tarixli müqavilənin əsasında 28.04.2020-ci ildə X15 ilə Cavabdeh2 MTK arasında yeni şərtlərlə yeni müqavilə bağlanmış və ünvan 3 ünvanda inşa olunan yaşayış binasından 3 blok ,5-ci mərtəbə , 2 otaqlı,ümumi sahəsi 78.8 kvadrat metr olan 28 saylı mənzil deyil, ünvan 4 ünvanda inşa olunan yaşayış binasından 5 blok ,9-cu mərtəbə , 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə keçirilmişdir. Miibahisələndirilən mənzil 14.12.2020-ci ildə İddiaçı adına keçirilmişdir. Lakin mübahisəli 49 (əvvəl 57) saylı mübahisəli mənzilə dair digər payçılarla təkrar müqavilələr bağlanmışdır. Belə ki, ilkin olaraq X4 ilə 23.03.2011 -ci ildə “xxxx” MMC ilə, daha sonra (hüquqi varisi Cavabdeh2 MTK) ilə yeni şərtlərlə 17.09.2016-cı il tarixdə ünvan 5 ünvanda inşa olunan yaşayış binasından 5 blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. X5 ilə 10.11.2018-ci ildə təkrar olaraq ünvan 6 ünvanda inşa olunan yaşayış binasından 5 blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə müqavilə bağlanmışdır. Beləliklə, ünvan 7 ünvanda inşa olunan yaşayış binasından 5 blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə dair aşağdakı payçılarla qeyd edilən tarixlərdə müvafiq müqavilələr bağlanmışdır. 1. X4- 17.09.2016-cı il, 2. X5 -10.11,2018-ci il, 3.X15 - 28.04.2020-ci il, 4. İddiaçı - 14.12.2020-ci il: 17.09.2016-cı il tarixli X4 ilə və 10.11.2018-ci il tarixli X5 ilə bağlanmış müqavilələr qüvvədədir və ləğv edilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Progress- 2016” MTK arasında mənzil alqı-satqısına dair dair 14.12.2020-ci il tarixində müqavilə bağlanmış və tərəflər müstəqil şəkildə öz iradə ifadələrini müqavilə əsasında bildirmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi). Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd etmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin mənasından da görünür ki, qanunvericilik mülki-dövriyyənin sabitliyinin qorunması məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin on dördücü fəsli ilə müqavilənin etibarsızlığının əsaslarını məhdud şəkildə müəyyən etmişdir. İddiaçı cavabdehlər hazır olmayan, tikintisi problem olan tikilini ona satarkən onu aldatmışdır və həqiqətə uyğun olmayan ona yalan məlumat vermiş olduğunu qeyd etsə də məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasında da, o cümlədən iddia ərizəsində göstəmişdir ki, o alqı-satqı müqaviləsini bağlayarkən, tikinti ilə tanış olmuş və həmin binanın yarımçıq olduğunu görmüş və 2021-ci ilin aprel ayı üçün təhvil veriləcəyi ona bildirilmişdir. Məhkəmə hesab edir ki, əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərtlər pozulmamışdır yalnız Cavabdeh2 MTK müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı şəkildə icra etməmişdir. Belə olanda halda iddia tələbinin iddiaçı ilə cavabdeh Progress 2016 MTK ilə arasınada bağlanmış 14.12.2020-ci il tarixli müqavilə etibarsız sayıla bilməz, iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçı tərəfindən payçı kimi tərəflərin razılığı ilə müəyyən edilmiş mənzilin dəyərə olan 25000 manat məbləğində pul vəsaitinin cavabdeh X11 ödədiyini qeyd etsə də, lakin mülki işin materiallarından və tərəflər arasında bağlanmış olduğu müqavilədən, habalə, Cavabdeh2 MTK tərəfindən 14.12.2020-ci il tarixli tərtib edilmiş maliyyə arayışdan da görünür ki, Payçı İddiaçı məzilin dəyəri olan 25000 manat məbləğində pul vəsaitini tam şəkildə Cavabdeh2 MTK-ya ödəmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin 25000 manat pul vəsaitinin X6 tutulub iddiaçıya ödənilməsi hissəsi əsasız olduğundan təmin edilə bilməz. Bundan başqa iddia tələbinin iddiaçı tərəfindən 1.600 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MTK-dan alının iddiaçıya qaytarılması hissəsinədə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən payın satılması üçün əlavə 1600 manat məbləğində pulun Cavabdeh2 MTK-ya ödənilməsi qeyd edilsə də, göstərilən məbləğdə pul vəsaitini ödənilməsini təsdiq edən heç bir sübut mülki işin materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlərlər X11, Cavabdeh2nə qarşı İddiaçı ilə Cavabdeh2 arasında 14.12.2020-ci il tarixli tərtib edilmiş müqavilənin etibarsız sayılması, verdiyi 25000 manat məbləğində pul vəsaitinin X2 və 1600 manat pul vəsaitinin Cavabdeh2 alınıb ona qaytarılması tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar