Məhkəmə qərarları › İş №2(008)-2661/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2661/2025

09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2661/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən saxlanmaları üçün hər ay hər birinə görə 232 manat olmaqla, cəmi 464 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1980-ci il tarixdə Kəmalə, xx.xx.1982-ci il tarixdə Nuranə, xx.xx.1983-cü il tarixdə isə Rövşən anadan olmuşdur. Qızları Kəmalə və Nuranə onlardan ayrı yaşasalar da, həmişə onlara qayğı göstərmiş, daima maddi və mənəvi köməklik etmişlər. Oğulları Rövşən isə onlarla bir evdə yaşasa da, hal-hazırda onlara hörmət etmir, maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamır, onlara heç bir maddi və mənəvi köməklik, qayğı göstərmir. Onların hər ikisi pensiyaçıdır, ikinci dərəcəli əlildirlər, əlillikləri müddətsizdir və əmək qabiliyyətləri yoxdur. Hər ikisi ağır xəstədir, İddiaçı1 iki dəfə əməliyyat olunmuş, İddiaçı2 isə onkoloji xəstədir və pensiyalarının çox hissəsi müalicələrə və dərmanlara sərf olunur. Cavabdehin qazancı kifayət qədər olsa da (onun daimi iş yeri və başqa gəlirləri vardır), öz valideynlərini saxlamaqdan və onlara qayğı göstərməkdən imtina edir. Bakı 8 saylı Mediasıya Təşkilatının (mediator A.Ə.Rzayev) xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışlarından görünür ki, Cavabdeh yetkinlik yaşına çatmış övladdan aliment tələbinə dair iş üzrə mediasiya prosesini davam etdirməyə razılıq vermədiyinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü və 26.4-cü maddələrinə əsasən, mediator tərəfindən mediasiya prosesinin həyata keçirilməsindən imtina edilmişdir. Göstərilənərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında bildirdi ki, yaşadıqları ev Sabunçu qəsəbəsində yerləşir, bir mərtəbəli köhnə evdir. Cavabdehlə eyni evdə yaşayırlar, otaqları ayrıdır. Yaşadıqları evdən başqa evləri də var. Yaşadıqları evin işıq və təbii qazla bağlı ödənişlərini cavabdeh, su ödənişini isə özləri ödəyir. 40 yaşına qədər cavabdehi o saxlamışdır. Cavabdehin məhkəmə iclasında ona kostyum dəsti aldığını deməsi ilə bağlı bildirir ki, bu, övlad olaraq cavabdehin borcudur, bununla belə, onun əvəzi olaraq onlar da cavabdehin uşağına qızıl qolbağ alıb vermişlər. Cavabdeh həm özü onlara baxmır, həm də bacılarını evə gəlib onlara baxmağa qoymur. Evin mətbəxi ümumi istifadədir, cavabdeh bazarlığı özü üçün edir. Onlar həmin ərzaqlardan istifadə etmirlər. Cavabdehin arvadı yemək bişirir, lakin onlara vermir. Cavabdehin təqdim etdiyi arayış saxtadır, o, Gədəbəydə təsərrüfatla məşğul deyildir. Gədəbəydə adına torpaq sahəsi yoxdur. Cavabdehin qazancı çox yaxşıdır, xəstəxanada işləyir, həmçinin 45.000 manat dəyərində maşın sürür. Cavabdeh onun cavabdehə aldığı sintezatorla şadlıq saraylarında musiqiçi kimi ifa edib, əlavə gəlir əldə edir. Qeyd edilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında bildirdi ki, ər-arvad hər ikisi ayrı-ayrılıqda 390-410 manat pensiya alsalar da, pensiyaları dolanmağa çatmır, dərmanlarına çox pul çıxır. O, osteoxondroz, şəkər, bağırsağında kolit, onkoloji, belində 3 çat, skolioz və digər xəstəliklərdən əziyyət çəkir. Paltarlarını əlində yuyur, cavabdeh ya ona köməkçi tutsun, ya da aliment versin. Onlar cavabdehlə eyni evdə yaşayırlar, evin bir otağından onlar istifadə edirlər, mətbəx və sanitar qovşaq isə ümumi istifadədir. Qızlarından biri onlara yaxınlıqda qalır, çox vaxtlarını orada keçirirlər. Qızları onlara baxır, yemək bişirib verirlər, cavabdeh isə onlara baxmır, qayğılarına qalmır. Cavabdeh ailə qurana kimi çox yaxşı övlad olmuş, qayğılarına qalmışdır. Lakin ailə qurduqdan sonra tamamilə dəyişmiş, arvadı oğullarının onların qayğısına qalmasına, qızlarının yaşadıqları evə gəlməsinə imkan verməmişdir. Cavabdeh smart qaz kartını 10 gün götürmüş, onlar qazsız qalmışlar. Qızları onlara qaz balonu alıb vermiş, yeməyi onda bişirmişlər. Onlar əvvəllər əkin-biçin işlərini aparmışlar, lakin son 2-3 ildir səhhətləri təsərrüfatla məşğul olmağa imkan vermir. Cavabdeh yaşadıqları evin naturada bölünməsinə mane olur. Qızlarının rahat şəkildə gələ bilmələri üçün o, yaşadıqları evin bölünməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, usta kimi xəstəxanada işləyir, ayda 575 manat əmək haqqı alır. Arvadı isə tibb bacısıdır, aylıq əmək haqqı 565-570 manat təşkil edir. Gündəlik yolnəqliyyat, ərzaq, iki övladının təhsil hazırlığı ilə bağlı xərcləri çətinliklə çatdırırlar. Valideynləri ilə eyni evdə yaşayır, mətbəx və sanitar qovşağı ümumi istifadədədir. O, evə ümumi, yəni həm də valideynləri üçün bazarlıq edir, lakin aldıqlarından valideynləri özləri istifadə etmək istəmirlər. Evdə olduğu müddətə arvadının iddiaçılara mətbəxdən istifadə etmələrinə maneə yaratdığını görməmişdir. Bacılarının evə gəlmələrinə heç bir maneə yaratmırlar. Arvadı ilə hər səhər evdən çıxıb işə gedir, axşam qayıdırlar. Yəni evdə olmadıqlarından bacılarının onlara gəlmələrinə mane ola bilməzlər. O, gücü çatan qədər valideyinlərinə köməklik edir, onlara baxır, müalicələri ilə maraqlanır. İddiaçının dedikləri həqiqəti əks etdirmir. Anasının analiz cavablarını o, iki dəfə özü götürmüşdür, onkoloji xəstəliyi yoxdur, şəkəri ilə bağlı isə arvadı maraqlanmış, normal olduğu, müalicəyə ehtiyacının olmadığı deyilmişdir. İddiaçılar qeyd edir ki, onlara qızları baxır, lakin 2015- 2016-cı illərdə atası qızı üçün soba düzəldərkən əlini laqonda ilə kəsmiş, atasının qayğısına o, özü qalmış, 3 saylı xəstəxanaya aparmış, günlərlə gedib-gəlmişdir. Lakin bacısıgil heç atalarının vəziyyətilə maraqlanmamışlar. 2-3 ay əvvəl bacısı, arvadını döymüş, onlar da polisə müraciət etmişlər, məhkəmə bacısını inzibati qaydada cərimə etmişdir. Həmin hadisədən sonra valideynləri onlarla prinsip aparmağa başlamışdır. Valideynləri Gədəbəy rayonunda əkin-biçinlə məşğuldurlar, mövsüm vaxtı aylarla orada qalıb, kartof əkib satırlar. Yaşadıqları evdən əlavə, iddiaçıların başqa evi var, onlar hamısı həmin evdə qeydiyyatdadırlar. İddiaçılar həmin evi hər ay 120 manata kirayə verir, kirayə ödənişini özləri götürürlər. Oğlunun kiçik toy mərasimi üçün atasına kostyum dəsti almışdır. Valideynlərinin onun övladına qızıl qolbağ almaları barədə dedikləri tamamilə yalandır. Evin bütün kommunal ödənişlərini o ödəyir. Valideynləri smart qaz kartını onlara vermədikləri üçün, yeni kart almışdır. Qaz kartı həm valideynlərində, həm də onda var. Evdə 10 gün qaz olmaması ilə bağlı qeyd edir ki, həmin ərəfədə uşağı xəstələnmiş, xəstəxanada qalmışdır, maddi çətinliklə bağlı qaz ödənişini ödəyə bilməmişdir. O, 18-19 yaşından musiqi fəaliyyəti ilə məşğuldur, həftədə 1-2 dəfə musiqiçi kimi məclislərə gedir, qazancı 20-30 manat olur. Evə kamera quraşdırmış, onlar evdə olmayanda, icazəsi olmadan, valideynləri arvadının ev paltarında olan videolarını qonşularla paylaşmışlar. Maşınla bağlı qeyd edir ki, “Mercedes” markalı avtomaşını olmuş, onu 12.200 manat satmış, 5 ay maşınsız qalmışdır. Daha sonra qaynının satdığı “X11” markalı maşını 24.000-25.000 manata almışdır, onun qiyməti iddiaçının dediyi kimi 45.000 manat olmamışdır. LADA (VAZ) 2107 markalı maşın anasının adınadır, o, istifadə etmir, uzun illərdir həyətlərində istifadəsiz qalmaqdadır. Evi təmir edəndə valideynlərinə otaqlarını təmir etmək istədiyini dəfələrlə bildirmiş, onlar etiraz etmiş, lakin sonra otaqlarını təmir etdirmədiyi üçün dava etmişlər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Kiçik-Qaramurad kənd Soveti icrakomu tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş İİ- ЖГ 369436 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə İddiaçı1 ilə X2 arasında 51 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. - Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ- İ 478941 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə Cavabdeh ilə X1 arasında 248 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. - 4 saylı Bakı “ ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 arvadı xx.xx.1961-ci təvəllüdlü İddiaçı2, qızları xx.xx.1980-ci il təvəllüdlü X4, xx.xx.1982-ci il təvəllüdlü X5, oğlu isə xx.xx.1983-cü il təvəllüdlü Cavabdehdur. - 3 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 517354 saylı arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 ikinci dərəcəli əlildir, əlilliyi müddətsiz və əmək qabiliyyətsizdir. - Əmək və Əhaliyinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1961-ci təvəllüdlü İddiaçı2 ikinci dərəcəli əlildir, əlilliyi müddətsizdir. - “TƏBİB” publik hüquqi şəxsi “X10” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək aldığı xalis əmək haqqının aylıq miqdarı 530-566 manat təşkil etmişdir. - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Parakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Əsgərov X6 rayonunun Parakənd kəndində özlərinə aid olan 0,25 ha həyətyanı, 0,9 ha pay torpağında əkin işləri aparır. - “Elektron-məhkəmə” informasiya sistemindən aşkar edilmiş əmlak məlumatlarına əsasən, İddiaçı2 mülkiyyətində 2001-ci il buraxılışlı VAZ 21074 minik markalı nəqliyyat vasitəsi vardır. - “Elektron-məhkəmə” informasiya sistemindən aşkar edilmiş gəlir məlumatlarına əsasən, İddiaçı1 əlilliyə görə 411 manat, İddiaçı2 isə əlilliyə görə 393 manat məbləğində pensiya alırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Göründüyü kimi, ailə qanunvericiliyi valideynlərin saxlanılması üçün öz uşaqlarından aliment almaq hüququnu müəyyən etsə də, həmin normaya onların bunun üçün maddi yardıma ehtiyacı olması şərti də daxil edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, işin müəyyən olunmuş hallarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları Cavabdeh ilə eyni evdə yaşayırlar. Evin kommunal ödənişlərinin cavabdeh tərəfindən ödənilməsi, gündəlik ərzaq məhsullarının onun hesabına alınması işin mübahisəsiz halıdır. Yəni Cavabdeh bir övlad olaraq valideynlərini atmamış, əksinə onlarla eyni evdə yaşamaqla, maddi imkanı yetdiyi qədər onların ərzaq, kommunal və digər xərclərini qarşılayır. Burada nəzərə alınmaldır ki, cavabdeh ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Uşaqlarının bütün xərcləri ata olaraq onun üzərindədir. Cavabdehin rəsmi aylıq əmək haqqı 600 manat civarındadır, musiqiçi kimi ara-sıra tədbirlərə getsə də, bu, daimi iş yeri sayılmır və ilin müəyyən aylarında musiqili tədbirlər ümumiyyətlə keçirilmir. İddiaçıların isə, cəmi pensiya məbləği aylıq 804 manat təşkil edir və onlar həmin vəsaiti başqalarına xərcləmək öhdəliyi daşımırlar. İddiaçılardan İddiaçı2 mülkiyyətində «VAZ 21074» minik markalı avtomobil vardır. Digər İddiaçı1 Gədəbəy rayonunda özünə aid 0.25 ha həyətyanı və 0,9 ha pay torpağa malik olması, həmin rayonda əkin işləri apararaq təsərrüfatla məşğul olması barədə məhkəməyə rəsmi arayış təqdim edilmişdir. Bundan başqa, iddiaçılara hər ay 120 manat kirayə ödənişi olunması onlar tərəfindən inkar edilməmişdir. İddiaçıların İİ qrup əlil olmaları, əmək qabiliyyətlərinin olmaması, ağır xəstə olmaları, bu səbəbdən maddi yardıma ehtiyacları olmaları barədə dəlillərinə münasibət bildirərək, məhkəmə qeyd edir ki, dövlət tərəfindən onların sosial müdafiəsi təmin olunmuş, hər birinə ayrı-ayrılıqda hər ay 411 manat və 393 manat məbləğində pensiya ödənişi həyata keçirilir. Beləliklə, məhkəmə, bu qənaətə gəlir ki, iddiaçıların maddi yardıma ehtiyaclarının olması, eyni zamanda cavabdehin onları saxlamaqdan imtina etməsi halları məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmadığından, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, 60 manat mediasiya xidmət haqqı iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş mediasiya xidmət haqqı iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar