Məhkəmə qərarları › İş №2(008)-2783/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2783/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2783/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması və alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 onun himayəsində saxlanması, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşlar. Cavabdehlə bir müddət ailə kimi yaşamışlar. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3747/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsində saxlanmaları qət edilmişdir. xx.xx.2021-ci il təvəllüdlü X4 nikahları rəsmi şəkildə pozulduqdan sonra dünyaya gəlmişdir. O, hazırda uşaqları ilə birgə yaşayır, heç bir yerdə işləmir və uşaqların ehtiyaclarını ödəməkdən çətinlik çəkir. Uşaqların qayğısına qalmaq bir valideyn kimi cavadehin də borcudur. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, xx.xx.2021-ci il təvəllüdlü X4 onun iddiaçı ilə birgə nikahından doğulmuş övladıdır. Ondan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cəmi 200 manat məbləğində alimentin tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən, cavabdeh iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbində göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və aliment məsələsini həll etməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3747/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanması qət edilmişdir Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini, tərəflərin birgə nikahından olan xx.xx.2021-ci il təvəllüdlü X1 yaşını, anaya bağlılığını, hal-hazırda anası ilə yaşamasını və mənafeyi üçün əhəmiyyətli olan halları nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmalıdırlar. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından və iş materiallarından görünür ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərdən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşlar. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabehdən hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təyin olunmuş aliment üzrə bir il ərzində ödəmənin məcmusu 4800 (12 ay x 400 manat) manat təşkil etdiyindən, cavabdehdən 68 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı himayəsində saxlansın. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar