Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3014/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2006-cı il təvəllüdlü X1, müalicə və xidmət xərcləri olaraq hər ay sabit pul məbləğində 300 manat alimentin tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2006-cı il təvəllüdlü X1, müalicə və xidmət xərcləri olaraq hər ay sabit pul məbləğində 300 manat alimentin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X7 doğulmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(008)-4552/2011 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında olan nikah pozulmuş, uşaq onun yanında saxlanmışdır. Cavabdehdən uşağın saxlanması üçün aliment tutulmuşdur. X7 halhazırda onun yanındadır, artıq yetkinlik yaşına çatmışdır, 1-ci qrup əlildir, daimi müalicəyə ehtiyacı var. Cavabdeh uşaqla marağlanmır, xərcləri ödəməkdə maddi yardım göstərmir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirdi ki, qızı onun himayəsindədir, iddia ərizəsində yazdığı kimi 1-ci qrup deyil, 2-ci qrup əlildir, əmək qabiliyyəti yoxdur, xəstə olduğu üçün müalicəyə ehtiyacı vardır. Uşağın 2023-cü ilin fevral ayından əlilliyi müəyyən edilmiş və o, buna görə 220 manat məbləğində müavinət alır. Qızının 18 yaşı tamam olan kimi alimentin ödənişləri kəsilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı 15 ildir ki uşağı ona göstərmir. O, uşağın 18 yaşına çatmasınadək iddiaçıya hər ay 190-210 manat arası aliment ödəmişdir. O, hazırda süpürgəçi işləyir, ayda 450-550 manat əmək haqqı alır. Uşaq yetkinlik yaşına çatdığına görə uşağa aliment ödəməyə imkanı yoxdur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2005-ci ildə nikah bağlamış, həmin nikahdan onların xx.xx.2006-cı ildə X7 adlı uşağı doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(008)-1986/2009 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə cavabdehin qazancından ¼ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli 2(008)-4552/2011 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın yanında saxlanmışdır. X4 "F70 Yüngül dərəcəli əqli gerilik, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə mikrosefaliya İQ-52" əsas diaqnozu ilə xx.xx.2023-cü ildə müddətsiz ikinci dərəcəli əlilliyi və əmək qabiliyyətsiz olması müəyyən olunmuşdur. X7 xx.xx.2024cü ildə yetkinlik yaşına çatmışdır. İşdə olan AZ-İ seriyalı 726469 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2006-cı ildə doğulmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(008)-1986/2009 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(008)-4552/2011 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əliyeva (İslamova) Sənubər Tahir qızı arasında xx.xx.2005-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon VVAQ Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 83 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 anası Əliyeva (İslamova) Sənubər Tahir qızının yanında qalması qət edilmişdir. İşdə olan AZ-İ seriyalı 135825 nömrəli "Nikah pozulması haqqında şəhadətnamə"nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2012-ci ildə pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" barədə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 müddətsiz olaraq ikinci dərəcəli əlillik və onun əmək qabiliyyətsiz olması müəyyən edilmişdir. Ona "F70 Yüngül dərəcəli əqli gerilik, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə mikrosefaliya İQ-52" əsas diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunur ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Müəyyən edilir ki, X6 yetkinlik yaşına çatmışdır. Onun ağır xəstə və əmək qabiliyyətinin məhdud olması iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" barədə informasiya sistemindən çıxarışı ilə təsdiq olunur. X3 himayəsində olduğu anasının işləməməsi, daimi müalicə almaq məcburiyyətində olması onun maddi yardıma ehtiyacı olduğunu göstərir. Beləliklə məhkəmə hesab edir ki, valideynlərinin yetkinlik yaşına çatmış uşağın saxlanması vəzifəsinin yaranması üçün tələb olunan hallar mövcuddur. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarında göstərilir ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İşdən görünür ki, iddiaçı cavabdehdən X1, müalicə və xidmət xərcləri olaraq hər ay sabit pul məbləğində 300 manat alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə əmək haqqının tələb olunan məbləği ödəməyə imkan vermədiyini bildirmişdir. "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh əmək müqaviləsi üzrə Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsində işləyir, 522 manat məbləğində əmək haqqı alır. Bundan başqa İddiaçı övladı X4 əlilliyinə görə 220 manat məbləğində müavinət ödənildiyini bildirmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini, iddiaçının əlilliyə görə müavinət aldığını, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən yetkinlik yaşına çatmış X1 üçün hər ay sabit pul məbləğində 100 manat məbləğində alimentin tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, tələb edilən alimentin bir illik miqdarı (300 manat x 12 ay) 3600 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 2600 manat : 100 x 1 %) 56 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 3600 manat iddia tələbinin 1200 manat (33,33%) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 18,66 manat hissəsi cavabdehə aid edilməli, ondan alınaraq dövlət büdcəsinə ödənilməli və iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunması nəzərə alınmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 üçün xx.xx.2024-cü ildən başlamaqla hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 18,66 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X11.
Məhkəmə qərarları › İş №2(008)-3014/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3014/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver