Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3138/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə götürülmüş kredit məbləğinin ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikah dövründə götürülmüş kredit məbləğinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun adına götürülərək xərclənmiş kredit məbləğinin ödənilməmiş 10 aylıq, yəni 2316,60 manat hissəsinin tutularaq ona qaytarılması, məhkəməyə müraciət üçün çəkdiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində xidmət haqqının, 61,00 (altmış bir) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdehlə 29 mart 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan bir övladı vardır: 01 fevral 2023-cü il təvəllüdlü X3. Cavabdehin ailə dəyərlərinə uyğun olmayan hərəkətləri səbəbindən nikahın pozulması qərarına gəlmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə, yəni 01 iyul 2022-ci il tarixdə o, "xxxx" ASC-nə müraciət edərək 4300,00 manat məbləğində illik 26% olmaqla 24 ay müddətinə kredit götürmüşdür. Cavabdehin uzun müddət bir çox bank kreditləri üzrə gecikdirilmiş borcları olduğu üçün heç bir bank tərəfindən ona kredit verilmirdi. Bu səbəbdən onu məcbur edərək, ona psixi şiddət göstərək, ailəni qoruyub-saxlamaqla təhdid edərək həmin krediti onun adına rəsmiləşdirdi. Hətta o, adına gecikmənin olmasını istəmədiyi üçün ona söz verdi ki hər gün ona 10,00 manat verəcək ki, banka ödənilməli olan aylıq ödənişi edə bilsinlər. Lakin cəmi 3 gün ona həmin ödənişi verdikdən sonra sürücülük vəsiqəsi almaq adı ilə həmin məbləği ondan aldı. Amma nə maşın, nə də sürücülük vəsiqəsi əldə edilməmişdir. Əlavə olaraq bildirir ki, toy, nişan vaxtı ona hədiyyə olaraq verilmiş qızıl-zinət əşyaları onunla birlikdə yaşadıqları evdə idi. Toylarının 1 ayının tamamında o, qızılların yerində olmadığını gördü, bu barədə cavabdehə məlumat verdikdə ona “sənə sürpriz hazırlayıram, qaytaracam narahat olma” dedi. 2-3 ay keçdikdən sonra onun qızıl-zinət əşyalarının eynisini oxşarını ona gətirib verdi. Lakin üzük ona məxsus olan üzükdən fərqlənirdi. Üzüyün kobud olduğunu, əvvəlkinə bənzəmədiyini cavabdehə dedikdə, o, bundan incidi ki, “sənə brilliant elətdirmişəm, sən də bəyənmirsən”. Lakin sonradan tərəfindən həmin qızıllar zərgərə yoxladılan zaman ona məlum oldu ki, onun qızıl-zinət əşyalarını götürərək əvəzində ona gümüşdən bəzək əşyaları verərək onu aldatmışdır. O, bu barədə cavabdehin anasına bildirdiyi üçün bacısı barəsində işlətdiyi sözlərə, yaşanan ailədaxili münaqişəyə görə evi tərk edərək ata evinə qayıtdı. Bundan sonra cavabdehin, qohumlarının, xalasının, nənəsinin israrlarına görə ailəsini dağıtmamaq xətrinə geri qayıtdı. Həmin vaxt cavabdehin xalası Samirə xanım onun adına rəsmiləşdirilmiş kredit məbləğinin aylıq ödənişlərini özünün ödəyəcəyinə söz verdi. Bundan sonra cavabdeh yenə onu adına kredit götürməyə məcbur edirdi. O isə razı olmadığı üçün ailədaxili münaqişələr yaşanırdı. Lakin bu dövr ərzində, yəni 2022-ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək xalası cavabdehin əvəzindən götürdüyü kreditin aylıq məbləğlərini ödəsə də, 2023-cü ilin oktyabr ayından isə ödəməkdən imtina etmişdir. Yəni aylıq 231.66 manat məbləğində ödəniş edilməli olsa da, 10 aylıq ödəniş hələ də borc olaraq qalmaqdadır. 14 ay üzrə cavabdeh tərəfindən ödəniş olsa da, 10 ay üzrə borclar, yəni 2316,600 manat məbləğ borc olaraq qalmaqdadır. Həm borcun cavabdeh tərəfindən götürüldüyü, həm də xalası tərəfindən bir hissəsinin ödənilməsini təsdiq edən səs yazmaları və ödəniş qəbzlərinin xalası tərəfindən ona göndərildiyi şəkilləri mövcuddur. Bütün bunlar qeyd etdiyi məqamların doğruluğunu sübut edir. Hazırda cavabdehin götürdüyü, hara xərcləndiyi məlum olmayan bank krediti onun öhdəliyi olaraq qalmaqdadır. Borc məbləğinin qalan hissəsinin (faizlərlə birlikdə) ona qaytarılmasına zərurət yaranmışdır. Götürülmüş borc məbləği heç bir ailə məqsədi üçün xərclənmədiyi, cavabdeh tərəfindən hara, necə xərcləndiyi məlum olmadığı üçün həmin məbləğin cavabdehdən tutularaq ona qaytarılmasına zərurət yaranmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, cavabdeh tərəfindən onun adına götürülərək xərclənmiş kredit məbləğinin tərəfindən ödənilmiş 951 manat hissəsinin və iyun-iyul ayları üzrə ödənilməli olan 2 aylıq məbləğin 464 manat hissəsinin, cəmi 1415 manat məbləğində pulun, həmçinin, məhkəməyə müraciət üçün çəkdiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində xidmət haqqının, 61,00 (altmış bir) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi, iddiaçı şəkər xəstəsidir, götürülən pul onun dərmanına xərclənmişdir, onlar krediti ödəməkdən yayınmır, hələ kredit tam ödənilməmişdir, vaxtına var, krediti hissə-hissə ödəyir və ödəyəcəklər, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 473131 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 729 nömrə ilə qeyd edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/2-03939 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X5 tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 61 manat mediasiya xərci ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASC-nə 235 manat məbləğində kredit borcu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASC-nə 230 manat məbləğində kredit borcu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASC-nə 6 manat məbləğində kredit borcu ödənilmişdir. - 03.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASCnə 236 manat məbləğində kredit borcu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASC-nə 236 manat məbləğində kredit borcu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASC-nə 236 manat məbləğində kredit borcu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, M*** S*** S*** qızı tərəfindən "xxxx" ASC-nə 233 manat məbləğində kredit borcu ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemində çıxarışdan görünür ki, İddiaçı ümumi təhsil məktəbində müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 722.33 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən X8 Company MMC-nə 129/23 saylı müqavilə üzrə 370 manat məbləğində pul ödənilmişdir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR5887104A211 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 4300 manat kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, İddiaçı hər ayın 01-dən gec olmayaraq 24 ay müddətinə hər ay 231.66 manat (sonuncu ay 234.52 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə tərəflərin nikahına xitam verilmişdir. Hazırda iddiaçı birgə nikah dövründə "xxxx" ASC-dən onun adına alınmış kredit borcunun tərəfindən ödənilmiş 951 manat hissəsinin və iyun-iyul ayları üzrə ödənilməli olan 2 aylıq 464 manat kredit borcunun, cəmi 1415 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 №-li 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndində göstərilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı kreditor "xxxx" ASC qarşısında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmişdir. Belə olan halda, hazırda iddiaçının qismən ödədiyi və hələ icra edilməmiş öhdəliyinin cavabdehdən tutularaq ona verilməsini tələb etməsinin qanuni və müqavilə əsası yoxdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etdikdən sonra ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edə bilər. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikah dövründə götürülmüş kredit məbləğinin ödənilməsi” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilməli 34.15 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, qalan məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikah dövründə götürülmüş kredit məbləğinin ödənilməsi” tələbinə dаir iddiası rədd edilsin. Ödənilməli 34.15 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, qalan məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3138/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3138/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver