Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3139/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşınadək saxlanmasına görə hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 doğulmuşdur. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanılmasında çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh hazırda yaşıllaşdırma işində işlədiyini və 400 manat əmək haqqı aldığını, 300 manat aliment ödəməyə imkanının çatdığını bildirmişdir. Eyni zamanda, cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, 470 manat aliment təyin edilərsə, onu ödəməyə imkanı çatmadıqda, 300 manat ödəməyə imkanının çatdığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 924588 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 120 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - AZ-T seriyalı 250966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X12 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - AZ-T seriyalı 261095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X13 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - MŞB/8/2024-00505 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki:
1. Birinci tərəf: İddiaçı Bu saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Cavabdeh Meyvalı oğlu ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə № 120 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: İddiaçı İkinci tərəf Cavabdeh Meyvalı oğlu ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
3. Birinci tərəf: İddiaçı İkinci tərəf Cavabdeh Meyvalı oğlu ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Cavabdeh Meyvalı oğlunun ona xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-na dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və İkinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır.
4. Birinci tərəf: İddiaçı mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.
1. İkinci tərəf: Əliyev X10 imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı İddiaçı ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə № 120 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. İkinci tərəf: Cavabdeh Meyvalı oğlu birinci tərəf İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 birinci tərəf (anası) İddiaçı yanında (himayəsində) qalmasına razıdır.
3. İkinci tərəf: Cavabdeh Meyvalı oğlu birinci tərəf İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-na dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər ay birinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür.
4. İkinci tərəf: Cavabdeh Meyvalı oğlu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. - Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Abadlaşdırma və X1 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi”ndə bağ fəhləsi vəzifəsində işləməklə aylıq əmək haqqı 475 manat təşkil edir, həmçinin, Cavabdeh 3-cü qrup əlil olmaqla, 150 manat pensiya alır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X12 və xx.xx.2016-cı il tarixdə X13 doğulmuşlar. Tərəflərin nikahı pozulmasa da, ailə münasibətləri pisləşmişdir, cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə, qeyd edilənləri, cavabdehin maddi vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən uşaqlar üçün 2023-cü il yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, Cavabdeh 72.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 72,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova