Məhkəmə qərarları › İş №2(008)-3253/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3253/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3253/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova və digər dövlət orqanlarına ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli 02 saylı məktubda “"xxxx" MMC-nin rəhbərliyi bu dairəvi möhürlərdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdıraraq dövlət orqanlarına müraciət edir.” kimi həqiqətə uyğun olmayan məlumatların yayılması və onu təhqir etməsi nəticəsində ona dəymiş mənəvi zərər qismində 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi, həmin məktubda “"xxxx" MMC-nin rəhbərliyi bu dairəvi möhürlərdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdıraraq dövlət orqanlarına müraciət edir.” kimi həqiqətə uyğun olmayan məlumatların Cavabdeh tərəfindən yayımlandığı formada təkzib edilməsinin və məlumatların yayıldığı formada ondan üzr istəməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin həmtəsisçisi və direktoru, X6, Cavabdeh və X8 isə "xxxx" Mənzil-Tikinti Kooperativinin həmtəsisçilərindəndirlər. "xxxx" MMC ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında 25 iyul 2005-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən sifarişçi "xxxx" MMC-nə məxsus Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin şərq hissəsində 1.68 ha torpaq sahəsinin 0.40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binasını 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1, 2, 3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin, binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTKnin bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-nə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi "xxxx" MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmiş və hər bir vasitə ilə bundan yayınmağa çalışmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3861/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-nin iddiası təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" Mənzil- Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə icraya yönəldilmiş, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən icra edilərək, binanın istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş, bununla əlaqədar zəruri olan bütün sənədlər də onlara təhvil verilmiş, yəni "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyi həmin binadan çıxarılmışdır. Daha sonra isə "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyi, yəni X8, X6, Cavabdeh (baxmayaraq ki, rəsmi sənədlərə əsasən həmin kooperativin sədri başqa şəxsdir) onlara qarşı qarayaxma kampaniyasına başlamış, müxtəlif instansiyalara şikayətlər ünvanlayaraq, guya qətnamənin icrası ilə əlaqədar "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus möhürün icra məmuru tərəfindən "xxxx" MMC-nə verilməsini, həmin möhürdən istifadə edərək saxta sənədlər düzəltməsini, "xxxx" Mənzil- Tikinti Kooperativinin rəhbərliyinin imzalarının saxtalaşdıraraq dövlət orqanlarına müraciət etməsini göstərmişdir. Halbuki, "xxxx" Mənzil-Tikinti Kooperativinin möhüründən onlar heç bir zaman istifadə etməmiş, bunun üçün nə qanuni əsas, nə də ki zərurət olmamışdır. Bunun əksini sübut etmək isə cavabdehin vəzifəsidir. Cavabdeh həmin şikayətdə "xxxx" MMC-nin rəhbərliyinin İddiaçı və X4 olmasını göstərmiş və bununla da qeyd edilən məlumatların onların barəsində olmasını vurğulamağa çalışmışdır. Belə ki, Cavabdeh və digər təsisçilər 22 sentyabr 2023-cü il tarixli 02 saylı məktubla Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Ədliyyə Nazirliyinin Strateji Araşdırmalar və Monitorinq Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Yanğından Mühafizə Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi cənab Cəbrayıl Xanlarova, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Bakı Kommersiya Məhkəməsinin sədrinə, Bakı İnzibati Məhkəməsinin sədrinə, Bakı şəhəri Suraxanı rayon prokuroru cənab Rəşid Mahmudova, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədrinə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisinə müraciət etmiş və həmin məktubla "xxxx" MMC-nin rəhbərliyini, yəni onları sənədləri saxtalaşdırmaqda təqsirləndirmişdir. Cavabdehin onları öz ərizəsində saxtakar adlandırması onun bir sahibkar kimi işgüzar nüfuzuna xələl gətirmiş, bir şəxs kimi isə şərəf və ləyaqətini ləkələmişdir. Onlar bu vaxta qədər bir sahibkar kimi işgüzar aləmdə öz nüfuzlarını qoruyub saxlamağa çalışmış, lakin cavabdeh öz mənfur niyyətlərinə çatmaq üçün onları dövlət orqanlarına bir cinayətkar kimi təqdim etmiş, işgüzar nüfuzlarını ləkələmişlər. Bu qeyd edilənlərdən əlavə onun cavabdehə və digərlərinə qarşı mənəvi zərər tələbi barədə iddia ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılan zaman açıq məhkəmə iclasında Cavabdeh ona qarşı nalayiq sözlər işlətmiş, bütün bu ifadələr isə məhkəmə prosesinin audio-video çəkilişində və məhkəmə iclas protokolunda qeydə alınmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsində 01 fevral 2021-ci il tarixdə 2(012)- 1148/2024 saylı mülki iş üzrə açıq məhkəmə iclasında cavabdeh onu təhqir edərək onu “matışqa” adlandırmışdır. Onun bu ifadəsi hətta məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh həmçinin onu açıq məhkəmə iclasında təhqir edərək onun mənəviyyatını alçaltmışdır. Bütün bu hallar, onların barəsində kütləvi formada mənfi fikirlərin formalaşması bir fiziki şəxs kimi onun fiziki sarsıntı keçirməsinə də səbəb olmuşdur ki, bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. O, özünə dəymiş mənəvi zərəri 30.000 manat dəyərləndirir və bu məbləğin də cavabdehdən onun xeyrinə tutulmasım istəyir. Cavabdeh tərəfindən təkzib edilməsini və cavabdehin onlardan üzr istəməsini də məhkəmə yolu ilə tələb edir. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində yalan məlumatın hətta ərizə, məktub və şikayətdə göstərilməsi həmin məlumatın yayılmış hesab edilməsi kimi başa düşülür və bu zaman həmin məlumatın yalan olmamasını sübut etmək məlumatı yayan şəxsin öhdəsinə düşür. İşin hallarından da görünür ki, cavabdeh onların imzaları saxtalaşdırmaqla dövlət orqanlarına müraciət etmələri barədə yalan məlumatlar vermiş, yəni bu yalan məlumatı yaymaqla onların şərəf və ləyaqətini ləkələmişdir. İşin diqqətəlayiq hallarından biri də odur ki, cavabdeh bu məlumatın yalan olmasını bilə-bilə bu məlumatı yaymışdır. Yəni icra məmuru tərəfindən onlara məxsus möhürün onların avtomobilindən götürülməsi barədə məlumatın özü də yalandır və icra məmuru onların avtomobilindən hər hansı bir sənəd, bir möhür və ya digər əşya götürməmiş, sadəcə icra sənədinin icrası ilə əlaqədar mübahisəli binaya gəlmiş, binada yerləşən ofisdə olan sənədləri və ofisi onlara təhvil vermiş, "xxxx" Mənzil-Tikinti Kooperativinin və "xxxx" MMC-nin mülkiyyətində olan heç bir əşyanı, onlara məxsus heç bir hüquqi sənədi və ya möhürü onlara verməmiş, icra məmurunun belə bir səlahiyyəti də olmamışdır. Beləliklə, hesab edir ki, cavabdehin Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Ədliyyə Naziriliyinin Strateji Araşdırmalar və Monitorinq Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Yanğından Mühafizə Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi cənab Cəbrayıl Xanlarova, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Bakı Kommersiya Məhkəməsinin sədrinə, Bakı İnzibati Məhkəməsinin sədrinə, Bakı şəhəri Suraxanı rayon prokuroru Rəşid Mahmudova, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədrinə və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisinə ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli 02 saylı məktubunda “"xxxx" MMC-nin rəhbərliyi bu dairəvi möhürlərdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzalan saxtalaşdıraraq dövlət orqanlanna müraciət edir.” kimi məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək, cavabdeh tərəfindən yayımlandığı formada təkzib edilməli, cavabdeh ondan üzr istəməli və onu təhqir etməsi və barəsində böhtan xarakterli məlumatlar verməsi nəticəsində ona dəymiş mənəvi zərəri ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, MTK adı ilə hərəkət etmişdir. İddiaçı cavabdeh kimi onu yox, bu idarənin rəhbər şəxslərini cəlb etməli idi. Möhürü o, vurmamışdır. İmzanı digərləri kimi o da çəkmişdir, amma imzaladığı məktubu oxumamış, orada “saxta” kimi sözlərin yazıldığını görməmişdir. İddiaçıdan üzr istəyir. Səhvini etiraf edir, indiyə kimi etdiyi hərəkətlər səhv olub. İddiaçıdan üzürünü qəbul etməsini xahiş edir. Həmçinin bildirdi ki, dəymiş mənəvi zərəri ödəmək üçün maddi imkanı yoxdur. Göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı cavabdehin izahatına münasibət bildirərək qeyd etdi ki, cavabdehin üzürünü qəbul etmir. Cavabdeh indiyə qədər bu addımı atmamış, keçirilmiş çoxsaylı məhkəmə iclaslarına gəlməmişdir, onu təhqir edib, şərəf və ləyaqətini alçaltmışdır. Həyat yoldaşına iddia ərizəsini geri götürməsini, əks halda onun üçün yaxşı olmayacağını demiş, təhdid etmişdir. O isə cavabdehi heç vaxt təhdid etməmişdir. Ona görə də iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı və X4 cavabdehlər X3, Cavabdeh və X7 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(012)-1148/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasının protokolunun surətindən görünür ki, Cavabdeh bildirmişdir ki, “iddia tələbini qəbul etmirəm. Bildirirəm ki, mən heç kimin şərəf və ləyaqətini alçaltmamışam. Onun şikayəti əsaslı deyil. Amma iddiaçı keçən iclasda çıxarkən mənə “matışqa" demişdi. “Matışqa “ iddiaçının özüdür”. - "xxxx" Mənzil-Tikinti Kooperativinin sahibkarı və təsisçisi X6, təsisçiləri Cavabdeh və X8 tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Ədliyyə Naziriliyinin Strateji Araşdırmalar və Monitorinq Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Yanğından Mühafizə Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi cənab Cəbrayıl Xanlarova, Bakı şəhər İcra Hakimiyyətinin Başçısına, Bakı şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Azərbaycan Respublikası Əmlak Komitəsinin sədrinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Bakı Kommersiya Məhkəməsinin sədrinə, Bakı İnzibati Məhkəməsinin sədrinə, Bakı şəhəri Suraxanı rayon prokuroru Rəşid Mahmudova, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədrinə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısına, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisinə, Suraxanı rayon Sukanal İdarəsinin rəisinə, Suraxanı rayon Qaz İdarəsinin rəisinə, Suraxanı rayon İşıq İdarəsinin rəisinə və "xxxx" MMC-nin direktoruna ünvanlanmış məktubun surətindən görünür ki, “Təkrarən yazıb, bildiririk ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində "xxxx" MTK tərəfindən 4 girişli, çoxmərtəbəli, 13 M saylı yaşayış binası inşa edilmişdir. Bina su, işıq və qaz xətləri ilə təmin edilmişdir. xx.xx.2023 tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisi və əməkdaşları "xxxx" MMC-nin təsisçiləri İddiaçı və X9 ilə birlikdə "xxxx" MTK-nin faktiki olaraq fəaliyyət göstərdiyi, bütün rəsmi sənədlərinin saxlandığı, xüsusi mülkiyyətdə olmaqla "xxxx" MTK-nin inşa etdiyi 13 M saylı binada yerləşən ofisə gələrək, Bakı Kommersiya Məhkəməsinin 2-(113)-3861/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsini (Qətnamədə göstərilir ki, "xxxx" MTK binanın ancaq istismarını, yəni xidmət göstərməsini təhvil verməlidir) icra etməyə başladılar. İcra şöbəsinin rəisi Nazim Nərimanov, icra məmurları Heydər və Rövşən, "xxxx" MMC-nin rəhbərləri İddiaçı və Asif Əsədullazadə əlbir olaraq, "xxxx" MTK-nin sahibkarı və təsisçisi X3 məxsus avtomobilin açarını ondan zorla alaraq, avtomobildə olan "xxxx" MTK-nə aid sənədləri, şəxsi pulu olan (altı min manat) götürmüşlər. Bundan əlavə "xxxx" MTK-nə aid 15 illik mühasibatlıq və arxiv sənədlərini, MTK-nə məxsus kompüteri, surətçıxaran aparatı, mühasibatlığın seyfini sındıraraq orada olan pul vəsaitlərini (üç min manat), işçilərə aid əmək kitabçalarını, iki mobil telefonu, mühasibi və təsisçiləri otaqdan uzaqlaşdıraraq, heç bir akt tərtib etmədən, götürülən sənədləri siyahıya almadan, xüsusi özbaşnalıqla götürərək, qeyri-qanuni olaraq "xxxx" MMC-nə təhvil vermişlər. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə və bütün hüquq mühafizə orqanlarına dəfələrlə məktub və teleqramlar göndərilmişdir. Halhazırda Suraxanı rayon Prokurorluğunda bu işlə əlaqədar araşdırma aparılır. Suraxanı rayon İcra Şöbəsinin rəisinin özbaşnalığı nəticəsində xx.xx.2023-cü il tarixdən "xxxx" MTKnin bütün fəaliyyəti dayanmış, dövlət orqanlarına veriləcək hesabatlar gecikmiş, vergilər ödənməmiş, işləyən işçilərin avqust ayı üzrə əmək haqları ödənilməmişdir. "xxxx" MTK-nin dairəvi möhürü və ciddi hesabat blankları xx.xx.2023-cü il tarixindən bizdə deyil. Nəzərinizə çatdırırıq ki, "xxxx" MMC-nin rəhbərliyi bu dairəvi möhürdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdıraraq dövlət orqanlarına müraciət edirlər. Onu da qeyd etmək istəyirik ki, "xxxx" MTK-nin dairəvi möhürünün oğurlanması barədə biz, qanunamüvafiq qaydada qəzetdə elan verib Bakı səhər Baş Polis İdarəsinin tapıntılar şöbəsinə müraciət edərək, möhürün tapılmaması barədə cavab almışıq. Bundan sonra, "xxxx" MTK-nin yeni dairəvi möhürü hazırlanmışdır. "xxxx" MTK öz səlahiyyətlərini qanuna uyğun davam etdirir. Binanın istismarı istinsna olmaq şərtilə, halbuki istismarın təhvil verilməsi barədə heç bir təhvil-təslim aktı yoxdur. Sizdən xahiş edirik bu oğurlanmış möhürlə Sizin idarələrə müraciət olunarsa, etibarsız sayılsın. Onu da qeyd edirik ki, "xxxx" MTK-nin yeni dizayn dairəvi möhürü hazırlanmışdır və bu məktubda həmin möhürün nümunə forması Sizə göndərilir”. - "xxxx" Mənzil-Tikinti Kooperativinin sahibkarı və təsisçisi X6, təsisçiləri Cavabdeh və X8 tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Ədliyyə Naziriliyinin Strateji Araşdırmalar və Monitorinq Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Yanğından Mühafizə Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi cənab Cəbrayıl Xanlarova, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Bakı Kommersiya Məhkəməsinin sədrinə, Bakı İnzibati Məhkəməsinin sədrinə, Bakı şəhəri Suraxanı rayon prokuroru Rəşid Mahmudova, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədrinə və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisinə və "xxxx" MMC-nin direktoru İddiaçı ünvanlanmış 02 nömrəli 22 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, “Yazıb, bildiririk ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində "xxxx" MTK tərəfindən 4 girişli, çoxmərtəbəli, 13 M saylı yaşayış binası inşa edilmişdir. Bina su, işıq və qaz xətləri ilə təmin edilmişdir. 2022-ci ilin oktyabr ayında bina sakinləri və MTK təsisçiləri qərara almışlar ki, binanın istismarı xx.xx.2023-cü il tarixindən "xxxx" MMCnə verilsin. xx.xx.2023-cü il tarixindən də binanın istismarı ilə "xxxx" MMC məşğul olmuş və dövlətimizin qanunları əsasında fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra Şöbəsinin rəisi və əməkdaşları hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı və X9 ilə birlikdə "xxxx" MMC-nin faktiki olaraq fəaliyyət göstərdiyi, bütün rəsmi sənədlərinin və möhürünün saxlandığı, xüsusi mülkiyyətdə olmaqla "xxxx" MTK-nin inşa etdiyi 13 M saylı binada yerləşən ofisə gələrək, Bakı Kommersiya Məhkəməsinin 2-(113)- 3861/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsini (Qətnamədə göstərilir ki, "xxxx" MTK binanın ancaq istismarını, yəni xidmət göstərməsini təhvil verməlidir) icra etmək bəhanəsi ilə (qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyimiz kassasiya şikayəti olduğu halda və icraçılara təqdim edildiyi halda), İcra Şöbəsinin rəisi Nazim Nərimanovun göstərişi ilə ofisdə olan "xxxx" MMC-nə məxsus möhür və sənədləri icra məmuru Heydər, "xxxx" MTK-nin sahibkarı və təsisçisi X3 məxsus avtomobildən "xxxx" MTK-nə aid möhür və kooperativin sənədlərini Rövşən adlı icra məmuru zorla götürərək, yuxarıda adı çəkilən və digər şirkətlərə aid 15 illik mühasibatlıq və arxiv sənədlərinin, mühasibatlığın seyfini sındıraraq orada olan pul vəsaitlərini mühasibi və təsisçiləri otaqdan uzaqlaşdıraraq, heç bir akt tərtib etmədən, götürülən sənədləri siyahıya almadan, xüsusi özbaşınalıqla götürərək, qeyri-qanuni olaraq "xxxx" MMC-nə təhvil vermişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə və bütün hüquq mühafizə orqanlarına dəfələrlə məktub və teleqramlar göndərilmişdir. Hal-hazırda Suraxanı rayon Prokurorluğunda bu işlə əlaqədar araşdırma aparılır. Suraxanı rayon İcra Şöbəsinin rəisinin özbaşınalığı nəticəsində xx.xx.2023-cü il tarixindən "xxxx" MMC və "xxxx" MTK-nin bütün fəaliyyəti dayanmış, dövlət orqanlarına veriləcək hesabatlar gecikmiş, vergilər ödənməmiş, bu şirkətlərdə işləyən işçilərin əmək haqları ödənməmişdir. Bu şirkətlərin dairəvi möhürləri və ciddi hesabat blankları xx.xx.2023-cü il tarixindən bizdə deyil. Nəzərinizə çatdırırıq ki, "xxxx" MMC- nin rəhbərliyi bu dairəvi möhürlərdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdıraraq dövlət orqanlarına müraciət edirlər. Onu da qeyd etmək istəyirik ki, "xxxx" MTK-nin və "xxxx" MMC-nin dairəvi möhürlərinin itməsi barədə biz, qanunamüvafiq qaydada qəzetlərdə bu möhürlərin itməsi barədə elan verib, Bakı səhər Baş Polis İdarəsinin tapıntılar şöbəsinə müraciət edərək, itmə barədə cavab almışıq. Bundan sonra "xxxx" MTK-nin və "xxxx" MMC-nin yeni dairəvi möhürləri hazırlanmışdır. "xxxx" MTK öz səlahiyyətlərini qanuna uyğun davam etdirir. (Binanın istismarı istisna olmaq şərtilə, halbuki istismarın təhvil verilməsi barədə heç bir təhvil-təslim aktı yoxdur). Sizdən xahiş edirik bu itmiş hesab olunan möhürlərlə Sizin idarələrə müraciət olunarsa, etibarsız sayılsın”. - X6 tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, “Bakı Kommersiya Məhkəməsinin 2-(113)-3861/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq bildirirəm ki, mən könüllü olaraq ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının istismarını "xxxx" MMC-nə təhvil verdim. "xxxx" MMC-nə məxsus bütün sənədləri könüllü olaraq təhvil verdim”. - "xxxx" MTK-nin mühasibi X8 tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, “Bakı Kommersiya Məhkəməsinin 2-(113)-3861/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq bildirirəm ki, mən könüllü olaraq ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının istismarını "xxxx" MMC-nə təhvil verdim. "xxxx" MMC-nə məxsus bütün sənədləri könüllü olaraq təhvil verdim”. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-578/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-578/2023 saylı qərardadının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3861/2022 saylı qətnaməsindən iş üzrə tərəf olmayan "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-579/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2- 2(103)-578/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - “Sifarişçi” "xxxx" MMC “podratçı” "xxxx" MTK “Podraçı” olmaqla imzalanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən "xxxx" “MMC”nə Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin şərq hissəsində verilmiş 1.68 ha ərazinin 0.40 ha sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Layihəyə əsasən dörd bloklu, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyətlərini "xxxx" MMC "xxxx" MMC-nə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Podratçı” Yeni Günəşli qəsəbəsində "xxxx" MMC-nə məxsus ərazinin 0.40 ha sahəsində 4 bloklu, 16 mərtəbəli binanın tikintisini bütünlüklə öz üzərinə götürür və həmin tikintini 2007-ci ilin sonunadək təhvil verilməsinə zəmanət verir. Müqavilənin 3.2ci bəndinə əsasən müqaviləyə və tərəflər arasında əldə olunmuş razılığa əsasən “Podratçı” 4 bloklu, 16 mərtəbəli binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1, 2, 3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla 8000 kv.m sahəni əvəzi ödənilmədən “Sifarişçi”yə verir. Müqavilənin 3.6-cı bəndinə əsasən binanın tikintisi başa çatdıqdan sonra "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirir və binanın gələcək ekspulatasiyasını bütünlüklə "xxxx" MMC-nə təhvil verir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlardan görünür ki, "xxxx" MMC-nin təsisçiləri İddiaçı və X9, qanuni təmsilçi İddiaçıdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, İddiaçı bağban fəaliyyəti, gələn dayə fəaliyyəti və sair xidmət göstərən işçiləri pulla tutan şəxsi ev təsərrüfatlarının fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi qeydiyyatdadır, VÖEN statusu fəaliyyətini müvəqqəti dayandırmış kimidir. - internet vergi idarəsi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MTK-nin qanuni təmsilçisi X5r. - Abşeron Rayon Məhkəməsinin e-2(012)-2918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdeh X1 4000 manatın tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1602 saylı rəyinə əsasən mülki iş materiallarına əlavə olunmuş video-diskdə “BakıTV” xəbər kanalının əməkdaşı tərəfindən qeydə alınmış video görüntülərdə cavabdeh X6 tərəfindən İddiaçı “saxtakar” adlandırılması şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat hesab edilir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-669/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manatın alınaraq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli kassasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-669/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-425/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xüsusi ittihamçı İddiaçı barəsində xüsusi ittiham qaydasında şikayət verilən xx xxxxxx 1955-ci il tarixdə anadan olmuş, işləməyən, ali təhsilli, evli, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə xüsusi ittiham qaydasında şikayətin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1. maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4. maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 saylı xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində hüquqi məlumatın nədən ibarnət olmasını, hanmsı məlumatın təkzib edildiyini, məlumatın təkzibedilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 saylı xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçının barəsində yayılmış məlumatların həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi məlumatları yayan şəxsin, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının barəsində yaydığı məlumatların həqiqət olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin iddiaçının barəsində onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yayması sübutlarla təsdiqlənmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar "xxxx" MTK-nin təsisçiləri Ə.Qənbərov və N.Rzayeva könüllü olaraq ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının istismarını "xxxx" MMC-nə təhvil vermələri, "xxxx" MMC-nə məxsus bütün sənədləri könüllü olaraq təhvil vermələri barədə xx.xx.2023-cü il tarixdə ərizə yazmışlar. Bundan sonra ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının istismarı "xxxx" MMC tərəfindən həyata keçirilməyə başlamışdır. Belə olan halda, yəni məhkəmə qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MMC-nə təhvil verilməsi prosesi başa çatdıqdan və həmin tarixdən sonra yaşayış binasınının istismarı qanuni şəkildə "xxxx" MMC tərəfindən həyata keçirilməyə başladıqdan sonra cavabdehin və "xxxx" MTK-nin digər təsisçilərinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ədliyyə nazirinə və digər dövlət orqanlarına göndərdikləri məktubda yazdıqları "xxxx" MMC-nin rəhbərliyi tərəfindən "xxxx" MTK-nin dairəvi möhürlərindən qanunsuz istifadə edilərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdırılaraq dövlət orqanlarına müraciət edilməsi barədə məlumatlar həqiqətə uyğun deyildir və bu, "xxxx" MMC-nin təsisçisi və qanunu təmsilçisi olan iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməlidir. Belə ki, İddiaçı "xxxx" MTK-nin digər təsisçisi X3 qarşı “məlumatın həqiqətə uyğun olmaması, şərəf və ləyaqətin müdafiəsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılan zaman keçirilmiş məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən cavabdeh X6 tərəfindən İddiaçı “saxtakar” adlandırılması şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat hesab edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbində Azərbaycan Respublikasının ədliyyə nazirinə və digər orqanlara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub Cavabdeh ilə yanaşı X6 tərəfindən də imzalandığından və həmin məktubda qeyd edilmiş "xxxx" MMCnin rəhbərliyi tərəfindən "xxxx" MTK-nin dairəvi möhürlərindən qanunsuz istifadə edilərək, rəhbərlərin əvəzinə imzaları “saxtalaşdırılması” ifadəsi də İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməlidir. Belə ki, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi və təsisçilərindən biri olduğundan, MMC-nin rəhbərliyi dedikdə, rəhbər kimi iddiaçı, imzaları saxtalaşdırılan şəxs dedikdə isə saxtakar başa düşülməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən "xxxx" MTK-nin dairəvi möhürlərindən qanunsuz istifadə edilərək, rəhbərlərin əvəzinə imzaları “saxtalaşdırılması” ifadəsində cavabdeh saxtakarlıq edən şəxslərdən birinin də iddiaçı olmasını nəzərdə tutduğundan və yuxarıda göstərilən ekspert rəyinə əsasən iddiaçının saxtakar adlandırılması şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat hesab edildiyindən, prosessual qənaət prinsipinə əməl edilərək, hazırkı iş üzrə məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Həmçinin, həmin məlumatlar Azərbaycan Respublikasının ədliyyə nazirinə və digər dövlət orqanlarına ünvanlanmış məktublarda öz əksini tapdığından, məlumatlar yayılmış hesab edilir. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki cavabdeh həmin məlumatları yayarkən iddiaçının şərəf və ləyaqətini ləkələdiyini dərk etmiş, bunu arzu edərək mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin məlumatların həqiqətə uyğun olmadığı barədə yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digər orqanlara məktub yazmaqla və həmin məktub vasitəsi ilə də iddiaçıdan üzr istəməklə təkzib verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış məlumatlar yalan və həqiqətə uyğun olmayan məlumatlar olmaqla, həmin məlumatların yayılması nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi mübahisəsizdir. Belə ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçının ünvanına onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfüzunu ləkələyən məlumatlar yaymaqla, ona mənəvi zərər vurmuşdur. Nəzərə alınmalıdır ki, mənəvi zərər məbləğinin müəyyən edilməsi üçün qanunvericilikdə konkret meyarlar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, iddiaçının hüquq və mənafelərinə toxunan məlumatların xarakteri və məzmunu, həqiqətə uyğun olmayan, iddiaçının şərət və əlayəqini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılma dərəcəsi nəzərə alınmaqla, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digər orqanlara ünvanlanmış 02 nömrəli xx.xx.2023-cü il tarixli məktubun “"xxxx" MMC-nin rəhbərliyi bu dairəvi möhürlərdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdıraraq dövlət orqanlarına müraciət edir” hissəsinin həqiqətə uyğun olmaması barədə yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digər orqanlara yeni məktub yazılmaqla və həmin məktub vasitəsi ilə də İddiaçı üzr istəməklə təkzib verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digər orqanlara ünvanlanmış 02 nömrəli xx.xx.2023-cü il tarixli məktubun "xxxx" MMC-nin rəhbərliyi bu dairəvi möhürlərdən qanunsuz istifadə edərək, rəhbərlərin əvəzinə imzaları saxtalaşdıraraq dövlət orqanlarına müraciət edir” hissəsinin həqiqətə uyğun olmaması barədə yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və həmin məktubda qeyd olunan digər orqanlara yeni məktub yazılmaqla və həmin məktub vasitəsi ilə də İddiaçı üzr istəməklə təkzib verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar