Məhkəmə qərarları › İş №2(008)-3351/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3351/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3351/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Cavabdehlər Cavabdeh1, Üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə uşaq tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs qismində göstərilməklə xx.xx.2012-ci il tarixdə doğulmuş X9 cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, idddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışdılar. xx.xx.2012-ci il tarixdə X9 doğulmuşdur. xx.xx.2013-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qızı ilə hər həftənin şənbə günü ünsiyyət hüququ tanınmışdır. Lakin, cavabdeh ünsiyyətə şərait yaratmamış və icra tədbirləri nəticəsində ünsiyyət mümkün olmamışdır. Qızı onunla parkda gəzərkən o, qızının təsir altında olduğunu hiss etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı qızı ilə görüşürkən özünü çox emosional və gərgin apardığından Zəhra qorxmuş və onunla ünsiyyətdən imtina etmişdir. Cavabdehin iştirakı ilə görüş keçirilən zaman iddiaçı Zəhranı evə aparmaq istəyəndə o, imtina etmiş, cavabdeh isə ona şillə vurmağı məsləhət etmişdir. Görüşlər bir neçə dəfə icra hakimiyyəti tərəfindən təyin edilmiş psixoloqun iştirakı ilə təşkil edilsə də, Zəhra qorxduğu üçün ünsiyyət alınmamışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmənin iki çağırışına gəlməmiş, gəlməməsnin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 anasından alınıb atasına verilməsini məqsədəmüvafiq hesab etmədiyini bildirdi. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında xx.xx.2012-ci il tarixdə doğulmuş X9 atası ilə görüşmək və yaşamaq istəmədiyini, ondan qorxduğunu, onun həmişə əsəbi olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, xx.xx.2012-ci il tarixdə doğulmuş X6 fikrini nəzərə alaraq, hesab edir ki, iddiə rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə Cavabdeh1 nikahları xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir (AZ-İ seriyalı 170489 №-li nikahın pozulması haqqında şəhadətnamə). Onların qızı X9 xx.xx.2012-ci il tarixdə doğulmuşdur (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3424 №-li arayış). Nikah pozulurkən X9 anasının yanında saxlanılmışdır. Hazırda iddiaçı Zəhranın anasından və nənəsindən alınıb ona verilməsini istəyir. Məhkəməninxx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11/277 №-li ekspert rəyinə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş X7 hal-hazırda anası Cavabdeh1 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, atası İddiaçı bağlılığı müəyyən olunmur, valideynləri arasındakı şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2012- ci il təvəllüdlü X7 emosional-iradi sferasına və atası İddiaçı olan münasibətinə sirayət etmiş X10 əqli və psixi inkişafına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikası və davranışında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur, İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2012-ci il təvəllüdlü X7 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birğə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənun 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. X8 və X12 BMT-nin Kovensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onların əsas obyektidir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarında aşağıdakılar qeyd olunmuşdur:

7. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 7.1.Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 7.3 Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. 7.6. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşınan çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 anasına daha bağlı olduğundan, atasından körpə yaşından ayrıldığından atasına uyğunlaşa bilmədiyindən, özünün də anası ilə qalmaq istədiyindən cavabdehdən alınaraq iddiaçıya verilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və tərəflərin istəklərini əsas götürərək və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 223.1, 360-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar