Məhkəmə qərarları › İş №2(008)-3417/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3417/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3417/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanək saxlanmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2132/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş cəmi 525 manat aliment məbləğinin azaldılaraq hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2132/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə nikahının pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 analarının himayəsində saxlanmaları və yetkinlik yaşına çatanadək hər birinə görə 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin ondan tutulması qət edilmişdir. Lakin həmin vaxtdan etibarən, eyni ünvanda, eyni evdə yaşayır, uşaqlarını birlikdə tərbiyə edir, evin xərcləri onun tərəfindən ödənilir. Həmçinin yaşadıqları evin bir hissəsində cavabdeh üçün stabil gəliri olan iş yeri – gözəllik salonu açmışdır. Cavabdeh üçün yaratdığı iş yerindən gələn gəlir məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğindən 2 dəfə artıqdır və onlar hər hansı maddi sıxıntı yaşamırlar. Faktiki olaraq aliment məbləğinin sənəd üzərində qalması borc məbləği kimi icra şöbəsində hesablanması gələcəkdə məsuliyyət, müəyyən əmlak problemləri yarada bilər. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edib, iddia tələbini qəbul etmiş və bildirmişdir ki, onun hazırda maddi vəziyyəti normaldır, biznes sahəsi üzrə stabil gəliri vardır, odur ki, aliment məbləğinin hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manatadək azaldılmasına, yənin iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materiallarındandan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşlar. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2132/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 4842 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 anasının himayəsində saxlanmaları, onun yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 175 manat, cəmi 525 manat, xx.xx.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək əlavə xərclərin ödənilməsi üçün hər ay 100 manat alimentin alınaraq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, həmin Məcəllənin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə baxışı ilə müəyyən edilmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuş, lakin tərəflər arasındakı nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2132/2021 saylı qətnaməsinə əsasən pozulmuş, uşaqların ananın himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 525 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından aydın olur ki, tərəflərın nikahı pozulsa da, həmin vaxtdan eyni evdə yaşayıb, birgə təsərrüfat aparmaqda davam edir, uşaqları birlikdə böyüdürlər. Bunu məhkəmə iclasında cavabdehin özü də təsdiq etmiş, həmçinin ididaçı tərəfindən iş yeri ilə təmin olunduğu, maddi sıxıntısının olmadığını bildirib, iddianın təmin edilməsinə etiraz etməmişdir. Belə olan halda, məhkəmə qeyd olunanları, cavadehin iddianı tam qəbul etməsini nəzərə alıb, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı hazırkı iddiası tələbi təmin edilməli və cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay İddiaçı hər birinə görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qanunvericiliyin tələblərinə müvafiq olmaqla yanaşı, hazırkı şəraitdə tərəflərin ailə və maddi vəziyyətlərinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, azladılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2132/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. Hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar