Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3467/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin və X6 3 yaşı tamam olana qədər hər ay 200 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 doğulmuşlar. Cavabdeh uşaqları ilə maraqlanmır, onların maddi tələbatlarının ödənilməsi üçün köməklik göstərmir. Uşaqları isə təkbaşına böyütmək onun üçün çətindir. Beləliklə, göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həmin tarixdə Cavabdeh və X2 740 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 doğulmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə, qanunvericiliyin tələblərini, uşaqların və tərəflərin mənafeyini, iş materiallarının məcmusunu nəzərə alaraq hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 510 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X4 cavabdehlə birgə nikahından olan uşaqların saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə cəmi 660 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, iddiaçı cavabdehin hər ay göstərilən pul məbləğini ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, uşaqların saxlanmalarını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanmaları üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq, cavabdehdən cəmi 510 manat aliment məbləğindən əlavə, göstərilən məbləğdə pulu tutmaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Həmin normaların mənasından göründüyü kimi, uşağın saxlanması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, tələbin digər - xx.xx.2022-ci il təvəllüdlü X8 qulluğa görə hər uşağa görə cavabdehdən əlavə 200 manat pulun tutulması hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. İddiaçı cavabdehdən uşaqların 3 yaşı tamam olanadək hər ay onun xeyrinə hər biri üçün 200 manat məbləğində alimentin tutulmasını tələb etsə də, məhkəmə tərəfindən iddianın bu hissədə əsasları nəzərdən keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarından göstərilmişdir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində, Məcəllənin 85.1.2- 85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Bununla belə, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin hissədə - cavabdehlə birgə nikahdan olmuş xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşı tamam olanadək cavabdehdən 200 manat məbləğində alimentin tutulmasını əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə pulu ödəmək üçün zəruri vəsaitə malik olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə, uşağın 3 yaşı tamam olanadək cavabdehdən 100 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təyin olunmuş aliment üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınaraq, cavabdehdən 93,2 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X1 xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 610 (altı yüz on) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 93,2 (doxsan üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3467/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3467/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver