Məhkəmə qərarları › İş №2(008)-3632/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3632/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3632/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutularaq ona ödənilməsinə, onun maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər cavabdehdən onun xeyrinə hər ay 100 manat olmaqla alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə faktiki nikaha girərək ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailələri dağılmış, o, anasının evinə qayıtmışdır. Hal-hazırda ayrı yaşayırlar, cavabdeh işləyərək yüksək gəlir əldə etsə də, ayrıldıqdan sonra bir dəfədə olsun uşağı ilə maraqlanmamış, uşağın saxlanılması və onun xərcləri üçün onlara heç bir maddi yardım göstərməmişdir. O, uşağın körpə olması ilə əlaqədar hal-hazırda heç bir yerdə işləmir və uşağının saxlanılmasında, öz zəruri xərclərinin ödənilməsində çox çətinlik çəkir. Belə ki, uşağa lazım olan qidaların və vitaminlərin verilməsi xüsusi ilə zəruri olduğu halda, maddi vəziyyəti pis olduğundan uşaq həyat üçün zəruri olan nemətlərdən məhrum olmuş, uşağın saxlanılması hər iki valideynin vəzifəsi olmasına baxmayaraq, cavabdehin üz vəzifəsini həyata keçirməkdən imtina etməsi isə uşağın sağlam inkişafını sual altında qoymuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında qeyd etdi ki, iddiaçının ondan 200 manat məbləğində aliment tələb etməsinə razı veyil və alimentin 170 manat məbləğində tutulmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Tərəflər rəsmi nikaha daxil olmamışlır. Tərəflərin xx.xx.2018-ci il tarixdə Tunar adlı uşaqları doğulmuşdur (4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 118548 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir (4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 392441 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən bir övladı olmuş, cavabdeh uşağın atası hesab edilmiş, hazırda cavabdeh uşağın saxlanılmasına maddi köməklik göstərmədiyi üçün iddiaçı 200 manat sabit pul məbləğində aliment, eləcədə uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutulmasını tələb edir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı uşağa görə 200 manat aliment tələb etməsinə baxmayaraq, alimentin məhz həmin məbləğdə tutulması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının alimentlə bağlı digər tələbi xx.xx.2018-ci il təvəllüdlü X3 3 yaşına çatana qədər cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat məbləğində pulun tutulması ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd olunan maddənin norması ər-arvad münasibətlərinə aid edilmişdir. Qeyd edildiyi kimi isə iddiaçı ilə cavabdeh ər-arvad münasibətində olmamışlar. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 2040 manat təşkil edir (170 man x 12 ay = 2040 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar