Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3639/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlunun yetkinlik yaşına çatanadək saxlanılmalarından ötəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 7586/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş 420 (dörd yüz iyirmi) manat aliment məbləğinin dəyişdirilərək alimentin sabit pul məbləğində deyil, aylıq qazancının yarısı həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qurbanova (Əlimərdanova) Şahsənəm Bayram qızı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Ağsu rayon VVADQ şöbəsində 93 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan 3 övladları: xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlu doğulmuşlar. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün nikahları Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-421/2019 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anasının himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan sabit pul məbləğində hər ay bir uşağa 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra X6 alimentin artırılması barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7586/2021 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq sabit pul məbləğində hər ay hər uşağa 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iş üzrə cavabdeh X6 uşaq bağçasında müəllimə işləyir və 550 (beş yüz əlli) manat əmək haqqı alır. Bundan əlavə, iki əlil uşağa baxdığı üçün 200 (iki yüz) manat əlavə müavinət alır və iki uşağa görə təyin edilmiş 500 (beş yüz) manat pensiya alır. Cavabdeh, ümumilikdə aliment, əmək haqqı, əlil uşaqlara verilən pensiya və müavinətlərlə birlikdə ayda 1670 (min altı yüz yetmiş) manat pul alır. O, 2-ci dərəcə əlildir və buna görə dövlətdən 220 (iki yüz iyirmi) manat pensiya alır. Həmin pulun 70 %-i alimentə tutulur. Uzun müddətdir “X11 X13 mərhələ” xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar həkim ona daimi olaraq qiyməti 120 manat olan Elafra dərmanı yazıb ki, həmin dərmanı o, hər ay alıb qəbul edir. Xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti yoxdur və başqa işlərdə, işindən əlavə işlərdə çalışması mümkün deyildir. Həmçinin qeyd edir ki, Kürdəmir şəhər Uşaq X21 Məktəbində 1 illik müqavilə üzrə məşqçi müəllim vəzifəsində işləyir və həmin işdə orta aylıq əmək haqqı 414.17 (dörd yüz on dörd manat on yeddi qəpik) manat təşkil edir ki, həmin puldan da 200 (iki yüz) manatı alimentə tutulur. Bu günədək bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmişdir. O, 2-ci dəfə ailə həyatı qurmuşdur və həyat yoldaşı 6 aylıqdan çox müddətdir ki, hamilədir. Əlil olduğuna görə başqa işlərdə işləyə bilmir və əlilliyə, eləcə də, şahmat məktəbində məşqçi müəllim kimi aldığı əmək haqqından savayı qazancı yoxdur. Aylıq qazancı (məşqçi müəllim vəzifəsindən aldığı əmək haqqıdan vergi tutulduqdan sonra) təxmini 600 manat təşkil edir. Həmin pulun 420 manatı alimentə tutulandan sonra ona ailəsini dolandırmaqdan ötəri 180 manat pul qalır ki, bu pulla ailə dolandırmaq mümkün deyil. Həyat yoldaşı hamilədir və işləmir. Ailənin bütün yükü onun üzərindədir. Cavabdeh X6 ondan 3 qat çox qazanc əldə edir. Bu səbəbdən uşaqların saxlanılmasında o da iştirak etməlidir. Uşaqların saxlanılması işində bütün yükün onun üzərinə salınması ədalətsizlikdir. Bu səbəbdən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı alimenti vaxtında ödəmədiyi üçün yaranmış aliment borcuna görə onun əmək haqqından və pensiyasından 75 faiz miqdarında aliment tutulur. Bundan başqa, İddiaçı orta məktəbdə həm şahmat müəllimi işləyir, həm pensiya alır, həm toylarda video foto çəkilişi ilə məşğul olur, həm də Kürdəmir rayonunda baytarlıq aptekləri var, oranı atası ilə birlikdə işlədirlər, kifayət qədər də maddi imkanları vardır. Kürdəmir rayonu Qaraqocalı kəndində yaşadığı fərdi yaşayış evini telefonla idarə edən video kamerasına qədər çəkilmişdir. Onun belə bir iddia ilə məhkəməyə müraciət etməsi əsassız hesab edilməlidir. Uşaqlarının ikisinin xəstəliyi vardır və onların xəstəlikləri ilə əlaqədar olaraq o, heç bir yerdə işləyə bilmir. Uşaqlarından qızı Aylin (serebral iflic) və balaca oğlu Yusif (anadangəlmə ağır dərəcəli eşitmə əngəlli olduğu üçün beyin əməliyyatı olunaraq implant daşıyıcısıdır) hər ikisi xüsusi qulluğa və qayğıya ehtiyacları vardır. O, iddiaçı ilə birlikdə Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayarkən İddiaçı Kürdəmir rayonunda “Ataş” studiyası adlı video və foto çəkilişləri ilə məşğul olub və indi də toylarda video çəkən işləyir. Gecələr toy qurtarandan sonra spirtli içki qəbul edərək gəlib evdə dava-dalaş salaraq onu uşaqlarının gözü qarşısında söyüb, döyüb, təhqir edərək şəxsiyyətini alçaldırdı. İndi də müxtəlif bəhanələr gətirərək, alimentin azaldılmasına çalışır. Onun belə bir tələbinin hüquqi əsası yoxdur. Çünki hal-hazırda minimum ehtiyac meyarı bir uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Uşaqlar məktəblidirlər. Onların müalicələri, yeməkləri, məktəbli ləvazimatları, geyimləri, istirahət və əyləncə hüquqları ilə bərabər təhsil almaq hüquqları da var. Hal-hazırda böyük övladı Səbahəddin 11-ci sinifdə oxuyur və onun əlavə hazırlıqları var. 420 manat pul heç uşaqların birinin aylıq xərini ödəmir. Ona görə də özü də məcbur qalaraq işləyib uşaqlarının yaxşı təhsil ala bilmələri üçün çalışır. Belə bir məqamda İddiaçı belə bir iddia irəli sürməsi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Nərimanov rayon 1 nömrəli X19 uşaqlar Aylin və Yusifin tibbi müayinəsi ilə əlaqədar olaraq, məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş 176 nömrəli xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X12 20 həftəlik hamilədir. - X20 Təhsil İdarəsi tərəfindən verilmiş 80 nömrəli xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən Kürdəmir şəhər Uşaq X21 məktəbində məşqçi müəllim işləyir və orta aylıq əmək haqqı (vergi tutulmadan) 414.17 manatdır və aylıq 200 manat aliment ödəyir. - TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir, yüngül işlərdə işləyə bilər. - DSMF PHŞ-in 1 saylı X20 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı DSMF-dan ümumi səbəbdən İİ dərəcə əlilliyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hazırda aylıq məbləği 220 manat olan sosial müavinət təyin edilmişdir. - X20 Təhsil İdarəsi Kürdəmir rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 22 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qurbanov X3 rayon Uşaq və X21 Mərkəzində idman müəllimi işləyir. Onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi sosial tutulmalar tutulandan sonra hesablanan əmək haqqı aşağıdakı kimidir: yanvar hesablanan əmək haqqı 1019.90 manat, kartdan keçən 531.63 manat; fevral hesablanmış əmək haqqı 506.40 manat, kartdan keçən 128.53 manat; mart hesablanan əmək haqqı 596.40 manat, kartdan keçən 199.17 manat; aprel hesablanan əmək haqqı 596.40 manat, kartdan keçən 199.17 manat; may hesablanan əmək haqqı 596.40 manat, kartdan keçən 199.17 manat. - X20 Təhsil İdarəsi Kürdəmir rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 27 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kürdəmir şəhər Uşaq X21 məktəbinin məşqçi müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanan əmək haqqından tutulan aliment aşağıdakı kimidir: 2022-ci ilin dekabr ayında 200 manat; 2023-cü ilin yanvar-sentyabr aylarında hər ay 200 manat, oktyabr ayında 495 manat, noyabr-dekabr aylarında hər ay 325 manat; 2024-cü ilin yanvar-iyun aylarında hər ay 325 manat, iyul ayında 890 manat. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7586/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirməsi və İddiaçı xx.xx.2007-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləğinin hər ay, hər uşaq üçün 140 manat, cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞS/1/00961 nömrəli arayışdan və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 24 manat dövlət rüsumu ödənilmişdir. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X20 Təhsil İdarəsində idman üzrə məşqçi-müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 631 manat təşkil edir, həmçinin, 2-ci qrup əlilliyə görə 220 manat pensiya alır. - Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-da müayinə aktından çıxarışdan görünür ki, X10 xx.xx.2012-ci il tarixdə müayinə olunmuş və ona uşaq serebral iflici diaqnozu təyin edilmişdir. - TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qurbanzadə Yusif Rəfail oğlu sağlamlıq imkanları məhdud uşaqdır, ona eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, anadangəlmə ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcəli diaqnozu təyin edilmişdir. - AZ-İİ seriyalı 601181 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 xx.xx.2024-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. - AZ-V seriyalı 010685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, atası İddiaçı, anası X8r. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlu, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7586/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində alınacaq alimentin məbləğinin hər ay, hər uşaq üçün 140 manat, cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı əmək haqqının vergi tutulduqdan sonra 600 manat təşkil etməsini, həmin puldan 420 manat aliment ödədikdən sonra ailəsini dolandırmaq üçün ona 180 manat pul qaldığını, ikinci dəfə ailə qurduğunu və bu nikahdan bir uşağının olduğunu əsas gətirərək, birinci nikahdan olan uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək azaldılmasını və aylıq qazancının yarısı həddində olmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay tutulan aliment miqdarı tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıdan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində aliment tutulur. İddiaçı isə hazırda aliment miqdarının dəyişdirilərək, ondan aylıq qazancının yarısı miqdarında alimentin tutulmasını məhkəmədən xahiş edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi məhkəmə, alimenti sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də qazancın müəyyən hissəsi kimi yalnız aliment tələb edən şəxsin xahişi ilə müəyyən edə bilər. Hazırkı işdə iddiaçı aliment tələb edən deyil, aliment ödəyən şəxsdir. Belə olan halda, iddiaçının alimentin aylıq qazancının yarısı miqdarında müəyyən edilməsini tələb etmək hüququ yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının tələbində göstərdiyi dəlillər onu uşaqların saxlanılmaları üçün məhkəmə qaydasında müəyən edilmiş alimenti ödəmək vəzifəsindən azad etmir. İddiaçının göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu birinci nikahından doğulmuş uşaqlarının saxlanılmalarına görə müəyyən edilmiş alimenti ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan, onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Digər tərəfdən, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Bundan başqa, 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7586/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir uşağa görə müəyyən edilmiş alimentin məbləği cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən xeyli azdır. Halbuki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, yuxarıda göstərilən xüsusatlara əsasən hesab edir ki, hazırkı vəziyyətdə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması) üçün əsaslar yoxdur, odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi (azaldılması)” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi (azaldılması)” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3639/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3639/2024
30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver