Məhkəmə qərarları › İş №2(008)-4018/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4018/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4018/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.12.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşınadək saxlanması üçün onun xeyrinə qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 10.03.2019-cı il tarixdə qanuni nikaha daxil olaraq ailə qurmuşdur. Birgə ailə həyatından onların bir uşağı olmuşdur. 30.12.2020-ci ildə doğulmuş X5. Onun borclu ilə nikahı hələ pozulmamışdır. Birlikdə yaşadığları müddət ərzində onların xasiyyəti bir birilərinə uyğun gəlməmişdir. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq müvəqqəti olaraq valideynlərinin evinə yaşamağa getmişdir. Hal-hazırda o uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Buna baxmayaraq borclu uşağına heç bir maddi yardım göstərmir. Dəfələrlə borcluya bu barədə bildirsə də bunun nəticəsi olmamışdır. Borclu EM Consulting and Maintenance MMC-də avtomatlaşdırma üzrə aparıcı mütəxəssis-elektrik vəzifəsində işləyir, aylıq əmək haqqısı 1.420 manat təşkil edir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul edərək aylıq və digər gəlirlərinin ¼ hissəsində aliment tutulmasına etiraz etmədiyini bildirdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 5 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 325156 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 10 mart 2019-cu il tarixdə, 713 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. X1 Alxazova soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İV seriyalı, 527019 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 30.12.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 yerinə dair arayışdan görünür ki, Cavabdeh aylıq maaşı 1420 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.-76.1.1.-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulmasa da İddiaçı 29.04.2021-ci il tarixdə alimen təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək ondan 30.12.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşınadək saxlanması üçün onun xeyrinə qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi 29.04.2021-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 30.12.2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 30.12.2020-ci il tarixində doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 29.04.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar