Məhkəmə qərarları › İş №2(008)-4069/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4069/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4069/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdular. Onların üç uşaqları doğulmuşdur: xx.xx.2006-cı il tarixdə X9 , xx.xx.2008-ci il tarixdə X10 , xx.xx.2011-ci il tarixdə X8 . Tərəflərin arasınldakı nikah Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)-3195/2012 saylı qətnaməsilə pozulmuşdur. Uşaqların tələbatı artır. Sabit pul məbləğində alimentin tutulmasını döğru hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşdular, hazırda nikahdadılar (Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 275564 nikah haqqında şəhadətnamə). İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış üç uşağı var: xx.xx.2006-cı il təvəllüdlü X9 , xx.xx.2008-ci il təvəllüdlü X10 , xx.xx.2011-ci il təvəllüdlü X8 (002991, 046923, 632682 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)-3195/2012 saylı qətnaməsi ilə tərəflərin arasındakı nikah pozularaq hər uşağa görə 87 manat məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı hər uşağa görə 193 manat məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 3816 manat təşkil edir (193-87 x 12 ay x 3 uşaq = 3816). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Hazırkı iddia üzrə dövlət rüsumunun qiyməti 58,16 manat təşkil edir. Lakin, iddiaçı 50 manat məbləğində rüsum mediasiya xidməti üçün ödəmişdir. Odur ki, 50 manat çıxılmaqla 8,16 manat rüsum cavabdehdən dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 8,16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar