Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-424/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusuna qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusuna qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Həsənova (Tanrıverdiyevə) Xuraman Əlişan qızı və Cavabdeh1 Əlişan qızı arasında 26 fevral 2007-ci ildə 38,0 kvadrat metr yaşayış sahəsindən ibarət olmaqla bundan 13,68 kvadrat metr bir yaşayış otağı Cavabdeh2 Əlişan qızına məxsus mənzilə dair 34 saylı Dövləi Notariat Ofisində bağlanmış 4ə-1-142 saylı bağışlama müqaviləsi qanunsuz və əsassız olduğuna görə etibarsız hesab edilməsi və həmin mülkiyyətin əvvəlki statusuna qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 digər cavabdeh keçmiş həyat yoldaşı Tanrıverdiyevə (Həsənova) Xuraman Alışan qızı ilə ailə qurduğu xx.xx.1997-ci ildən Xuramanın böyük bacısı kimi, yəni baldızı kimi tanımışdır. Həmin vaxtdan qohumluq münasibətləri onun Xuraman Tanrıverdiyeva (Həsənova) ilə 23 dekabr 2022-ci ilədək normal olmuşdur. O, özü uzun illər Silahlı Qüvvələrin zabiti kimi fəaliyyət göstərmiş və hazırda mübahisəli mənzili 2006-cı ildə həyat yoldaşının adına almışdır. Onun həmin vaxt Müdafiə Nazirliyində mənzil növbəsinə dayandığı üçün və ailəsi beş nəfərdən ibarət olduğuna görə, mübahisəli mənzil isə cəmi bir otaqdan ibarət olduğuna görə ona məsləhət biliblər ki, nə onun, nə də həyat yoldaşının adına mənzil olmasın, əks halda onu növbədən çıxararlar. Belə olan halda onlar ər-arvad belə məsləhətləşiblər ki, evi baldızı Qızılgülün adına keçirsinlər. Onlar Qızılgüllə razılaşmış, o da razılıq verdiyi üçün arvadı mənzili bacısı Cavabdeh1 adına bağışlamaq barədə müqavilə bağlamışlar. Müqaviləyə ondan başqa digər iki nəfər qonşunun da adı daxil edilmişdir. Çünki mənzil ümumi paylı mülkiyyətdə olan evdir. Lakin arvadı bütün qonşularla normal qonşu münasibəti qura bilmədiyinə görə heç bir qonşu gəlib mənzili bağışlama müqaviləsinə razılıq verməmişdir. Nəticədə 26 fevral 2007-ci ildə Xuraman Tanrıverdiyeva (Həsənova) və Cavabdeh1 Bakı şəhəri Zabrat- 1 qəsəbəsi Neftçilər küçəsi ev 4,mənzil 2-də yerləşən ümumi sahəsi 63 kvadrat metr olan, yaşayış sahəsi 38,0 kvadrat metr olan 3 otaqdan ona, yəni onlara məxsus yaşayış sahəsi 13,68 kv.metr olan bir otaqlı mənzilini bacısı Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi bağlanmasına baxmayaraq Cavabdeh1 bu evdə bir gün də olsa yaşamayıb. Heç vaxt da bu mənzlin iddiasında olmayıb. Çünki bilirdi ki, o və Xuraman yeni mənzil növbəsindən çıxmamaq üçün bu müqaviləni formal bağlayıblar. Lakin o, Xuramanla boşanan kimi, Qızılgül onu mənzildən çıxarmaq üçün iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Hazırda bu işə də məhkəmədə baxılır. Mülki işə əlavə edilmiş 4ə-1-142 nömrəli notariat işində olan ÖM seriyalı 054819 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, mənzil 38,0 kvadrat metr yaşayış sahəsindən ibarət olmaqla bundan 13,68 kvadrat metr bir yaşayış otağı Cavabdeh2 Əlişan qızına, bir yaşayış otağı X10, bir yaşayış otağı isə X9 məxsus olmuşdur. X17 çatan payı bir qədər sonra X2. Sonra da çıxıb Rusiyaya getmişdir. Onu da qeyd edir ki, bağışlama müqaviləsi bağlamaq üçün keçmiş arvadı Xuraman Tanrıverdiyeva və bacısı Cavabdeh1 əvvəlcə ərazi aidiyyəti üzrə Zabrat qəsəbəsində fəaliyyət göstərən notariat ofisinə gəlmiş, lakin orada notarius qonşuların razılığı olmadan bağışlama müqaviləsi bağlamağa razılıq verməmişdir. Onda Xuraman qonşularla normal münasibət saxlamadığına görə onlara bildirmədən Suraxanı rayonu, Yeni Günəşlidə yerləşən 34 saylı notariat ofisinə qardaşı vasitəsilə gəlmiş və o vaxtki notarius X14 ilə danışıb onunla razılaşmış və həmin notarius qonşuların razılığı olmadan, bu saxta müqaviləni imzalamağa razılıq vermişdir. Göründüyü kimi, mənzil 38,0 kvadrat metr sahədə olmaqla mənzil üç ayrı-ayrı paylı mülkiyyətdən ibarətdir. Odur ki, paylı mülkiyyətdə olan mənzil hər üç payçının birgə razılığı ilə özgəninkiləşdirilə bilərdi. Bu vəziyyətdə isə hər iki qonşunun razılığı yoxdur. Bu faktı qonşulardan hazırda Bakıda yaşayan X15, habelə 34 saylı notariusun keçmiş müdiri Gülüş Abıyeva da məhkəmədə təsdiq edə bilərlər. Digər qonşu isə hazırda Rusiyada yaşayır. Müqavilənin qanunsuzluğu barədə o keçmiş arvadını dəfələrlə xəbərdarlıq etsə də, o ona əhəmiyyət verməmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim etmiş, ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 1956/2022 saylı qətnaməsilə İddiaçı ilə X3 arasında 29 noyabr 1997-ci il tarixdə bağlanmış və 253 nömrəli qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X5ma verilmiş OM seriyalı 054819 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Neftçilər küçəsi, 4 saylı evin 38,0 km.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilin 13,68 kv.metr payda 1 otağı mülkiyyət hüququ əsasında 57 a/c saylı reyestr kitabında xx.xx.2000-ci il tarixdə onun adına qeydə alınmışdır. Göstərilən daşınmaz əmlak nikah dövründə alındığından birkə mülkiyyət kimi qəbul edilməlidir. İddiaçı 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kimi hərbi xidmətə başlamış və 2019-cu ilin may ayından hərbi xidmətdən təqaüdə çıxmışdır. Hərbi xidmətdə olarkən İddiaçı mənzil növbəsinə durmuş və ona məsləhət görülmüşdür ki, ev növbəsindən çıxarılmamaq üçün onun və həyat yoldaşının adınaa mənzil olmamalıdır, əks təqdirdə mənzil növbəsindən çıxarıla bilər. Ərarvad məsləhətləşib mənzili Xuramanın bacısı Cavabdeh1 adına keçirmək qərarına gəlmişlər və buna Qızılgülün də razılığını almışdılar. Bu məqsədlə Tanrıverdiyeva Xuramanın adına olan otaq 26 fevral 2007-ci il tarixli bağışlama müqaviləsi ilə formal olaraq bacısı Cavabdeh1 adına keçirilmişdir. 2022-ci ildə iddiaçının arvadı ailə münasibətləri gərginləşmiş və onlar boşanmışlar. Bundan sonra Cavabdeh2 təkidi ilə bacısı Cavabdeh1 İddiaçı mənzildən çıxarılması iddiası ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda bu işin icraatı Sabunçu Rayon məhkəməsinin hakimi Şəbnur Qədirova tərəfindən dayandırılmışdır. Hesab edir ki, 26 fevral 2007-ci il tarixli bağışlama müqaviləsi sırf görünüş üçün bağlanmışdır, bu müqavilədə tərəflərin həqiqi hüquqi niyyəti öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 otaq ona bağışlanandan sonra bir gün də olsun orada yaşamamış, heç vaxt bu mənzilin iddiasında olmamışdır. Çünki bilirdi ki, bu müqavilə İddiaçı mənzil növbəsindən çıxarılmaması üçün formal xarakter daşıyır və formal olaraq bağlanmışdır. Bundan başqa, 73 saylı Mənzil-Kommunal İstismar sahəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli 07 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 4, 2 saylı mənzil 3 qat paylı mülkiyyətdədir, yaşayış sahəsi 13,68 kv.metr olan otaq Cavabdeh1 məxsusdur, hal-hazırda göstərilən mənzildə 2000-ci ildən İddiaçı yaşayır, bu mənzildə X3 özü, 2 qızı və 1 oğlu qeydiyyatdadır, İddiaçı kommunal xidmətlərinin ödənişini təmin edir. Eyni zamanda diqqətə alınmalıdır ki, həyat yoldaşının adına mübahisə predmeti olan otaqdan başqa bir yaşayış sahəsi olmayan İddiaçı hansı səbəbdən 2007-ci ildə bu otağın baldızı Cavabdeh1 bağışlamasına razılıq verməlidir. 26 fevral 2007-ci il tarixli bağışlama müqaviləsi sırf görünüş üçün bağlanmışdır, bu müqavilədə tərəflərin həqiqi hüquqi niyyəti öz əksini tapmamışdır. Bu səbəbdən həmin müqavilə əhəmiyyətsiz əqddir və ona görə də etibarsız hesab edilməlidir. Qeyd olunduğu kimi formal olaraq bağışlanmış otağın aid olduğu mənzil paylı mülkiyyətdədir. Yuxarıda göstərilən X1 adına olan qeydiyyat vəsiqəsindən görünür ki, X.Tanrıverdiyevadan başqa həmin mənzildə digər paylı mülkikiyyətçilər-X15 və X13 vardır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Neftçilər küçəsi, 4 saylı evin 2 saylı mənzilinin Cavabdeh2 mülkiyyətində olan otağa dair 26 fevral 2007-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazında göstərir ki, iddiaçı öz iddiasını onunla əsaslandırmağa çalışmışdır ki, həmin mülkiyyət paylı mülkiyyət olduğuna görə bağışlama müqaviləsində digər payçı qonşuların da imzaları olmalı idi. İddiaçı iddiasına əsasən, bağışlama müqaviləsində digər payçıların razılıq imzaları olmadığına görə müqavilə saxtadır və etibarsız hesab edilməlidir. İddia tələbi aşağıda qeyd olunmuş səbəblərdən tamamilə əsassız və qanunsuz olduğuna görə rədd edilməlidir. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında olan bağışlama müqaviləsi xx.xx.2007-ci il tarixdə, yani 16 il əvvəl imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı iddia edir ki, bağışlama müqaviləsində digər payçıların da imzaları olmalı idi. Yəni, iddia tələbində qeyd olunduğu kimi cavabdehlər arasında bağışlama müqaviləsi imzalanarkən, əvəzi ödənilməyən müqavilə olduğuna görə digər payçıların razılıq verməsi tələb olunmur. Qeyd olunanlara əsasən, iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı bu iddiasını da əsaslandıra bilməmişdir. Onun iddiası keçmiş arvadı Cavabdeh2 və Cavabdeh1 tərəfindən təsdiq edilmir. Həmçinin, Azərbaycan Respublikası Qanunvericiliyinə görə mənzili növbəsində olan hərbi qulluqçuların özlərinin və ya ailə üzvlərinin adlarında mənzil olması onların mənzil növbəsində olmaları üçün maneə deyildir. Bağışlama müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmış, iddiaçıya mənzil xx.xx.2015-ci il tarixdə verilmişdir, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. İddiaçı ərizəsində mənzilin bağışlama müqaviləsinin yalan, uydurma və əhəmiyyətsiz əqd hesab olunduğunu iddia edir və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Ümumiyyətlə, hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə səbəb Cavabdeh1 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair məhkəməyə müraciət etməsi olmuşdur. İddiaçı də həmin iddiaya qarşılıq olaraq məhkəmədə bu iddianı qaldırmışdır. İddiaçı ilkin iddia ərizəsində bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə əsas kimi paylı mülkiyyətdə olan əmlakın digər payçılarının bağışlama müqaviləsini imzalamamasını göstərmişdir. Həmin iddiaya onlar tərəfindən Mülki Məcəllənin 215.6-cı maddəsini əsas göstərməklə etiraz edildikdən sonra, iddiaçı öz iddiasının əsassız olmasını başa düşüb, iddia ərizəsinə dəqiqləşdirmə ilə bağlı ərizə verərək tamamilə başqa əsaslarla bağışlama müqaviləsini yalan və uydurma əqd adlandıraraq etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. Əslində bununla da iddiaçı iddia ərizəsinə dəqiqləşmə deyil, tamamilə başqa məzmunda yeni iddia ərizəsi vermişdir. Ancaq görünən odur ki, iddiaçı yenə də iddiasını dəqiqləşdirə bilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 Alişan qızı iddianı qəbul etməmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasında xx.xx.1997-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. - xx.xx.2023-cü il tarixli Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi 73 Saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, еv 4, mənzil 2 üç qat paylı mülkiyyət Cavabdeh1 məxsusdur. Hal-hazırda həmin mənzildə İddiaçı 2000-ci ildən yaşayır, X4, 2 qızı və 1 oğlu qeydiyyatdadır. İddiaçı kommunal xidmətlərin ödənişlərini həyata keçirir. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi 73 Saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş plan-sxemdən görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, еv 4, 2 saylı mənzilin faktiki yaşayış sahəsi 13,68 kv. metrdir. - xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 34 sаylı notаriаt kontorundа rеyеstrdə 4Ə/4-142 № ilə qеyd еdilmiş bаğışlаmа müqаviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, еv 4, mənzil 2-də yerləşən, ümumi sahəsi 63,0 kv. m. olan 3 otaqlı mənzildən bir otağı-yаşаyış sаhəsi 13,68 kv.m. olаn bir otаğı bacısı Cavabdeh1 Əlişan qızına bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 666- 674-cü maddələrinin məzmunu tərəflərə izаh еdilmişdir; - Bakı Şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 054819 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, еv 4, 2 saylı mənzil, mülkiyyətçiləri Cavabdeh2 Əlişan qızı, X15, X16 olan xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə Cavabdeh2 Əlişan qızına məxsus bir otaq 57a/c reyestr kitabında 11767 səhifə ilə, qeyd alma nömrəsi 30/21498, xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, еv 4, 2 saylı mənzil, mülkiyyətçiləri Cavabdeh2 Əlişan qızı, X15, X16 olan xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə Cavabdeh2 Əlişan qızına məxsus bir otaq 57a/c reyestr kitabında 11767 səhifə ilə, qeyd alma nömrəsi 30/21498, xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 596 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə Gəncə şəhəri, 2-ci mkr-n, B.Məmmədov küçəsi 19, ev K, mənzil 28 dövlət vəsaiti hesabına verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 2-ci mkr-n, B.Məmmədov küçəsi 19, ev K, mənzil 28 - daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2015-ci il tariхdə qеydiyyata аlınmışdır; Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 əvvəlki əridir. xx.xx.2007-ci il tarixdə, yəni onlar nikahda olan zaman Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 22-də yerləşən, ümumi Bakı şəhəri, Bakı şəhəri, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, еv 4, mənzil 2-də yerləşən, ümumi sahəsi 63,0 kv. m. olan 3 otaqlı mənzildən bir otağı-yаşayış sаhəsi 13,68 kv.m. olаn bir otаğı bаğışlаmа müqаviləsinə əsаsən bacısı Cavabdeh1 Əlişan qızına bağışlamışdır. Mənzil İddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə edilən əmlak olduğundan satılarkən iddiaçının yazılı razılığı alınmışdır. İddiaçı qeyd edilən müqavilənin görünüş üçün bağlandığına və yalançı əqd olduğuna istinad edərək bağışlama müqaviləsinin etibarsız olduğuna istinad edir. Cavabdehlər iddianı qəbul etmirlər və mənzilin həqiqətən də, real əsaslarla Cavabdeh1 bağışlandığını bildirirlər və ümumiyyətlə əqdi mübahisələndirmək üçün iddiaçının qanunda nəzərdə tutulmuş bir illik müddəti ötürdüyünü hesab edirlər. İddiaçı sözügedən müqavilənin etibarsız olduğuna dair məhkəməyə təqdim etdiyi yeganə sübut onun Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Gəncə şəhərində mənzillə təmin olunması barədə arayışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarına əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırda iddia tələbi ilə məhkəmədə etibarsız hesab edilməsi tələb olunan əqd qanunvericilikdə əqdin etibarlı sayılmasına dair bütün zəruri şərtlərə uyğun bağlanıb. Belə ki, məhkəmə tərəfindən bağışlama müqaviləsinin forma və məzmunu, tərəflərin iradə ifadəsi və sair kimi şərtlərdə etibarsızlığa dəlalət edən hallar müəyyən olunmadı. İddiaçı özü 16 il əvvəl həmin bağışlama müqaviləsinin bağlanmasına yazılı razılığını vermiş, və hətta onu təmsil edən nümayəndəsi də məhkəmədə iddiaçının baldızı ilə etibarlı, yaxşı münasibətlərinin olmasını bildirmişdir. Bu isə onu göstərir ki, bağlanmış müqavilə tərəflərin iradə ifadəsi əsasında bağlanıb. Mənzil nöbəsində olduğuna görə arvadının adına olan mənzili görünüş üçün baldızının adına keçirməsi fikri isə ümumiyyətlə məhkəmə üçün absurd sayılır. Belə ki, dediyinə görə “görünüş üçün” müqavilə bağlayaraq vətəndaşı olduğu dövlətin qarşısında nəyisə pərdələməyə çalışmaq və məhkəmədə bu fikri səsləndirməklə illər sonra həmin müqaviləni etibarsız hesab etdirərək artıq onun olmayan əmlakı geri qaytarmaq nə qanuni, nə də ədalətdli deyil. Bundan başqa,məhkəmə cavabdeh tərəfin əqdin etibarsızlığına dair Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddətin tətbiqinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tariхli Qərarında göstərilir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, əhəmiyyətsiz olduğu iddia edilən əqdin bir illik müdəti tətbiq edilərək rədd olunmasına dair əsaslar yoxdur, lakin qeyd olunan əqdin bağlandığı zaman zəruri etibarlılıq şərtlərinə riayət olunduğuna görə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusuna qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-424/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-424/2024
08.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver