Məhkəmə qərarları › İş №2(008)-4244/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4244/2022

19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4244/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun cavabdehlə birgə nikahdan xx.xx.2014-cü il təvəlüdlü X3 anadan olmuşdur. Sabunçu rayon məhkəməsinin xx.xx.2015ci il tarixli 2(008)-11345/2015 saylı qətnaməsinə əsasən nikah pozulmuş uşağın ananın yanında qalması qət edilmişdir. Bu günə kimi az yaşlı uşağın saxlanması üçün cavabdeh tərəfindən heç bir maddi dəstək olunmamışdır. Hal-hazırda uşağının bütün maddi xərcləri onun tərəfindən ödənilir. Hal-hazırda heç yerdə işləmir, maddi imkanı olduqca zəifdir və buna görədə uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Alimentin alınması ilə bağlı xx.xx.2022-ci tarixdə saat 10:30 radələrində Mediasiya sesiyasında cavabdehələ heç bir razılıq əldə olunmamışdır . Bu səbəbdən mediasiya sessiyasından sonra prossesi məhkəmə qaydasında davam etdirmək barədə qərar qəbul olunmuşdur. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə nikahımızdan anadan olmuş xx.xx.2014-cü il təvəlüdlü X1 üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onun aliment ödəməyə imkanı yoxdur. O İİ qrup əlildir və beynində şiş vardır. Yalnızca pensiya alır. Ondan da uşağa versə, özü öz dərmanlarını ala bilməyəcək. Onlar boşanan zamanı uşağın anada qalmasına onun üçün razılıq vermişdir ki, aliment ödəməsin. Əgər iddiaçı uşağı saxlmağa imkanı yoxdursa versin ona o özü saxlaya bilər. Bundan da əlavə bildirir ki, o uşağı görə bilmədiyi halda, uşağa görə ondan aliment tutulması düzgün deyil. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon qeydiyyat Şöbəsinin AZ İV seriyalı, 275426 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 250588 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. 097700 seriyalı vəsiqənin sürətindən görünür ki, Cavabdeh İİ qrup ümumi səbəblərdən əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nikah məhkəmənin qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahında doğulmuş uşağ anaın himayəsində saxlanmışdır. Lakin uşağn saxlanması üçün hər hansı bir aliment məbləği tutulmamışdır. Hazırda iddiaçı tərəflərin birgə nikahından doğulmuş övladının saxlanması üçün il öncə mediyasiya şürasına daha sonra isə məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabdehdən tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün aliment tutulmalıdır. Məhkəmə tutulmalı olan alimentin məbləğinə münsibət bildirərək qeyd edir ki, cavabdehin rəsmi iş yeri və ya aylıq gəlirləri barədə məlumat olmadığından və cavabdehin xəstəliyi nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən 193 manat tutulması cavabdehi ağır maddi vəziyyətə salmasına gətirib çıxara biləcəyi ehtimalını məhkəmə nəzərə almalı, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal ijra edilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar