Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4290/2022 22.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu Cavabdeh xeyrinə ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu ildə X8 və xx.xx.2013-cü ildə X12 adlı uşaqları anadan olmuşdur. 2013-cü ildə bir müddət cavabdehlə ailədaxili münasibətləri gərgin olduğundan, cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan 3-4 ay sonra ailəsi yenidən bərpa olunmuş və cavabdeh uşaqlarla onu evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixədək onlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsi, 15 saylı evdə ümumi təsərüfat aparmaqla birgə yaşamışlar. Uşaqları məktəbə, gimnastikaya o aparıb-gətirmişdir. Heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Cavabdeh işləmədiyindən, ailəsinin bütün bütün xərcləri onun üzərində olmuşdur. Qeyd olunan tarixdə ailələrində yaranan söz-söhbətə görə cavabdeh uşaqları ilə birgə evdən çıxıb getmişdir. Yalnız bundan sonra ona Xəzər Rayon İcra Şöbəsindən gələn bildirişdən məlum olmuşdur ki, onun cavabdehə 20.000 manat aliment borcu vardır. Hesab edir ki, həmin aliment borcu qanunsuz hesablanmışdır. Belə ki, həmin müddət ərzində cavabdehlə birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdehin həmin vaxtadək alimentlə bağlı icra şöbəsinə müraciət etməməsi buna sübutdur. Qeyd olunanlara əsasən, iddiaçı aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X17 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər daimi olaraq iddiaçının qeyd etdiyi ünvanda yaşamamış və birgə təsərrüfat aparmamışlar. Həmin müddət ərzində aralarında ər-arvad münasibətləri olmamışdır. Hesab edir ki, sadalananlar ərini aliment ödəmək vəzifəsindən azad etmir. Hazırda aralarındakı nikah rəsmi qaydada pozulmasa da, hüquqlarını təmsil etdiyi şəxs bununla bağlı iddia qaldırmış, iş məhkəmənin icraatındadır. Digər tərəfdən, cavabdehin valideynləri uşaqların maddi ehtiyaclarının qarşılanmasında yaxından iştirak etmişlər. O, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan biri qız, biri oğlan olmaqla iki uşaqları anadan olmuşdur. 2013-cü ildə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı iş üzrə İddiaçı hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, İddiaçı aliment öhdəliklərini icra etməmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan bir müddət sonra qayıdıb eyni evdə yaşasalar da, ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfat idarə etməmişlər. Hətta yeməkləri belə ayrıca olmuşdur. Valideynləri övladlarını hər zaman ərzaq, geyim, eləcə də, zəruri idman (gimnastika) ləvazimatları ilə təmin etmişdir. Anasının paltar mağazası olduğundan, özü və uşaqlarını geyim məhsulları ilə o təmin etmişdir. Həmin müddət ərzində İddiaçı övladlarına kifayət qədər qayğı göstərməmiş, onlara laqeyd yanaşmış, hətta qızları Duyğunun dünyaya gəlməsindən belə çox gec xəbər tutmuşdur. Uşaqları məktəbə, gimnastikaya o aparıb-gətirmişdir. xx.xx.2022-ci il tarixdə münasibətləri daha da kəskinləşdiyindən, oğlu İbrahimlə birlikdə valideynlərinin evinə getmiş, hazırkı vaxtadək orada yaşayırlar. Nikahın pozulması tələbinə dair qaldırdığı iddia hazırda məhkəmənin icraatındadır. O, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, İddiaçı onun oğludur. 2013-cü ildən xx.xx.2022-ci il tarixdək oğlu, həyat yoldaşı Cavabdeh və uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi G.Həsənov küçəsi 15 saylı evdə ümumi təsərüfat aparmaqla birgə yaşamışlar. Oğlu müəllim işləyir, aylıq gəliri 1000 manatdan, özünün ümumi gəliri isə 1600 manatdan artıq olmuşdur. Ev üçün ümumi bazarlığı o etmiş, oğlunun ailəsinə maddi köməklik göstərmişdir. Evlərində ayrı-seçkilik olmamışdır. Çox hallarda yeməyi həyat yoldaşı hazırlamış, İlahə uşaqları ilə birlikdə eyni süfrədən yemək yemişlər. Yəni bir evdə ayrı qazanlar asılmamışdır. Uşaqları məktəbə, həkimə onlar aparıbgətirmişlər. Qudasının mağazasının olmasını son zamanlarda bilmişdir, lakin ona məlumdur ki, qudası Bəhram Dərbənd şəhərində mal alıb satıb, ticarətlə məşğul olur. İlahənin valideynləri evlərinə mütəmadi olaraq gəlməmiş, gələndə isə, pay kimi nəsə alıb gətirmələri ailə-uşaq saxlamaq sayılmaz. Onların konkret olaraq, qızlarına və ya nəvələrinə pul yaxud yemək almalarından xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, o, İddiaçı əmisi oğludur. Turalgilə gündəlik baş çəkməsə də, 2018-2019-cu illərdə onların ailəsində sürücü kimi fəaliyyət göstərdiyi vaxtlarda tez-tez gedib-gəlmişdir. Ona görə də, Turalın ailəsini mehriban ailə kimi tanıyır. Həmçinin ona məlumdur ki, Turalın həyat yoldaşı ilə birbirlərinə qarşı münasibətləri yaxşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, İddiaçı qonşusudur. Turalı və ailəsini 2000-ci illərdən tanıyır. Həmin vaxtlardan mehriban qonşuluq münasibətlərində olmuşlar. Ona görə də, ona məlumdur ki, Cavabdeh hər zaman həyat yoldaşı və qayınatasıgillə eyni evdə - onlarla qonşuluqda qalmış, ata evinə gedib-gəlsə də, illərlə orada qalmamışdır. Həmin ailə kənardan hər zaman onda problemsiz, mehriban ailə təəssüratı bağışlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, İddiaçı iş yoldaşı olmuşdur. 4 ildir ki, birlikdə işləməklə, həmçinin yaxın dostluq münasibətlərində olmuşlar. Turalın dəfələrlə onun yanında həyat yoldaşı, uşaqları ilə telefon danışıqlarından ona məlum olmuşdur ki, ailəsinin xərclərini hər zaman Tural özü qarşılamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, Cavabdeh atasıgilin qonşusudur. Tərəflər 2010-cu ildə ailə qurmuşlar. 2012-ci ildə İlahə hamilə olduğu vaxt uşaq doğulana qədər atasının evində qalmışdır. Cavabdeh atasıgilə tez-tez gedibgəlmiş, hətta ərinin evinə qayıtdıqda ərzaq aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Cavabdeh 2012-ci ildən tanıyır. Uşaqları birlikdə gimnastika hazırlıqlarına gedirlər. İlahənin uşağını gimnastikaya gah anası, gah atası gətirmiş, ödənişlərini hər zaman anası İlahə etmişdir. Onların ailəsində problem olduğunu sonradan öyrənmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulan X8 bildirdi ki, əvvəllər atası ilə birgə yaşamış, lakin son zamanlar anası ilə birlikdə ana babasının evində yaşayır. Atası və bacısı ilə danışmır, çünki atası ona anasının pis olduğunu demişdir. Paltarları ona ana nənəsi gətirmişdir. Məktəbə isə atası və Bəhram babası aparmışdır. 8 il Mərdəkan qəsəbəsində yaşamışlar, lakin keçən ildən anası ilə birgə Zabrat qəsəbəsində yaşayır. Atası ilə yaşadığı vaxtlarda atası ilə bir yerdə yemək yeyirdilər. Atasının münasibəti ona qarşı pis olduğu üçün atası ilə görüşmək istəmir. Atası Koreyada olduğu vaxt onları anası saxlamışdır. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulan X12 bildirdi ki, hal-hazırda atasının yanında qalır. 2-3 ildir ki, gimnastika ilə məşğuldur. Müəllimələri ilə əlaqəni anası saxlamış, sonuncu yarışa da anası ilə getmişdir. İdman avadanlıqlarını anası almış, Mərdəkanda qaldıqları vaxt atası aparıb-gətirmişdir. Atasının yanında qalmağı özü istəmişdir. Mərdəkanda anası və qardaşı ilə bir yerdə qalmış, atası isə ayrı qalmışdır. Paltarlarını atası alır. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin aliment borcunun hesablanması haqqında qərarından görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən qalıq aliment borcu xx.xx.2022-ci il tarixə 20.000 manat təşkil edir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-941/2012 qətnaməsindən görünür ki, X3 və X6 yetkinlik yaşlarınadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 93 manat, cəmi 186 manat, həmçinin uşaqların 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqinə əsasən X3 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93 manat, cəmi 186 manat alimentin tutularaq Cavabdeh ödənilməsi, həmçinin uşaqlar 3 yaşına çatanadək İddiaçı hər ay 50 manat alimentin tutulması qət edilmişdir. - xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, tərəflər arasında barışıq olduğu üçün Cavabdeh aliment tələbindən imtina etmişdir. - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Bakı şəhər Xəzər rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1094 saylı məktubdan görünür ki, xx.xx.2013-cü il tarixli 2(008)-1110/2013 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqında uyğun olaraq 1019.21 manat məbləğində tutulma icra olunaraq, X2 hesabına köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh adına İddiaçı tərəfindən 1019.21 manat pul köçürülmüşdür. - Doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahından X11 və X15 adlı övladları doğulmuşdur. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu təqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə tərəflərin nikahının pozulması və uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Ona görə də, tələbkar Cavabdeh ərizə ilə müraciət edərək, aliment tələbinin olmadığını qeyd etmişdir. Yəni, göstərilən müddət ərzində Cavabdeh aliment tələb etməməsi, habelə məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadələri ona dəlalət edir ki, tərəflər və uşaqları birlikdə eyni evdə yaşamışlar və birlikdə yaşadıqları müddətdə iddiaçı valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Cavabdehin valideynlərinin cavabdehin övladlarına, yəni öz nəvələrinə geyim, qida və digər məhsullar alması, iddiaçının uşaqlarını saxlamaq öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının aliment borcunun silinməsi barədə iddiası əsaslıdır, ona görə də, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)- 1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu Cavabdeh xeyrinə ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4290/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4290/2022
22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver