Məhkəmə qərarları › İş №2(008)-4311/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4311/2021

25.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4311/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehlər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək 29.03.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Məhkəmə Cavabdeh2 ikinci cavabdeh qismində işə cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında işgüzar münasibətlər, biznes əlaqələri mövcud olmuş, Cavabdeh2 iddiaçının təsisçisi olduğu "xxxx" MMC-nin qeyri-rəsmi şəriki olmuş, eyni zamanda iddiaçnın yaxın qohumu olmuşdur. Lakin, sonradan aralarında məhkəmə mübahisələri yaranmışdır. Belə ki, Cavabdeh2 "xxxx" ASC-nin sahiblərindən biri idi. Buna görə də, onun təşkilatçılığı ilə "xxxx" ASC "xxxx" MMC-yə 451 500 manat məbləğində kredit vermişdir. Onlar birlikdə "xxxx"-u işlətmişdilər. "xxxx" MMC-dən gələn gəlirin 50%-ni Cavabdeh2 götürmüşdür. Həmçinin Cin-Telekom” MMC-nin Azərbaycan Beynəlxalq Bankına olan 500 000 manat kredit borcunu da Cavabdeh2 "xxxx" MMC-nin şəriki olduğu üçün özü şəxsən iddiaçının razılığı olmadan "xxxx" ASC-dən ödəmiş, həmin ödənişi "xxxx" MMC-nin "xxxx" ASC-dən kredit götürməsi kimi rəsmiləşdirmişdir. Lakin, sonradan həmin krediti banka qaytarmaqda çətinlik çəkdiklərinə görə qeyd olunan məbləğlər Cavabdeh2 verdiyi zəmanət məktubuna əsasən onun depozit hesabından silinmişdir. Halbuki, nə iddiaçı ilə, nə də "xxxx" MMC ilə Cavabdeh2 arasında onun tərəfindən zəmanət məktubunun verilməsi barədə hər hansı bir razılaşma mövcud olmamışdır. Bütün bunları o özü "xxxx" MMC-nin şəriki olduğu üçün etmişdir. Həmin məsələ Bakı Apellyasiya Məhkəməsinin 05.09.2014-cü il tarixli qətnaməsində də öz əksini tapmış, həmin məhkəmənin də mövqeyi belə olmuşdur ki, Cavabdeh2 zəmanət məktubu verə bilməzdi. Lakin, ortada kredit sənədləri olduğu üçün Nəsimi rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarına əsasən "xxxx" MMC-dən, iddiaçıdan və X2 müştərək qaydada 951 530 manat məbləğində pulun ona ödənilməsi qət edilmişdir. Həmin işə Ali Məhkəmədə baxılarkən arada olan qohumluq münasibətlərinə görə Cavabdeh2 ilə iddiaçının arasında 19.07.2015-ci il tarixli Barışıq Sazişi bağlanmış və göstərilən məhkəmə işinə xitam verilmişdir. İddiaçı həmin Barışıq Sazişini formal hesab etmiş, çünki Cavabdeh2 bildirmişdir ki, “narahat olma bu Sazişi məhkəmədə işə xitam vermək üçün tərtib etmişik”. Hətta, Cavabdeh2 həmin Sazişin nə əslini, nə də surətini iddiaçıya vermişdir (Barışıq Sazişin surətini notariusda 07.05.2021-ci il tarixdə icra qeydinin surətini götürürən zaman almışdır). Barışıq Sazişindən 6 ilə yaxın müddət keçəndən sonra iddiaçıdan 951 530 manat məbləğində pulun tutulması barədə cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 29.03.2021-ci il tarixli icra qeydi verilmişdir. Cavabdeh icra qeydi verərkən iddiaçının hansı ünvanda yaşadığını və qeydiyyatda olduğunu, niyə bu məsələnin 6 ilə yaxın müddətdə gündəmə gəlməməsini, bu 6 il müddətində Cavabdeh2 tərəfindən pulun istənilib-istənilməməsini, həmin barışıq sazişi ilə bağlı mübahisənin olub-olmamasını, icra qeydinin verilməsi üçün müddətin keçib-keçmədiyini araşdırmamışdır. İcra qeydi müddət keçdiyindən sonra verimişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərk, qeyd etdi ki, barışıq sazişi bir əqddir və həmin əqddə məbləğlərin tələb edilməsini müddətlərə bölmək düzgün deyil. hesab edir ki, icra qeydi vaxtında verillib və ləğv edilə bilməz. 21 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin vəkili və nümayəndəsi Nümayəndə izahat verərək, qeyd etdi ki, icra qeydi Nazirlər Kabinetinin qərarı əsasında aparılır, bu günə qədər məhkəmələrdə icra qeydi ləğv edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.04.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin olunaraq, cavabdehlər "xxxx" MMC, İddiaçı və X2 müştərək qaydada ümumlikdə 951 500 manat məbləğində pulun ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.09.2014-cü il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə ləğv edilib, yeni qətnamə qəbul edilsə də, nəticə etibarı ilə "xxxx" MMC, İddiaçı və X2 müştərək qaydada 951 500 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Sonradan Cavabdeh2 ilə İddiaçı arasında 19.06.2015-ci il tarixdə notarial qaydada barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən: Cavabdeh2 adıçəkilən qətnamələrin ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı 451500 manat məbləğində pulu məhkəmə qətnamələrinin icraatına xitam verildiyi gündən bir il ərzində tam şəkildə Cavabdeh2 ödəməyi üzərinə götürmüşdür. İddiaçı 01.04.2018-ci il tarixədək imkan etdikcə Cavabdeh2 əlavə olaraq 500000 manat məbləğində pulu verəcəyi öhdəsinə götürmüşdür. 500000 manatın İddiaçı tərəfindən tam şəkildə və 01.04.2018-ci il tarixədək icra edə bilməyəcəyi təqdirdə Cavabdeh2 ona əlavə vaxt verəcəyini, danışıqlar yolu ilə məsələnin həll edəcəyinə söz vermişdir. Barışıq sazişi təsdiq olunandan sonra Cavabdeh2 01.07.2015-ci il tarixdə Ali Məhkəməyə ərizə göndərərək iddiadan imtina etmişdir. Ali Məhkəmənin 07.07.2015-ci il tarixli Qərarı ilə onun imtinası qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.09.2014cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 29.03.2021-ci il tarixdə 01.04.2018-ci il müddət üçün vaxtında ödənilməmiş 951530 manatın tutulmasına dair icra qeydi verilmişdir. Hazırda iddiaçı həmin icra qeydinin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə müəyyən etmişdir ki, icra qeydi aparılan barışıq sazişində iki əqd öz əksini tapmışdır: 451500 manat məbləğində pulun ödənilməsi barədə; 500000 manat məbləğində pulun ödənilməsi barədə. 451500 manat məbləğində pulun ödənilməsi məhkəmə qətnamələrinin icraatına xitam verildiyi gündən bir il ərzində nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Ali Məhkəmənin 07.07.2015-ci il tarixli Qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Beləliklə, 451500 manatın ödənilməsinin son tarixi 07.07.2016-cı il olmalı idi. Məhkəmə hesab edir ki, bu əqd üzrə iddia müddəti 07.07.2019-cu il tarixdə bitmişdir və bu əqd üzrə 2021-ci il tarixdə icra qeydi verilə bilməzdi. İcra qeydində göstərilən «01.04.2018-ci il müddət» yalnız 500000 manatın ödənilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 29.03.2021-ci il tarixli icra qeydi 451500 manatın tutulması hissəsində ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 30 manat hissədə də icra qeydi ləğv edilməlidir. Belə ki, həmin 30 manat barəsində tərəflər arasında hər hansı bir razılaşma mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli icra qeydi 451530 manatın tutulması hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar