Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4312/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ümumi 160.000 (yüz altmış min) manat zərərin əvəzini onun ikidə birindən çox olmayaraq, yəni 70.000 (yetmiş min) manat həcmində cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Əli oğlundan ünvan 1 ünvanında yerləşən 267.1 m2-lik qeyri-yaşayış sahəsini 15 mart 2018-ci ildə alqı-satqı müqaviləsi ilə almışdır. Bu sahə iddiaçının şəxsi mülkiyyətində olduğunu təsdiq edən ÇİXARİŞ mövcuddur. Lakin beş il müddət keçməsinə baxmayaraq hələ də cavabdeh obyekti təhvil verməkdən imtina edir. O, əvvəl alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi ilə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsinin 2(006)-841/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsilə iddia təmin edilməyib. Sonra da o, bu qətnamədən Apellyasiya şikayati verib. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(103)- 5351/2021 nömrəli qətnaməs ilə şikayət təmin edilməyib. Sonradan bu qətnamədən kassasiya şikayəti verilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1942/2022 nömrəli Qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş və Apellyasiya Məhkəməsinin 2(103)-5351/2021 nömrəsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlardan sonra Sabunçu Rayon Məhkəməsi iddiaçının “zəbt olunmuş sahənin boşaldılması, maddi (borc) və mənəvi zərərin tutulması tələbinə” dair iddiası qismən təmin edilərək, zəbt olunmuş sahənin boşaldılması barədə xx.xx.2022ci il tarixli 2(008)-200/2022 nömrəli qətnamə qəbul etmişdir. Cavabdeh bu qətnamədən Apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6865/2022 nömrəli Qətnaməsilə şikayəti təmin edilməmişdir. Verilmiş kassasiya şikayəti də süni olaraq zəbt olunmuş sahəni boşaltmaq üçün qəbul edilmiş qətnamənin qanuni qüvvəyə minmək vaxtını uzatmaqla maşğul olmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(102)-1271/2023 nömrəli Qərarı ilə Kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanıldı. Mərdəkan qəsəbəsi üzrə qeyri-yaşayış sahəsinin hər bir m2-na bazar qiymətilə aylıq icarə haqqı minimum 10 (on) manat üzərində olduğunu nəzərə alsaq, 267 m2 üçün bu rəqəm aylıq 2670 (iki min altı yüz yetmiş) manat, bir il üçün 32.000 (otuz iki min) manat, beş il üçün 160.000 (bir yüz altmış min) manat təşkil edir. İddiaçı “Xətai Əmlak” Agentliyinin icarə haqqının qiymətləndirməsi haqda arayışı iddia ərizəsinə əlavə etmişdir. Məhkəmədən vurulmuş 160.000 (yüz altmış min) manat zərərin əvəzini onun ikidə birindən çox olmayaraq, yəni 70.000 (yetmiş min) manat həcmində cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 kv sahə X1 6 (altı) ay müddətinə aylıq 200 (iki yüz) manata icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 10 kv sahə X2 6 (altı) ay müddətinə aylıq 200 (iki yüz) manata icarəyə verilmişdir. İş materiallarında olan seriya RX ******* nömrəli Çıxarışın surətinə əsasən ünvan 2 ünvanı xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun maddəsindən də göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 2 ünvanının mülkiyyətçisi olsa da, cavabdehin təqsirli hərəkətləri nəticəsində öz mülkiyyətçi hüquqlarını həyata keçirdə bilməmişdir. Belə ki, o qeyd olunan sahəni icarəyə verməklə gəlir əldə edə bilərdi ki, məhkəmə bunu əldən çıxmış fayda kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir İş materiallarında olan xx.xx.2023-cü il tarixli icarə müqavilələrinə qiymət verərək hesab edir ki, qeyd olunan sahə iddiaçının mülkiyyətinə vaxtında verilsəydi, o bu sahəni icarəyə verməklə kifayət qədər gəlir əldə edə bilərdi. Belə olduğu halda, maddi ziyan hissəsində yəni əldən çıxmış fayda olaraq iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, Cavabdeh 5000 manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın tutulması hissəsində qismən təmin edilərək, Cavabdeh 5000 (beş min) manat pul tutularaq iddiaçıya İddiaçı ödənilməlidir. Maddi ziyan hesablanması ilə bağlı məhkəmə hesab edir ki, 2018-ci il tarixdən 2023-cü ilə kimi keçən beş il ərzində iddiaçıya dəymiş ziyan yəni onun həmin sahədən istifadə etməsi və ya onu icarəyə verməklə gəlir əldə etməsi ehtimalını nəzərə alaraq 5000 manat zərərin ağılabatan məbləğ olduğu qənaətinə gəlirş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat dəymiş zərər və 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4312/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4312/2023
18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver